Dəbdəbəli bağlarında sıxılan “ağlar”ın məsləhəti ilə Türkiyəyə hava yolu açılıb

Dəbdəbəli bağlarında sıxılan “ağlar”ın məsləhəti ilə Türkiyəyə hava yolu açılıb

Sabah 4 milyonluq həbsxanadakı məhbusların bir hissəsi ağzına qədər dolu avtobuslara minib işə gedəcək. “Çörək dalınca” düşəcəklər, amma özlərini və yaxınlarını yoluxduracaqlar...

Aygün Muradxanlı

"Facebook"da Azərbaycan mənzərəsi:

- COVİD həyatı artıq dözülməz edib. 5 aylıq karantinin nəticəsi yoxdur. Yoluxma sayı 600-lərə gedir;

- 4 milyon insan Bakıda həbsdədir;

- Həyətsiz evlərdə yaşayanların çox ciddi oksigen problemi var. İnsanlar evlərində sudan çıxmış balığa dönüblər;

- Dəniz kimi sərvət, oksigen qaynağı “ağ adam”lar üçündür - Bakıda məhdudiyyət hamıya aiddir, amma quzey tərəfdəki sahil zolağı pulu olanlara açıqdır;

- Dəbdəbəli bağlarında da sıxılan “ağlar”ın məsləhəti ilə hökumət Türkiyəyə hava yolunu açıb. 2 AZAL, 4 THY uçağı həftədə 6 gün onları Türkiyənin cənnət tətil kəndlərinə daşıyır. Çoxları sentyabra qədər orda qalmağı planlaşdırır.

- Alqı-satqı saytlarında qiyməti 500 mindən yuxarı bağların sayı saatbasaat artır. Məmurlar əmlakdan qurtulmaq istəyir, anlaşılan;

- “Rayonlara getmək mümkün deyil” deyilir, amma postu keçən keçir. Onları buraxanlar karantin dönəmində səhlənkarlığa görə məsuliyyət daşımır, amma rayonlarda qarşısında Bakı nömrəli maşınlar görünən ev sahiblərinə 1000-2000 manat cərimə yazılır. Yəni Türkiyədə dincəlmək olar, Şamaxıdakı evinə getmək olmaz;

- Rayonlarda meyvəni mal-heyvana tökürlər çarəsizlikdən, Bakıda meyvə-tətəvəz bazarı “yanır”, çünki Bakıya meyvə gətirmək üçün 7 qapıya pul verməlidi fermer.

- Polis polis olalı belə zülm görməyib. Bu istinin altında, ağır ayaqqabısı diqqət çəkən uniformada küçələrdə sms-siz vətəndaş ovlayırlar;

- Virtual dünyada rusların, ermənilərin və bir qism azərbaycanlıların Aya Sofya ağlaşması hələ dinməyib;

- Keçmiş Nizami İH başçısının varidatından sonra Sabunçu İH başçısının varidatının siyahıya alındığı xəbərləri gəlir;

- Sosial böhran elə dərinləşib ki, artıq insanlar bu cəhənnəm istisində kondinsioner də yandıra bilmirlər. “İşıqçı”lar borca görə elektriki kəssələr çətin olacaq;

- Kür quruyur. Hökumətin Ermənistana SES bağışlaması Muğanı, Aranı Kərbəlaya döndərib;

- Dərman bazarında sui-istifadə mənəvi-ekoloji tarazlığı pozur - söyüş, qarğış “salam”dan çox işlənir;

- Hər kəs çıxış yolu axtarır, amma heç kim evindən çıxa bilmir;

- Hökumətin başı “tibb legionerləri” məsələsinə qarışıb. Kubadan sonra, Rusiyadan həkim-ekspertlər çağırılıb;

- Həyat dözülməzdir. 85 faiz belə yazır. Çünki idarəetmə xalqın güzəranından XƏBƏRSİZDİR!!! Ona görə bütün qərarlar tərs effekt verir;

- Bu gedişlə payızda havasızlıq və depressiyadan xəstəlik, intihar saylarının artacağı gün kimi aydındır;

- Sabah 4 milyonluq həbsxanadakı məhbusların bir hissəsi ağzına qədər dolu avtobuslara minib işə gedəcək. “Çörək dalınca” düşəcəklər, amma özlərini və yaxınlarını yoluxduracaqlar.

pia.az

Mənbə: pia.az