Cahangir Əsgərovun milyonluq mülkləri - FOTOLAR

“Gürcüstanın Batumi şəhərindəki "Grand Gloria" (Böyük Qələbə) otelinin Cahangir Əsgərovun ailəsinə məxsus olduğu heç kimə sirr deyil. Amma bu faktı sənədlərlə bir daha diqqətə çatdırmaq istəyirəm. Gürcüstan Ədliyyə Nazirliyindən əldə olunmuş reyestr çıxarışına görə 31 milyon dollar investisiya dəyəri olan "GRAND GLORİA" oteli 2010-cu fevralın 16-da Tiflisin Krtsanisi rayonu, Gorgasali küçəsi 3 hüquqi ünvanında qeydiyyatdan keçmiş GLORİA LLC-nin mülkiyyətindədir. Qeydiyyat sənədlərinə (404379338 saylı lisenziya) görə nizamnamə kapitalı 3.393.000 lari olan şirkətin 50,76 faizi AZAL prezidentinin arvadı Zərifə Həmzəyevaya, 24,62 faizi qızı Cəmilə Əsgərovaya, qalan 24,62 faizi isə digər qızı Məlahət Əsgərovaya aiddir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib.

 

C.Həsənli qeyd edib ki, "Grand Gloria"nın idarəçiliyi Türkiyə vətəndaşı MURAT TANSU-ya həvalə olunub: “168 otaqlı otelin 100-dən artıq personalı var. Gürcüstan hökumətinin ilk başdan Əsgərovlar ailəsi qarşısında qoyduğu şərtə görə, otelin tikintisi (200 nəfər işçi çalışıb) və idarəçiliyində işçilərin 90 faizi Gürcistan vətəndaşları olmalıdır. GLORİA LLC-nin saytında - http://gloria.ge/en/home - yer alan məlumatlara görə paytaxt Tiflisdəki "TİFLİS PALACE" oteli də AZAL şefinin ailəsinə məxsusdur. Zərifə Həmzəyeva (özünün Zaya adlandırılmasını xoşlayır) və qızları həmçinin Tiflisin Vakhtang Gorgasali küçəsi 3-də yerləşən "TİFLİS VERANDA" restoranının sahibidirlər. Batumidə, Konstantin Qamsaxurdia küçəsi 8-də, Acarıstan Konstitusiya Məhkəməsi binasının arxasında yerləşən GOLDEN PALACE BATUMİ HOTEL və eyni adlı kazino da AZAL şefinin ailəsinə məxsusdur. Otel əvvəlcə Zərifə Həmzəyevanın mülkiyyətində olub, sonradan GLORİA LLC-nin idarəçiliyinə keçirilib. Cahangir Əsgərovun qızlarının Londonda da şirkətləri var və təkcə GAZELLI ART HOUSE LIMITED-in aktivlərinin həcmi 31.495.464 funt sterlinq və ya 41 milyon dollardır (1 oktyabr 2018-ci il məlumatı). Dünyanın ən bahalı aviaşirkətlərindən olan AZAL 2018-ci ili 208 milyon manat "zərərlə" başa vurub, hər il dövlət büdcəsindən bu şirkətə külli-miqdarda dotasiya ayrılır”.

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə və Britaniya azad ticarətin qapılarını açır

SONRAKI XƏBƏR

İngiltərə Premyer Liqası: “Liverpul”-“Börnli” qarşılaşması heç-heçə başa çatıb