Milyonları olan sabiq məmurlar koronavirusla mübarizəyə cüzi məbləğ ayırmaqla kifayətləniblər... - bəziləri isə ərzağın qiymətini qaldırırlar

Milyonları olan sabiq məmurlar koronavirusla mübarizəyə cüzi məbləğ ayırmaqla kifayətləniblər... - bəziləri isə ərzağın qiymətini qaldırırlar

Koronavirus pandemiyasının yaratdığı ağır böhrandan çıxmaq üçün dünyanın varlı adamları müxtəlif yardım kampaniyaları həyata keçirirlər. Milyarderlərin böyük bir qismi virusa qarşı mübarizə üçün yüz milyonlarla dollar vəsait ayırıblar. Bugünlərdə ABŞ və Qərbi Avropadan olan 80 nəfərdən yuxarı milyoner G20 ölkələri rəhbərlərinin iyulun 18-də keçiriləcək görüşü ərəfəsində onlara müraciət ediblər.
Nə qədər qəribə də olsa, müraciət müəllifləri dövlətləri onların vergilərini artırmağa səsləyirlər. Onlar hesab edirlər ki, bu yolla varlı insanlar koronavirusla mübarizəyə daha yaxşı töhfə verə bilərlər: “Biz intensiv terapiya palatalarında xəstələrə qulluq etmirik. Biz xəstələri xəstəxanalara daşıyan təcili yardım maşınlarını sürmürük. Biz mağazaları ərzaq ehtiyatı ilə təmin etmirik, yemək daşımırıq. Amma bizim çoxlu pulumuz var. İndiki zamanda çox kəskin ehtiyac duyulan pullarımız”.
Müraciətdə vurğulanır ki, pandemiyanın yaratdığı problemləri, səbəb olduğu ağır nəticələri yalnız xeyriyyəçilik yolu ilə aradan qaldırmaq mümkün deyil. Müəlliflər hökumət başçılarından planetin ən varlı adamlarından zəruri vəsaitlərin toplanması və səhiyyə, tibbi yardımın təşkili istiqamətlərində ədalətlə bölüşdürülməsi məsuliyyətini öz üzərlərinə götürməyə çağırırlar. Müraciəti 80 nəfər, o cümlədən Disney ailəsinin üzvləri olan Ebigeyl və Tim Disneylər, “BlackRock” İnvestisiya Fondunun keçmiş rəhbəri Morris Perl və ABŞ, Böyük Britaniya, Almaniya, Danimarka, Niderland və Yeni Zelandiyadan olan milyonerlər imzalayıb.
Göründüyü kimi, dünyanın ən inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrinin varlı vətəndaşları könüllü olaraq dövlətə vergini daha çox ödəmək istəyirlər: pandemiyadan əziyyət çəkən dövlətə və insanlara yardım üçün. Bu ölkələrin milyarder vətəndaşları da pandemiya başlayandan müxtəlif fondlar vasitəsilə yardımlarını dayandırmırlar.
Analoji davranışı qonşu Rusiyanın varlı insanlarında da müşahidə etmək olur. Adları “Forbes”in siyahısında olan rusiyalı milyarderlər koronaviruslu xəstələrin müalicəsi üçün yüz milyonlarla dollarlıq yardımlar ayırırlar. Hətta Rusiyada yaşayan özbək əsilli milyarder Əlişir Usmanov yalnız yaşadığı ölkəyə deyil, vətəninə - Özbəkistana da yardım ayırıb. Onun ayırdığı 20 milyon dollar bilavasitə Özbəkistanda xəstəxana tikintisi və xəstəxanaların texniki təminatına sərf olunur.
Prezident Vladimir Putinin tapşırığı ilə ölkənin vergi qanunvericiliyinə Əlavə Dəyər Vergisinin diferensiallaşdırılmasını nəzərdə tutan dəyişiklik hazırlanıb. Dəyişikliyə əsasən 2021-ci ilin 1 yanvarından etibarən illik gəliri 5 milyon rubldan yuxarı olan Rusiya vətəndaşlarından ƏDV 13 deyil, 15 faizlə tutulacaq. V.Putinin dediyinə görə, bu dəyişiklik dövlət büdcəsinə hər il əlavə olaraq 60 milyard rubl gəlir təmin edəcək. Bu vəsaitin hamısı nadir xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcək.
