Əsgər atasının öyrəndiyi əsl həqiqət

Əsgər atasının öyrəndiyi əsl həqiqət

Bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə Qubanın Üçgün kəndində sərhədçi əsgər Fərdi Yarəliyevin dəfni zamanı hərbçilərlə kənd camaatı arasında baş verən qarşıdurmanı əks etdirən video kadrları izlədim. Hərbçilərə danışmağa imkan verməyən kənd sakinləri və əsgərin qohumları əsgərin çayda boğulmadığını, başında güllə yarası olduğunu iddia edirdilər. Düzü, kadrlara baxıb çox narahat oldum. Hərbçilərimizə olan kobud münasibətə narahat oldum. Çünki Azərbaycan hərbçisinin əsgərinə bu cür qəddarlıq etməsinə qəti inanmadım. Əsgərin ölməsinə isə təəssüf edərək faktı özlüyümdə araşdırmağa başladım. Az sonra Baş Prokurorluq əsgər Fərdi Yarəliyevin meyitinin üzərində hər hansı zorakılıq əlamətinin olmadığı, onun ehtiyatsızlıqdan Alazan çayında çimərkən boğularaq öldüyü barədə məlumat yaydı. Bu məlumatdan sonra da sosial şəbəkələrdəki qarşıdurma kadrlarının araqarışdırmaqdan, süni gərginlik yaratmaqdan başqa bir şey olmadığı qənaətinə gəldim.

Ertəsi gün isə mərhum əsgər Fərdi Yarəliyevin atasının oğlunun öldüyü Zaqatala rayonuna getdiyini öyrəndim. Zaqatala sərhəd dəstəsinin zastavalarından birində baş verən ölümlə bağlı Fərdinin atası Namiq Murtuzəliyev, dayısı Zakir Yarəliyev və bibisinin həyat yoldaşı Əşrəf Rzamova sərhəd dəstəsində hər cür şərait yaradılıb. Ailəyə heç bir təzyiq göstərilmədən şərait yaradılıb ki, qoy özləri araşdırıb görüb inansınlar. Əsgər yaxınları əvbəlcə hadisənin baş verdiyi əraziyə - Alazan çayının sahilinə gəliblər. Hadisənin canlı şahidi olan rayonun Birinci Tala kənd sakini Ramazan Hacıyev valideynə bildirib ki, "hər şey gözümün qabağında baş verdi. Uşaq batırdı. Mən ona əvvəldən də demişdim, burada çimmək olmaz, gördüm batır, mən yaxına gedə bilmədim və təəssüf ki, heç bir kömək edə bilmədim. Çox yaxşı uşaq idi. Hərdən telefonla evlə danışmağına da kömək edirdim".

Ramazan kişi ailəyə burada başqa bir hadisə olmadığını, Fərdinin yalnız girib çayda çimərkən boğulmasını dedi. Bildirib ki, "mən nəyə görə yalan deməliyəm? Gördüyümü və bildiyimi dedim."

Əsgər Fərdi Yarəliyevin yaxınları Zaqatala hərbi prokuroru Surxay Hüseynovla da görüşüblər. Qurumdan ailəyə əsgərin meyiti sudan çıxarılankən çəkilən video-kadrlar da təqdim olunub. Meyitin tibbi ekspertizadan keçirildiyi barədə də onlara məlumat verilib. Fərdinin atası Namiq Murtuzəliyev və dayısı Zakir Yarəliyev İstiPress-ə bildiriblər ki, övladlarının ölümündən sonra bəzi araqarışdıranlar bundan sui-istifadə edib, həqiqəti əks etdirməyən məlumatlar yayıblar. Bildiriblər ki, biz də şübhə vardı ki, oğlumuz güllə yarasından ölüb: "Sağ olsunlar. Çox yaxşı şərait yaratdılar ki, biz özümüz öz gözümüzlə görək, heç bir müdaxilə etmədilər. Gördük. İnandıq ki, oğlumuz güllə yarasından yox, çayda boğulmadan ölüb. Çaydan meyiti çıxarılanda başında heç bir xəsarət olmayıb. Ekspertiza ediləndə başından nümunə götürüblər. Biz əmin olduq ki, Fərdi çayda boğulub".

Ata Namiq Murtuzəlyev bu hadisəni şişirdib qaşınmayan yerdən qan çıxarmaq istəyənlərə, sakinlərə müraciət etdi: "Heç bir şayiəyə uymayın.Bu hadisə digər əsgərlərə dərs olsun. Onlara deyirik, təhlükəsizlik qaydalarına ciddi əməl edin. Çünki bizə sənəddə göstərdilər ki, çayda çimməmək və digər qaydalara əməl edilməsi üçün Fərdiyə də imza etdiriliib".

Əsgər yaxınları eşitdiklərinə yox, gördüklərinə əmin olandan sonra onlar Qubaya qayıdıblar. Bir daha bildiriblər ki, onların Zaqatala sərhəd dəstəsindən və Zaqatala hərbi prokurorluğundan heç bir irad və şikayətləri yoxdur.

Qeyd edək ki, mərhum əsgərin yaxınlarını Zaqatala səfərində Quba İH başçısının sosial-iqtisadi inkişaf üzrə müavini və ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən Tariyel İbrahimov müşayiət edib. Onlar yola düşməzdən əvvəl İh-də İH başçısı Ziyəddin Əliyev hüquq-mühafizə orqanları rəhbərləri ilə birgə qəbul edib. DSX rəhbərliyi isə bu görüşü dəstəkləyib və Fərdinin yaxınlarının Zaqatalada maraqlandığı hər bir suala cavab almaq üçün lazımi şərait yaradılıb. Əsl həqiqət də bu görüşdə ailəyə geniş və olduğu kimi məlum oldu.

Aytəkin Alxaslı

Mənbə: istipress.com