Azərbaycan mətbuatı 145 illik “Əkinçi” qəzetinin işığında - Nərgiz Qəhrəmanova YAZIR

Azərbaycan xalqı “Əkinçi” qəzetini hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlayacaq.

Hər bir xalqın tarixində onun heç vaxt unutmadığı, böyük iftixarla yada saldığı önəmli günlər, mühüm tarixlər var. Azərbaycan xalqının taleyinə də millətinoyanışı və formalaşmasında böyük rolu olan bir çox hadisələrin baş verdiyi günləri qeyd etmək düşmüşdür. Azərbaycan mətbuatının qaranquşu olan “Əkinçi” qəzetinin nəşri belə unudulmaz tarixlərdən biridir. Bu il qəzetin yaranmasından 145 il ötür. Neçə illər, əsrlər keçsə də hər zaman Azərbaycan mətbuatından söz açarkən “Əkinçi” qəzeti böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq.

“Əkinçi” qəzeti 1875-ci il iyulun 22-də Azərbaycan ictimai-siyasi tarixinə günəş kimi doğdu. Bəlkə də o zamanlar qəzetin yaradılmasında iştirak edən maarifpərvər ziyalılarımız böyük maddi və mənəvi çətinliklər şəraitində fəaliyyətə başlayan bu nəşrin neçə-neçə məktəblər yaradacağını, böyük bir inqilabi hadisəyə çevriləcəyini təsəvvür etmirdilər. O zaman yalnız bir amal var idi – qabaqcıl ideyaların təbliği yolu ilə milli oyanış və maarifçilik ideyalarını yaymaq, xalqı cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq.

Həsən bəy Zərdabinin redaktoru və naşiri olduğu “Əkinçi” qəzeti “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri”, “Elm xəbərləri”, “Təzə xəbərlər” kimi şöbələrdən ibarət idi və fəaliyyətə başladığı ilk aylarda az tirajla, kiçik formatda çap olunurdu. Qəzetdə Həsən bəyin ictimai-siyasi, fəlsəfi, maarifçilik, əkinçilik və kənd təsərrüfatı, eləcə də təbiətşünaslığa dair mülahizələri öz əksini tapırdı.

Qəzetin səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumatlar dərc edilir, dünya xalqlarının mədəniyyətindən nümunələr göstərilirdi. Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”.

Cəmi 2 il çap olunan və bu dövr ərzində 56 nömrəsinin işıq üzü gördüyü “Əkinçi” bu qısa müddət ərzində Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. “Əkinçi”dən sonra yaranan “Ziya”, “Ziyayi-Qafqaziyyə, “Həyat”, “İrşad”, “Şərqi-rus”, “Kaspi”, “Molla Nəsrəddin” kimi mətbu nümunələr ilk qəzetimizin ideyalarını davam etdirməyə başlamışdılar.

“Əkinçi”nin fəaliyyəti və H.Zərdabinin elmi irsi Azərbaycanın alim və tədqiqatçıları tərəfindən dərindən araşdırılmış, neçə-neçə kitab və monoqrafiyalar, məqalələr çap olunmuşdur.

Bu gün isə Azərbaycan mətbuatı tamamilə yeni bir mərhələdə inkişaf edir. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media inkişaf etməkdədir. Şəffaflıq və vətəndaş həmrəyliyi, ictimai maraqların üstün tutulması, qabaqcıl texnologiyaların mənimsənilməsi və s. müasir medianı xarakterizə edən əsas meyarlardır. 145 il öncəki və bugünkü mətbuatımızı müqayisə etsək, nə qədər böyük fərq olduğunu görərik. Lakin nəzərə almaq lazımdır ki, hazırkı səviyyəyə çatana kimi Azərbaycan jurnalistikası çox çətin və mürəkkəb yollardan keçmişdir.

Son illər dünyada, eləcə də Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı, söz və fikir azadlığının ön plana keçməsi, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmalar ortaya qoymuşdur. Bu gün ölkəmizdə 40-dan artıq gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər dərc olunur. Azərbaycanda ümumilikdə 95 teleradio yayımçısı və operatoru, 12 ümumrespublika televiziya, 12 regional televiziya, 16 radio və 3 peyk televiziya yayımçısı fəaliyyət göstərir. Respublika əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyon nəfəri ötüb. Bu rəqəmlərölkəmizdə azad medianın uğurla inkişaf etdiyini göstərir.

Azərbaycan hökuməti hər zaman mətbuatın azad inkişafına diqqət yetirmiş, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə önəm vermiş, KİV-lərin cəmiyyətdə rolunu yüksək dəyərləndirmişdir.

Ulu öndər Heydər Əliyevin müstəqillik illərində ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı mühüm addımlar bu sahənin sürətlə inkişaf etməsinə, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Ölkə başçısı İlham Əliyev tərəfindən də hər zaman Azərbaycanda mətbuatın tərəqqisi, jurnalistlərin stimullaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Prezidentin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illik, 2010-cu ildə isə 135 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirilməsinin bariz göstəricisidir.

Uzun illərdir ki, dövlət başçısının müvafiq Fərmanlarına əsasən mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələri rəhbərlərinə “Əməkdar jurnalist” fəxri adı təqdim olunur.