Azərbaycanın varlı adamlarına gəldikdə, nə qədər paradoksal olsa da, dünyada neft gəlirləri ilə tanınan ölkəmizdə rəsmi olaraq milyonerin olub-olmadığı heç kimə açıqlanmır. Çünki bizdə gəlirlər və ondan ödənilən vergilər sirr hesab olunur, gəlir bəyannamələri verilmir. Hətta böyük şirkətlər belə maliyyə hesabatlarını əksər hallarda ictimaiyyətə təqdim etmirlər. Onların real sahiblərinə dair informasiyalar da gizli saxlanılır. Halbuki dünyanın əksər ölkələrində Azərbaycan vətəndaşlarının irihəcmli biznes fəaliyyətləri var. Son illərdə açıqlanan məlumatlardan aydın olur ki, Azərbaycanda orta səviyyədən də aşağı vəzifəsi olan məmurun xaricdə bir neçə on milyon dollarlıq biznesi var. Yaxud həbs olunan icra başçılarının bir həftədə soyğunçuluq, rüşvət yolu ilə 200-300 min manat qazandıqları aydın olur. Faktiki olaraq, vəzifədən alınan əksər məmurlar bu cür qazanclara malik olublar. Bu isə Azərbaycanda milyonerlərin sayının minlərlə olduğunu deməyə əsas verir. Maraqlıdır ki, Azərbaycanda yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna sabiq məmurlardan kiminsə ciddi məbləğdə vəsait köçürməsi qeydə alınmayıb. Aşağıda bir çox sabiq məmurların fonda köçürmələrinə dair məlumatı təqdim edirik:
İsmət Abbasov (baş nazirin keçmiş müavini) - 5000
Hacıbala Abutalıbov (baş nazirin keçmiş müavini) - 37 200
Tağı Əhmədov (Bakı Metropoliteninin keçmiş rəisi) - 5000
Əvəz Ələkbərov (keçmiş maliyyə naziri) - 5500
Aydın Əliyev (Dövlət Gömrük Komitəsinin keçmiş sədri) - 3000
Heydər Əsədov (keçmiş kənd təsərrüfatı naziri) - 5000
Çingiz Əsədulla (keçmiş deputat, AGBankın sahibi) - 10 000
Əliağa Hüseynov (keçmiş deputat, ölkənin sabiq baş hərbi komissarı) - 2000
Abel Məhərrəmov (BDU-nun keçmiş rektoru, keçmiş deputat) - 3000
Qərib Məmmədov (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri) - 500
Ziya Məmmədov (keçmiş nəqliyyat naziri) - 2000
Səlim Müslümov (keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri) - 4500
Mirzəcan Xəlilov (keçmiş deputat, iş adamı) 10 000
Göründüyü kimi, ölkənin, dövlətin ağır günündə sabiq məmurlar cüzi məbləğdə yarım ayırmaqla kifayətləniblər. Ayrı-ayrı şirkətlərin sahibi olan varlı şəxslərə gəlincə, onlar da şirkət adına ən yaxşı halda 1-2 milyon manat köçürmə ilə kifayətləniblər. Özəl sektorun ölkədə modul tipli xəstəxanalar tikdiyinə dair məlumat açıqlansa da, məhz hansı şirkətlərin bu işə vəsait yatırdığı məlum deyil. Bundan əlavə, bir neçə bank aztəminatlı şəxslər üçün nəzərdə tutulan özünüməşğulluq proqramının icrasına dəstək verir.
Pandemiya başlayandan bəri ölkədə mütəmadi olaraq ərzaq məhsullarının bahalaşması müşahidə olunur. İri ticarət şəbəkələrinin sahibləri demək olar ki, hər həftə bu və digər məhsulların qiymətini artırırlar. Bu isə Azərbaycanda məmur himayədarlığına arxalanan biznesin, sahibkarların dövlətin, xalqın ağır vəziyyətini nəzərə almadan öz gəlirini artırmağı hədəflədiyini göstərir.
Azərbaycandan kənarda rəsmən milyarder kimi tanınan azərbaycanlılardan Rusiyada daşınmaz əmlak kralı kimi tanınan Zarah İliyev və Qod Nisanov, həmçinin onların şəriki İlham Rəhimov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürüblər. Onlar həmçinin Azərbaycana 15 təcili tibbi yardım avtomobili veriblər. Rusiyanın, eləcə də dünyanın ən varlı adamları siyahısında olan “LUKoil” şirkətinin sahibi Vahid Ələkbərov isə bu sahədə heç bir addım atmayıb...
“Yeni Müsavat”

Mənbə: www.dia.az