Pandemiyada Əhvənüş-şər seçimi

Pandemiyada Əhvənüş-şər seçimi

İşdən çıxıb evə getmək üçün "Azneft" meydanından 5 saylı avtobusa əyləşdim. Neftçilər prospekti ilə hərəkət edən avtobusdan istər-istəməz dünyanın ən gözəl dənizkənarı bulvarlarından birini-Bakı bulvarını seyr etdim. Xəzər dənizinin mənzərəsi, bulvardakı nadir ağaclar, xoş qoxulu kol-koslar, fəvvarələr, yaşıllıqlar ruhumun, gözümün və qəlbimin şəfası idi...

Hər ilin bu mövsümündə buraya iynə atsaydıq yerə düşməzdi. Yerdə kanfet kağızına, siqaret kötüyünə rast gələndə qınayardıq. Bəs indi? Bulvar bom- boş, güllərdən və çiçəklərdən həzz alan yox, konfet kağızlarını, siqaret kötüklərini yerə atan da, atmayan da yox! Bu cənnəti seyr edib ondan feyziyab olanlar yoxdursa, onun nə dəyəri?!

Deməli, doğrudan da hər şey insan naminə yaradılıb. Bəs bu yaradılışdan bizi müvəqqəti ayıran nədir? Pandemiya!

Artıq dünya üzrə pandemiyadan ölənlərin sayı 1 milyona yaxındır. Dünyanın bir parçası olan ölkəmizdə də ölənlər var. Pandemiya təkcə can almaqla kifayətlənmir,həm də planlaşdırılan bütün işlərə əngəl törədir. Pandemiya ölkəmizdə mənəvi tərəddüdlə yanaşı, sosial-iqtisadi çətinliklərə də rəvac verir. Hazırki dövrdə bu bəladan mənfurcasına istifadə edib, Prezidentin apardığı kadr və struktur islahatlarına kölgə salmaq istəyənlər də kifayət qədərdir. Göründüyü kimi, digər ölkələrdən fərqli olaraq, pandemiya sosial-iqtisadi və mənəvi sıxıntılarla yanaşı Azərbaycanan ərazi bütövlüyünün bərpasını da gecikdirir...

Hazırda pandemiya ilə mübarizə məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Xəstəxanaların sayının artırılması, maarifləndirmə işinin gücləndirilməsi (əllərin mükəmməl yuyulması, sosial məsafənin saxlanılması, maska taxılması və s.) işləri yetərincədir. Bizdən tələb olunan isə bu tövsiyyələri yerinə yetirməkdir.

Aydındır ki, "evdəqal" çağırışı insan azadlıqlarına xələl gətirən tövsiyyədir. Çünki Allah insanı toplum içində yaşayacaq mahiyyətdə yaradıb. İnsan maddi-mənəvi tərəfilə əziyyətsiz yaşamaq üçün yalnız toplum halında-cəmiyyətdə olmalıdır.

Qeyd edək ki, İslam bu məsələyə çox həssas yanaşır. Belə ki, mömin özü namaz qılarkən belə, "Ancaq Sənə ibadət edirik və ancaq Səndən kömək diləyirik",-deyir. Yəni təkbaşına namaz qılan bəndə cəmiyyət adından danışır. "Sənə ibadət edirəm, səndən kömək istəyirəm" demir...

Lakin İslamda - Rəbb kəlamlarının hikməti nurunda "Əhvənüş-şər" deyilən bir məvhum da var. "Əhvənüş-şər"-ə (şərin xəfifini, azını, zəifini, yüngülünü seçmək) görə, şərlərə tuş gələn bəndə onların zəifini, azını, yüngülünü seçməlidir. Bu baxımdan həyatımıza böyük təhlükə olan pandemiyaya qarşı mübarizədə azadlığımızın bir hissəsini yaşamaq naminə qurban verməliyik. Məhz burada və buna bənzər hadisələrdə istisna hal kimi, "hürriyyət qarantı olmayanların yaşamaq qarantı da yoxdur" prinsipi işə yaramır.Təbir caizsə, burada " yenidən atlanmaq üçün atdan düşmək" lazımdır.

Allahu-təalə insana ağıl, iradə kimi dəyərlər də verib ki, o, həmin cövhərlərlə rastlaşdığı problem və bəlaları dəff edə bilsin. Rəbbimiz pandemiyanı bir ibrət üçün verib ki, biz bəndələr ağıl və iradə ilə ondan nəticə çıxaraq. Ona layiq xəlifə olduğumuzu sübut edək. Bunun üçün min bir əziyyətlə daşlar altından Günəşə boylanan bitkiyə baxıb düşünmək kifayətdir. Deməli, biz də mövcud müvəqqəti çətinliklərə sinə gərib pandemiyaya qarşı mübarizədə tövsiyyə edilən tələblərə əməl etməliyik.

Axı görüləsi işlərimiz çoxdur...

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

Mənbə: paralel.az