Yazıçı: “Əlimdə 100 manat qalmışdı, ona da xiyar aldım”

Yazıçı: “Əlimdə 100 manat qalmışdı, ona da xiyar aldım”

Erkin Qədirli deputat maaşını nəyə xərclədiyi barədə cəmiyyətə hesabat verəndən sonra düşündüm ki, mən də kitablarımın pulunun nəyə getməsi haqda çoxsaylı sualların cavabını verim. Demək, 1000 tiraj kitabın hamısı satıldı və 10 min manat elədi.

 

1. Kirabın nəşriyyat xərcinə 2 min manat verdim.

2. Lider Tv-nin yanında kirayə qalıram. Ucuz ev tapa bilmədim deyə məcbur olub bir az baha ev tutduq və seçkidə olduğum müddətdə evin kirayəsi üs-üstə yığılıb 1800 manat eləmişdi. Onu verdim.

3. Oğluma 300 manat göndərdim.

4. Anamın qızılların lombarda qoyub 1300 manat pul götürmüşdüm. Mama iki dəqiqədən bir zəng eləyib məni zara gətirmişdi. Yalandan deyirdi ki, bazar günü toya çağırıblar. Pərt eləmədim ki, karantində toy olmur. Nəysə ki, cəribəsi ilə birlikdə 1500 manat lombarda ödəyib qızılları göturdüm.

5. Kapital banka 4 min manat kredit borcum var, iki il bundan qabaq götürüb guya imoteka ilə alacağım evin ilkin ödənişini edəcəkdim. O da alınmadı, pul ortalıqda dağılıb getdi. İki ildir kredit ödəyirəm, azalmır. 1500 manat da banka ödədim, qalanı yenə qalır.

6. Kitab satdığıma görə ehtiyacı olan dostlara 100, 150, 200, 350 manat kömək etdim, bu da üst-üstə 800 manat elədi.

7. Xanımla birlikdə 500 manatlıq yay paltarları aldıq.

8. Oturub evdə içmək üçün pivə bazarlığı elədim, 100 manat da o tutdu.

9. Neçə ildir işlətdiyim bir telefonum vardı, əlimdən pivə bakalının içinə düşüb zay oldu. Kreditə telefon vermədilər deyə məcbur olub 600 manata telefon aldım.

10. Gündəlik xərclər, evə ərzaq, kontur, kommunalları ödədim.

11. Əlimdə 100 manat qalmışdı. Onu da bilmədim neyləyəm, evin yanındakı dükandan 100 manatlıq xiyar aldım.

 

Kəramət Böyükçöl

Yazıçı

Mənbə: pravda.az