“Azərsu”nun saxtakarlığı ictimai narazılıqlar yaradır - ARAŞDIRMA

“Azərsu”nun saxtakarlığı ictimai narazılıqlar yaradır  - ARAŞDIRMA

Mövcud reallıqlara əsasən demək olar ki, ölkə üzrə içməli suya olan ehtiyaclar artmaqdadır. Bəzi yaşayış məskənlərində su çatışmazlığı mövcuddur və mütəxəsislər bunun səbəbini əhalinin artımı ilə əlaqələndirirlər. Misal üçün Bakının su təsərrüfatı 1 milyon 500 min əhali üçün nəzərdə tutulsa da hazırda paytaxtda 3 milyona yaxın insan yaşayır. Bu səbəbdən də paytaxtın bəzi kənd və qəsəbələrində su çatışmazlığı yaranır. Deyilənlərə və yazılanlara görə, Bakı, Xırdalan və Sumqayıt şəhərlərinin yeraltı su kəmərləri sistemi köhnə olduğundan su itkiyə gedir. Baxmayaraq ki, köhnə su kəmərlərinin yeniləri ilə əvəzlənməsi və əhalini fasiləsiz su ilə təmin edilməsi üçün dövlət büdcəsindən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə milyardlarla manat vəsait ayrılır. Daha doğrusu, 2014-2019-cu illərdə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 7,8 milyard manat vəsait ödənilib.

Dəfələrlə "Azərsu” müxtəlif tenderlərin qalibi kimi milyonlarla vəsait də əldə edib. Ancaq ölkə əhalisinin su ilə təminatında vəziyyət heç də ürək açan deyil. Bölgələr də vəziyyət daha acınacaqlıdır. Əhali içməli su əldə etmək üçün kilometrlərlə yol qət etməli olur və ya baha qiymətə maşınla su alırlar. "Azərsu” nun isə türk arkadaşlarımız demişkən, heç “umurunda diyil”. Bu azmış kimi qurumun baş bilənləri əhalini sayğaclardan kənar ödənişlərlə maddi imtahan qarşısında qoymağa çalışırlar. Bu barədə redaksiyamıza çoxsaylı şikayətlərin daxil olması belə qənaət yardır ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin baş bilənlərinin gözləri milyonlarla büdcə vəsaitini mənimsəməkdən doymadığından indidə gözlərini kasıb-kusubun olan-qalına dikiblər. Həm də, nəzərə almaq lazımdır ki, mətbuatda ən çox şikayətlər və ittihamlar "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ünvanına edilir. Bu dəfə daha bir sərt ittihamlar Əməkdar jurnalist Valeh Məhərrəmli tərəfindən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ünvanına səslənib. Səbail rayonu Bibiheybət qəsəbəsi yeni Salyan yolu küçəsi 22, mənzil 80-da yaşayan V.Məhərrəmli redaksiyamıza ünvanladığı şikayət məktubunda adına sayğacdan kənar ödəniş qəbzi yazdıqlarını bildirir: “Mən 6 ildir ki, su sərfiyyatına görə, hər ay üçün 6-10 manat ödəniş etmişəm. Gözlənilmədən may ayında sürpirizlə qarşılaşdım.

Nəzarətçi mənzilimizə su sərfiyyatına görə, 30 manat ödəniş ediləcəyi barədə qəbz təqdim etdi. Etirazımızı bildirib, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Səbail rayon şöbəsinin rəhbərliyinə şikayət etsəm də nəticəsi olmadı”.

V.Məhərrəmli şikayət məktubunda yazır ki, davamlı şəkildə yuxarı dövlət qurumlarına şikayətlər etdiyindən, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Səbail rayon şöbəsinin rəhbərliyi onu dilə tutmağa və xahiş-minnətlə ödənişin edilməsinə sövq etməyə çalışdılar: “Mənə açıq şəkildə dedilər ki, sizin mənzilinizə su sərfiyyatına görə, 60 kub yazılması yanlış olub, bağışlayın, ancaq 30 manatı ödəyin. Həm də, dedilər ki, 30 manatı ödəsəniz bir daha sizin mənzilinizə “cərimə” yazılması halları olmayacaq. Mən isə, 30 manatı ödəmək fikrində deyiləm. Çünki, “cərimə” qanunsuzdur və əgər vəziyyət belə davam edərsə, hüquqlarımı məhkəmə qaydasında müdafiə etməyə çalışacağam”.

Məsələ ilə bağlı münasibətini öyrənməyə çalışdığımız "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayılov daş atıb, başını tutdu, iddia etdi ki, V.Məhərəmli şikayətində qeyri-səmimidir, "Azərsu” qeyri-qanuni əməllərlə məşğul olmur. “Su sərfiyyatına görə, hər ay üçün 6-10 manat ödəyən, mənzil sahib necə ola bilər ki, may ayında 30 manat ödənişlə qarşılasın” sualımıza A.Cəbrayılov vatcap nömrəmizə uzun –uzadı anlaşılması qeyri-mümkün olan sənəd-sünət göndərdi. Eyni zamanda səs atdı ki, sayğaca düzgün baxış keçirilib və bu məsələdə nəzarətçinin heç bir rolu yoxdur: “ Vətəndaş 30 manat görə narahatdır və bu da onun bu sahədə məlumatının az olması ilə bağlıdır. Hesablanmış borc realdır və bu borc ödənilməlidir”.

İ.ƏLİYEV

P.S. Mövzu ilə bağlı araşdırmamız davam etdiriləcək

Mənbə: sia.az