Virusdan qorunmaq, immuniteti gücləndirmək üçün dərman lazım deyil?

Virusdan qorunmaq, immuniteti gücləndirmək üçün dərman lazım deyil?

"Aylardır həyat tərzimizi dəyişdirən COVID-19 infeksiyası ilə bağlı bəzi mənbələrdən gələn məlumatlara əsaslanaraq əldə etdiyiniz virus əleyhinə dərman vasitələrini istifadə etməyin".

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb. Həkim bildirib ki, "Tamiflu", "Arbidol", eləcə də onların bənzəri olan digər vasitələr koronavirusa qarşı təsdiqlənmiş təsirə malik deyillər: "Xahiş edirəm, təşvişə düşüb orqanizminizi boşuna zəhərləməyin. Xüsusən "profilaktika" məqsədilə bu kimi təsirsiz dərmanları istifadəsi cəfəngiyyatdır. Çox diqqətli olun. Unutmayın ki, dünya uzrə COVID-19 infeksiyasına qarşı istifadə olunan bütün dərmanlar sadəcə, eksperiment xarakterini daşıyır".

Həkim-anestezioloq Şahin Məmmədov da "Arbidol", "Kaletra", "Tamiflu" kimi dərmanlarının virusa qarşı əhəmiyyətinin olmadığını bildirib: "Bunların heç bir müsbət effekti sübuta yetirilməyib. Hazırda COVID-19-a qarşı heç bir preparat icad edilməyib.

Amma virusu ciddiyə alın. Çalışın yoluxmayın! Çünkü siz yoluxduqdan sonra virusu əlavə xəstəlikləri olan, yaşlı insanlara keçirə bilərsiz, onlar xəstəliyi ağır keçirə bilər. Maska çağırışını mən bunun üçün edirəm. Sosial məsafəni qoruyumağınızı da o 10 % insana görə xahiş edirəm".

Həkim apteklərdə C vitamini, sink tapılmaması barədə deyilənlərə münasibət bildirərək deyib ki, bunları aptekden almağa heç ehtiyac da yoxdur: "Çünki əvvəla satılan C vitamini sintetikdir. İkincisi, zatən sizə yüksək doza lazım deyil. Vitamin C və sink immuniteti artırmır. Sadəcə, bunların çatışmazlığı yaranmasın. Artıq doza tamamilə mənasızdır. Çatışmazlığın qarşısını təbii vasitələrlə almaq daha məsləhətdir. Təbii C vitamini mənbələri ən çox brokkoli, gül kələm, limon, digər sitrus meyvələri, çiyələk, kartof və pomidordur. Profilaktik məqsədlə sinki də aptekden almayın. Yüksək dozada sinkin heç bir əhəmiyyəti yoxdur. Ən güclü təbii sink mənbəyi ətdir. Ət, toyuq, balıq və süd məhsulları-qatıq, süzmə, kəsmik, pendirdir. Vegeterianlar lobya, badam, qoz findıq, paxla ilə sink ehtiyaclarını ödəyə bilər".

Milli.Az

Mənbə: news.milli.az