Müharibə istəyən qız..

Müharibə istəyən qız..

Jalə İamayıl

Universitetdə gözəl bir müəllimimiz vardı - Mehman müəllim. Qarabağ qazisi, şəhid ailəsi. Bir neçə mübahisədən sonra adımı "müharibə istəyən qız” qoymuşdu. Semestrin sonunda qiymət kitabçamı yazanda da eynəyin üstündən baxıb yavaş səslə: "Heç vaxt müharibə istəmə...müharibə dəhşətli şeydi...”, - dedi.

...Bu gün nə qanun, nə toplum məndən müharibəyə getməyi tələb etmir. Mən qadınam axı.

Mən universitetdə hərbi kafedra görmüş sonuncu qadınlardanam həm də. Yara sarıya bilən, avtomatı pulemyotdan seçə bilən bir qadın... Hətta vaxtilə tirdə hədiyyə udaraq utandırdığım oğlanlar da olub... Öz aramızda qalsın. Biş-düş də öz yerində.

Mən orada nəsə edə bilərəm.

Hissə qapılmadan, vətənpərvərlik eyforiyasında başımı itirmədən, medianın sistemsiz, pafosu qıcqırmış təbliğatına uymadan... müharibədə iştirak etmək istəyirəm.

Ağlım başımda, şüurum yerində.

İnandığım prinsiplər üçün vuruşmaq istəyirəm. Müharibənin fəlsəfəsinə varmadan – hamı qatildir orada əslində - miskin, bədbin, kiçiklik, natamamlıq kompleksində boğulan bu toplum üçün son çarəyə əl atmaq – qələbəni bircə qarış yaxınlaşdıracaq bir addım atıb ölmək istəyirəm. Bəlkə də ölmədim, kim bilir?

Bu xalqın qüruru ancaq qələbədən sonra sağalacaq. Bu xalqın kişiləri ancaq qələbə qazanıb başını dik tuta biləcək. Kişisi özünəəmin, güclü olan toplumda qadın da xoşbəxt olacaq. Bu xalqı, bu toplumu sadəcə qələbə birləşdirə biləcək. Ətrafında birləşə biləcəyimiz başqa heç bir dəyərimiz yoxdur. Qalmayıb.

Mən o qədər inanıram ki, qələbədən sonra biz başqa adam – daha yaxşı adam olacağıq.

Müharibə öz dəhşətləri ilə arındırır. Dəyərlər sistemini yenidən yaradır. Lənət olsun müharibəyə! Amma bu, belədir.

Bəli, hamımız öləcəyik bir gün. Heç kim dirilik suyu tapmayıb. Yaşamağı seçə bilmədik, istədiyimiz kimi yaşaya bilmədik, heç olmasa ölümü seçmək imkanımız var. Təsəvvür edirsiz, bu ölkədə sadəcə necə ölməyi seçə bilirsən...

İnanıram ki, xirtdəyə qədər problem içində cabalamağımız, mənəvi deqradasiya, dörd tərəfimizi bürümüş fiziki zorakılıq – içimizi nifrətlə doldurmuş hər şey elə içimizdəki səsə yeniləcək çoxumuzda...

Əmin olduğum bir şey var; insanın içindəki səs dayanmadan "get!" desə, o adam dayana bilməyəcək. Nə hakimiyyətdən narazılıq, nə hökumətə nifrət, nə evdəkilər, nə çöldəkilər. İnsan içindəki səsi susdura bilməsə, bir də gözünü açacaq ki, səngərdədir.

Özünlə mübarizə aparmağın mənası yoxdur. Özünə arqumentlər tapmaq, alibilər fikirləşmək vaxt itkisidir. İçindəki səs nifrət etdiklərindən də, sevdiklərindən də güclü çıxarsa, günah yenə də insanın özündə olacaq – o səsi o özü elə yetişdirib...

Müharibəyə getmək istəyi müharibə istəmək məsələsi deyil. Özünü davada təsdiq etmək təlqini kişilərə xasdır. Qadın qurucudur, yaradıcıdır. Mərhəmətlidir. Amma oğluna qıyanlara qarşı da amansızdır.

Bu gün o səngərlərdə mənim oğlum ola biləcək yaşda körpələr ölür.

Mən bəlkə doğulmamış oğlumun yerinə vuruşmaq istəyirəm, hə?

Ölüb canını qurtarmaq istəyi də deyil bu. Özünə görə bir inancdır sadəcə: inandığın bir şey üçün gözünü qırpmadan ölümün qucağına – səngərə atılmaq.

Ağlım başımda, şüurum yerində. Emosional vəziyyətim stabil. Qəhrəman da olmaq istəmirəm - məşhurluq azadlığı məhdudlaşdırır.

Sadəcə müharibəyə getmək istəyirəm.

Mənim yeniyetməliyimi, gəncliyimi qəsb etmiş müharibəylə öz haqq-hesabım var.

Heç kimi də çağırmaram arxamca. Bu həyat mənimdir və sadəcə onunla risk edə bilərəm. Bu vicdan mənimdir və sadəcə ona cavabdeh ola bilərəm.

Başqa həyatlar və vicdanlar özləri bilərlər.

Bu, müharibədir. Könüllü getməsən, qalib ola bilməzsən.

İçimdəki səsə müqavimət göstərmək fikrim yoxdur...

Və cəbhə xəttinə 90-cılar, 2000-cilər düzülməməlidir!

Bu, onların müharibəsi deyil!

Bizim – görmədiyi zibil qalmamış biz böyüklərin, bu körpələrə bir qələbə borcu var...

Mənbə: qaynarinfo.az