Koronavirusun sonsuzluq törətdiyi iddialarına həkimlərin reaksiyası...

Koronavirusun sonsuzluq törətdiyi iddialarına həkimlərin reaksiyası...

Yarım ildən artıqdır ki, koronavirus infeksiyası dünya insanının sağlamlığını təhdid altında saxlayır və yüzlərlə insan bu virus üzündən həyatını itirib. Koronavirusun insanların ağ ciyərlərini və immun sistemini hədəfə aldığı məlumdur. Mütəxəssislər qeyd edirlər ki, bu xəstəlik ilk olaraq insanlarda immunitetin kəskin şəkildə zəifləməsinə, daxili orqanların sıradan çıxmasına, hətta bəzi duyğu orqanlarının öz funksiyasını itirməsinə səbəb olur.

Bütün bunlarla yanaşı, virusla bağlı yeni iddialar da gündəmə gətirilib. Bu gün dünya tibb elmində ən çox müzakirə edilən məsələlərdən biri koronavirus infeksiyasının kişilərdə və qadınlarda sonsuzluq yaradıb-yaratmamasıdır. Bir çox Avropa, Qərb, Rusiya alimləri iddia edirlər ki, koronavirusa tutulan kişi və qadınları qarşıda sonsuzluq kimi ağır bəla gözləyir. Yəni virus insanlarda sonsuzluğa da səbəb ola bilir. Bəzi alimlər isə bunun hələ elmi cəhətdən təsdiqlənmədiyini, ortada heç bir elmi təcrübə nümunəsi olmadığını əsas gətirərək iddiaları inkar edirlər.

Bu gün koronavirusun sonsuzluğa səbəb olması ilə bağlı səsləndirilən iddialar insanları çox ciddi şəkildə narahat edir. Sözsüz ki, bu məlumat Azərbaycan insanını da əndişələndirməyə bilmir.

Koronavirus sonsuzluğa səbəb ola bilərmi?

Rəyini soruşduğumuz Azərbaycan həkimləri, uroloq və androloqlar bu barədə fərqli düşünür.

Leyla Bayramlı: “Koronavirusa tutulan insanda nə vaxtsa ağ ciyər xərcəngi xəstəliyi yarana bilər, amma onun sonsuzluq yaratmasına dair, hələ ki, dəqiq məlumatlar yoxdur”

7 saylı poliklinikanın həkim-terapevti Leyla Bayramlı baki-xeber.com-a bildirdi ki, koronavirus sonsuzluq kimi təhlükəli halın yaranmasına malik olan bir xəstəlik kimi hələ təsdiqlənməyib. Bu baxımdan da, onun sonsuzluğa səbəb olmasını 100 faiz iddia etmək çətindir:”Bu məsələ son günlər gündəmə gətirilib, dünyanın bəzi alimləri hesab edir ki, bu virus sonsuzluğun yaranmasında birbaşa iştirak edir, bəziləri isə bunun tam əksini söyləyir. Bildirirlər ki, virusun müalicəsi zamanı xəstənin qəbul etdiyi dərmanlar onun ümmunsistemini daha da gücləndirir, başqa xəstəliklərin təsirini azaldır. Bütün bunlar hələ ki, iddialardır. Konkret olaraq koronavirusun sonsuzluq yaratmasına dair hər hansı bir faktla rastlaşmamışam. Amma onu bilirəm ki, koronavirus ağ ciyərdə fibroz yaradır, bərkimələrə səbəb olur, bu virusdan sağalan adamlarda uzunmüddətli tənginəfəslik yaranır. Hətta bəzi iddialara görə, koronavirusa tutulan insanda nə vaxtsa ağ ciyər xərçəngi ola bilər, amma onun sonsuzluq yaratmasına dair, hələ ki, dəqiq məlumatlar yoxdur”-deyə L.Bayramlı qeyd etdi.

Araz Bayramov: “Koronavirus birbaşa sonsuzluğa səbəb ola bilmir, amma immunsistemi salmaqla, infeksion xəstəlikləri yaymaqla sonsuzuluğun yaranmasına müəyyən qədər təkan verə bilər”

Tanınmış uroloq və androloq, Uzman.Dr Araz Bayramovun fikrincə isə, koronavirusun sonsuzluğa müəyyən qədər səbəb olması istisna edilmir, amma bu, hələ ki, təcrübədə öz təsdiqini tapmayıb. “Ümumiyyətlə, koronavirus insan orqanizmində immuniteti aşağı salır, zəiflədir. Bu gün bu virusun orqanizmə fəsad verməsinə səbəb də infeksiyanın orqanizmdə yayılmasıdır. Koronavirus birbaşa sonsuzluğa səbəb ola bilmir, amma immunsistemi salmaqla, infeksion xəstəlikləri yaymaqla və sairlə sonsuzuluğun yaranmasına müəyyən qədər təkan verə bilər. Amma bu virusun kişi və qadınlarda sonsuzluğun yaranmasına təsiri yüz faiz deyil. Hələ ki, bütün bunlar bir ehtimaldır və elmi cəhətdən öz təsdiqini tapmayıb”-deyə A.Bayramov qeyd etdi.

Rəyini soruşduğumuz mütəxəssislərdən biri koronavirusun sonsuzluğa səbəb olmasına dair heç bir fakta malik olmadığını, digəri isə, yüz faiz olmasa da, müəyyən qədər təsir etdiyini vurğuladı.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com