Ədliyyə Nazirliyi KİV-də dil normalarını pozanları cərimələyəcək Monitorinq Mərkəzinin vəzifəli şəxslərini müəyyənləşdirəcək

Ədliyyə Nazirliyi KİV-də dil normalarını pozanları cərimələyəcək Monitorinq Mərkəzinin vəzifəli şəxslərini müəyyənləşdirəcək

 

Ədliyyə Nazirliyinə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflər hazırlamaq tapşırılıb.

APA-nın məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi 2 ay müddətində kütləvi informasiya vasitələrində (KİV) və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması ilə əlaqədar inzibati xətalar haqqında işlər üzrə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 8 may tarixli qanuna əsasən, KİV-lərdə və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.

Azərbaycan Respublikası Prezidenti 2020-ci il 23 iyun tarixində qanun tətbiqi barədə fərman imzalayıb.

 

 

Mənbə: apa.az