Cənab İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında imzaladığıSərəncam da jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, o cümlədən kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyərin göstəricisidir. Bu addım bir daha sübut edir ki, “Əkinçi” qəzeti müasir dövrümüzdə də jurnalistlərin, mətbuat nümayəndələrinin istinad yeri, qiymətli xəzinəsidir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da mətbuatımızın inkişafında böyük rolu olan bir qurum kimi bu il jurnalistikanın 145 illiyini qeyd edir. AMEA-nın rəsmi veb-portalı olan science.gov.az, AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzeti və Akademiyanın “Elm TV” internet televiziyası bu gün ölkənin elm sahəsində fəaliyyət göstərən öncül, nüfuzlumətbuat orqanlarındandır.

İlk mətbu nümunəmizin nəşrindən düz 120 il sonra,1995-ci ildə fəaliyyətə başlayan, ölkənin ilk veb-saytıolan science.gov.az müasir dövrümüzün elektron “Əkinçi”si hesab olunur. Bu il 25 yaşını qeyd edən science.gov.az Azərbaycanda dövlət tərəfindən elmdəaparılan islahatları, eləcə də dünya və ölkə elmində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandırır, təbliğ edir.

Hazırda bəşəriyyəti cənginə alan koronavirus pandemiyası dövründə bütün dünyada mətbuatın necə güclü vasitə olduğu, 4-cü hakimiyyət rolunu oynadığı birdaha ön plana keçmişdir. Bu gün müxtəlif ölkələrdəfəaliyyət göstərən jurnalistlər cəmiyyətin öndə gedən peşə sahibləri kimi, fasiləsiz şəkildə ictimaiyyətinxidmətində dayanırlar.

Science.gov.az da koronavirus pandemiyası dövründə mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini məlumatlandırmaqda davam edir. Portalda hər gün AMEA-nın institut və təşkilatları əməkdaşlarının xüsusi karantin rejiminə uyğun olaraq gördüyü işlər, eləcə də dünyada və ölkəmizdəkoronavirus pandemiyası ilə bağlı son məlumatlar işıqlandırılır.

AMEA Rəyasət Heyətinin digər mətbu orqanı olan “Elm” qəzeti ölkənin kütləvi informasiya vasitələri arasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən nəşrlərdəndir. Qəzet Azərbaycan elmində baş verən yenilikləri ictimaiyyətə çatdırmaq, alimlərimizi dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərir. Burada görkəmli elm xadimləri ilə müsahibələrə, AMEA-da həyata keçirilən müxtəlif tədbirlərə, o cümlədən elmi tədqiqatlarla bağlı məqalələrə rast gəlmək mümkündür.

Azərbaycanın ilk elmi internet televiziyası olan “Elm Tv” isə AMEA-nın institut və təşkilatlarında keçirilən tədbirləri lentə alır, gənc alim və mütəxəssislərin həyata keçirdiyi maraqlı layihələri işıqlandırır. “Elm Tv” Azərbaycan milli elmi irsinin mərkəzləşdirilmiş və sistemləşdirilmiş şəkildə qorunub saxlanılmasında yaxından iştirak edir.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev də hər zaman mətbuatın inkişafına xüsusi önəm vermiş, ölkədə KİV-in fəaliyyətini diqqətdə saxlamışdır. 23 oktyabr 2019-cu il tarixdə AMEA-nın Ümumi yığıncağında akademik R.Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra bütövlükdə bu elm ocağı ilə yanaşı, science.az-ın və akademiyanın digər mətbuat orqanlarının da həyatında yeni mərhələnin əsası qoyulmuşdur. İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin strukturunda dəyişikliklər edilmiş, idarəetmə sistemi modernləşdirilmişdir.

11 ildən artıqdır ki, mən də Azərbaycan mətbuatının, AMEA-nın və ən əsası science.gov.az portalının bir parçası olmaq, ölkəmizin elm adamları, ziyalıları ilə birgə çalışmaq və elmimizin təbliğini həyata keçirməkdən böyük şərəf və qürür duyuram.

Jurnalist fəaliyyətimdən başqa, AMEA-nın ictimai həyatında da – Azərbaycan mətbuatının inkişafı yönündə müxtəlif layihələrin həyata keçirilməsində fəal iştirak edirəm. Fəaliyyətim dövründə jurnalistika sahəsində müxtəlif respublika və beynəlxalq səviyyəli konfranslarda, treninqlərdə iştirak edərək sertifikatlara layiq görülmüşəm. Bugünədək ölkə mətbuatında Azərbaycanın jurnalistika tarixi, tanınmış alimlərimizin həyat və fəaliyyəti, ölkə elmində baş verən yeniliklər və mühüm hadisələrə dair 30-a yaxın məqaləm dərc olunub.

İnanırıq ki, həm bütövlükdə Azərbaycan, həm də AMEA mətbuatı illər keçdikcə daha da inkişaf edəcək, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması istiqamətində fəaliyyətini genişləndirəcəkdir. Mətbuatımızın yaranmasının 145-ci ildönümü münasibətilə ölkənin müxtəlif media orqanlarında fəaliyyət göstərən bütün qələm sahiblərini ürəkdən təbrik edir, jurnalistikamızın yüksələn xətlə tərəqqisi yönündə həmkarlarıma yaradıcılıq uğurları arzu edirəm!

Nərgiz Qəhrəmanova

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, dissertant

Axeber.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyev: "İndiyə qədər su balansı tutulmayıb, dözülməz haldır"

SONRAKI XƏBƏR

"Ölkədə kəskin su çatışmazlığı müşahidə edilir"