Rusların “Əsədlər layihəsi”

Rusların “Əsədlər layihəsi”

Hüseynbala Səlimov

"Şərq çox incə bir məsələdir” – bəli, səhv etmiriksə, "Səhranın bəyaz günəşi” filminin qəhrəmanı yoldaş Suxov belə deyir. Amma düşünürük ki, bu incəlik məsələsini bir qədər fərqli müstəvidə axtarmaq lazımdır.

Güman ki, bizim çox həssas və diqqətli oxucumuz artıq klassikaya çevrilmiş bu filmin maraqlı bir detalını hələ də xatırlayır: yadınızdadırmı, çar gömrükxanasının məmuru qızıl əsgər yoldaş Suxovla birlikdə basmaçılara, xüsusən də onların başçısı Abdullaya qarşı vuruşur və hətta bu savaş zamanı həlak da olur...

Böyük bir ehtimalla, bu incə detalın köməyiylə çox məşhur filmin müəllifləri sadəcə, işarə etmək istəyiblər ki, Rusiyada hansı hakimiyyətin mövcud olmasından, onu kimlərin idarə etməsindən (monarxistlər və yaxud da ki, bolşeviklər!) asılı olmayaraq, Rusiyanın hər yerdə, xüsusən də Şərqdə dəyişməz maraqları var.

Düşündürücüdür ki, belə yanaşma hələ də qalır. Biz buna əyani şəkildə bu yaxınlarda Suriya və onu idarə edən Əsədlər sülaləsi haqqında, xüsusən də lap əzəldən - Suriya respublikası yaranandan indiyədək sovet Rusiyasının, son illərdə isə Putinin Rusiyanın bu ölkənin həyatındakı rolu haqqında maraqlı bir məqaləni oxuyarkən əmin olduq.

Belə hesab edirik ki, burada hamıya bəlli olan detalları bir daha xatırlamağa ehtiyac yoxdur: bəli, Bəşər Əsədin atası Hafiz Əsəd daha çox "Moskvanın adamı” idi və təsadüfi deyil ki, rus əsgərinin ayağı bu torpağa məhz onun vaxtında dəymişdi.

Burada onu qeyd edək ki, ata Əsəd özü Suriyanı otuz il idarə etmişdi, amma otuz il davam edən fövqəladə rejim şəraitində! Siyasi mülayimləşmə 2000-ci ildə prezident postunda atasını əvəz edən B.Əsədin də vaxtında bərqərar olmadı.

Bu xüsusda rusiyalı ekspertlər bir maraqlı detalı yada salırlar: 2000-ci ildə Bəşərin 36 yaşı vardı, prezident olmaq üçün isə onun 40 yaşı olmalı idi. Oyuncaq "parlament” dərhal bu maneəni aradan qaldırdı və müvafiq düzəlişi edərək gənc Bəşərə prezident olmaq imkanı yaratdı.

Aydın məsələdir ki, belə bir yolla hakimiyyətə gələn gənc Bəşər Əsəd heç vaxt siyasi islahatlar, xüsusən də demokratiya haqqında fikirləşə bilməzdi. Ən maraqlısı isə budur ki, konstitusiyaya qeyri-qanuni düzəliş edib gənc Əsədi hakimiyyətə gətirənlərin indi demək olar ki, heç biri ortada yoxdur, göz qabağında və eləcə köz qabağında yalnız Bəşər qalıb!

Bəli, Əsədlər sülaləsinin qısa tarixçəsi budur. Bunu da qeyd etmək lazımdır ki, ata Əsədin vaxtında böyük siyasi kataklizmlər olmamışdı, əlbəttə, Colan yüksəkliklərinin işğalını nəzərə almasaq. Orta hesabla Hafiz Əsəd həm özünün "dəmir əl”ilə, həm otuz il davam edən fövqəladə vəziyyət rejiminin köməyiylə, həm də hakimiyyətin demək olar ki, bütün pillələrində cəmləşmiş sovet ekspertlərinin məsləhətlərilə ölkəni birtəhər idarə edirdi.

Odur ki, on illərlə davam edən sərt avtoritar rejimin bütün ağırlığını, ən əsası da bunun cəzasını – bədəlini oğul Bəşər Əsəd yaşamalı oldu: həm atasına və həm də özünə görə. Təsadüfi deyil ki, indi Suriya sözü cəhənnəmlə assosiasiya yaradır, onlardan birinin adını çəkəndə digərini xatırlamamaq olmur, o səbəbdən ki, ölkə tamam viran qalıb, onun siyasi və sosial-iqtisadi arxitekturası tamam məhv olub...

Düzdür, pandemiya ucbatından son bir ildə Suriya münaqişəsi də arxa plana keçib, daha xəbərlər Suriya məsələsilə başlamır. Amma münaqişə həll də olmayıb, hətta məlum deyil ki, bu məsələnin nöqtəsi nə vaxt qoyulacaq? Üstəlik, iyulun birində baş tutan "Suriya üçlüyü”nün (Türkiyə, İran və Rusiya) növbəti toplantısı da bu suala cavab vermədi...

Bəli, rusiyalı ekspertlər bir məsələdən qürurlana bilərlər: onları ölkəsi Suriyadakı proseslərin istiqamətini qismən dəyişə bildi, ən əsası Bəşəri xilas edə bildi, çünki sonuncu siyasi və fiziki kollapsın ərəfəsində idi və Rusiyanın sayəsində Bəşər Əsəd nəinki üzdə qala bildi, hətta əvvəlki vaxtlardan fərqli olaraq digər ölkələr, o cümlədən də ABŞ onu bir qədər unudublar və daha əvvəllər olduğu kimi, əzəl olaraq onun istefasını tələb etmirlər.

Amma bir sualı verməkdən özümüzü saxlaya bilmirik: Kreml hələ çoxmu Əsəd, Maduro və eləcə digər diktatorların siyasi reanimasiyası ilə məşğul olacaq?..

Azad millətlərlə, yoxsa onları əzən diktatorlarla dostluq etmək? Zənnimizcə, Kreml strateqləri də nə vaxtsa bu suala cavab verməli olacaq, çünki dünyada yeni demokratiya dalğasının işartıları görünür, insanlar nəinki həyatda olan, hətta tarixə çevrilmiş siyasi liderlərdən, əgər belə demək mümkünsə, haqq-hesab sorurlar, onlardan təmizlik, səmimilik və ardıcıllıq tələb edirlər. Bu elə soğudur ki, ondan hətta Vaşinqton, Cefferson və ya Çörçill kimi nəhənglərin keçməmək qorxusu var...

Uzun illər idi ki, belə proses proqnozlaşdırılırdı. Siyasi ideologiyalar arasında fərqlər getdikcə azalır, hamı demək olar, eyni sözləri, eyni şüar və çağırışları deyir. Belə vəziyyətdə etik dəyərlər ön plana çıxır və cəmi siyasətçilərdən təmiz əllər, sözlərlə əməllərin üst-üstə düşməsi umulur...

Mənbə: qaynarinfo.az