Rusiyalı pulmonoloq: Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi fərəh doğurur

Rusiyalı pulmonoloq: Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi fərəh doğurur

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi fərəh doğurur.

AZƏRTAC xəbər verir ki, bu barədə rusiyalı həkim-pulmonoloq Aleksandr Averyanov AzTV-nin efirində bildirib.

A.Averyanov deyib: “Azərbaycanın səhiyyə sistemi və ölkədə çalışan mütəxəssislərin hazırlıq səviyyəsi barədə məndə çox xoş təəssürat yaradıb. Biz bir neçə klinikada olduq. Belə başa düşürəm ki, bunlar müxtəlif klinikalardır, ən nüfuzlu və ən qabaqcıl olmayan, adi xəstəxanalardır. Deməliyəm ki, təchizatın səviyyəsi, - hər halda reanimasiya şöbələrində - tərifəlayiqdir. Bir misal çəkim. Klinikaların birində biz bir dəqiqədə 60 litrədək oksigen generasiya edən xüsusi cihazlara ehtiyacın olduğunu dedik. Bu cihazlar sayəsində pasiyent ağciyərlərin süni havalandırılmasından yaxa qurtara bilər. Bu gün biz ağır vəziyyətdə olan pasiyenti müayinə etmək üçün yenidən həmin klinikaya gəldik. Xəstə artıq fasiləsiz oksigen axını aparatına qoşulmuşdu”.

Averyanov qeyd edib ki, bu, dərman preparatlarına da aiddir.

Rusiyalı pulmonoloq deyib: “Məsələn, bilirik ki, Rusiyada koronavirusun müalicəsi üçün famperaver adlı dərman istehsal etməyə başlayıblar. Lakin o, bizə gəlib çatmayıb. Dünən axşam biz əlimizdə Saransk zavodunun istehsalı olan bu dərmanı tutanda çox təəccübləndik. Bu dərman Azərbaycanda var, Moskvada, bizim klinikamızda və nümayəndə heyətimizin digər üzvlərinin təmsil etdikləri klinikalarda isə yoxdur. Mən hətta onu da bilirəm ki, 2015-ci ildə Ebola qızdırmasının müalicəsində tətbiq edilən və böyük ümid bəslənilən erindozevir preparatı ilə təchizat barədə artıq müqavilə bağlanılıb və bu dərman Azərbaycana göndərilib. Bu dərman reanimasiya şöbələrindəki ağır pasiyentlər üçündür. Bunu yalnız arzulamaq olar. Məsələn, Avropada bu preparat hələ ki, yoxdur”.

Mənbə: azertag.az