Çəhrayı gölün suyu o qədər duzludur ki…

Yer kürəsi sirr və sürprizlərlə zəngindir. Bizim planetdə açıq çəhrayı rəngə çalan göllərin olduğunu bilirsinizmi? Belə qəribə göllərin biri Qərbi Afrika ölkəsi olan Seneqalda yerləşir. Bu qəribə möcüzəni hər yerdə görə bilməzsən. Adama elə gəlir ki, kimsə gölün dibinə səliqə ilə zərif pion ləçəkləri döşəyib. Gölün suyu o qədər duzludur ki, burada yalnız bu rəngi yaradan mikroorqanizmlərin bir növü yaşaya bilir.

Yerli sakinlər bütün gün ərzində gölün dibindən duz qalaqları çıxarır. Bu iş çox çətin olsa da, artıq insanlar buna alışıblar. Bəs bu göl özündə hansı sirləri gizləyir? Göldəki suyun rəngi duzla zəngin məhlulda yaşaya bilən mikroorqanizmlərin sayəsində yaranıb. Bundan başqa, suda duzun miqdarının həddindən artıq çox olması səbəbindən burada nə yosunların, nə də balıqların yaşaması üçün münasib şərait yoxdur.

Burada suyun duzluluğu Ölü dənizdəkindən 1,5 dəfə çoxdur və litrə 380 qram təşkil edir. Dunaliella salina adlanan mikroorqanizmi gölün qeyri-adi rəngini elmi nöqteyi-nəzərdən araşdırmağa çalışan mikrobioloq Bernard Oliver kəşf edib. Bu mikroorqanizm günəş şüalarını udaraq lil piqmenti ifraz edir. O, tərkibində qırmızı b-karotin piqmenti olan mikroskopik, hərəkət edən birhüceyrəli yosunlardır.

Təbiətin belə möcüzələrindən biri də Krımda, Opuk burnunda yerləşən Opuk gölüdür. Çəhrayı su hövzəsini Qara dənizdən təbii qum bəndi ayırır. Ümumi sahəsi 500 hektara qədər olan Opuk gölünün orta dərinliyi bir metrdən də azdır. Hava həddən artıq isti və quraq keçdikdə Opuk gölü tamamilə quruyur, daşların və çöl bitkilərinin üzəri isə duz kristalları ilə örtülür. Bu göldə digər bir "rəngsaz" - Artemia xərçəngi yaşayır. Bu xərçəngin çoxsaylı koloniyaları gölü incə rənglə bəzəyir. Artemia xərçənginin rəngi onun qidasından və suda həll olmuş havanın miqdarından asılı olur və yaşıldan parlaq-qırmızıya qədər dəyişə bilir.

Bizim planetdə səkkiz iri çəhrayı göl var. Hiller gölü, Hatt Laqunası, Çəhrayı göl, Kvayradinq Çəhrayı gölü (Avstraliya), Retba gölü (Seneqal), Torrevieha Duzlu gölü (İspaniya), Tozlu çəhrayı göl (Kanada), nəhayət Masazır gölü (Azərbaycan) - planetimizin gözəl inciləridir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

AMEA-nın sektor müdiri rəssamı təhqir etdi - FOTOFAKT

SONRAKI XƏBƏR

"Xəstəliyin gedişində enmə- qalxmalar olur, birinci dalğa davam edir" - AÇIQLAMA