Ermənistan və onun siyasi rəhbərliyi çaşqınlıq içərisindədir

Ermənistan və onun siyasi rəhbərliyi çaşqınlıq içərisindədir

Azərbaycan Ordusu tam komplektləşmiş, mükəmməl, peşəkar ordudur. Düşmənin Tovuz istiqamətində törətdiyi hərbi təxribatla əlaqədar olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müraciətindən sonra qısa vaxtda 50 mindən çox gəncin ordu sıralarına yazılması və cəbhədə döyüşməyə hazır olduğunu bildirməsi xalqımızda, o cümlədən gənclərimizdə Vətən, torpaq sevgisinin, vətənpərvərlik hissinin yüksək səviyyədə olmasını göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev bildirib.
O diqqətə çatdırıb ki, şanlı ordumuz erməni vandallarının son təxribatları nəticəsində şəhid olmuş soydaşlarımızın qisasını da alıb, onların qanı yerdə qalmayıb. Hazırda da bütün həssas mövqelər qüdrətli ordumuzun nəzarətindədir. Azərbaycan öz üstünlüyünü qoruyub saxlayır. "Bu gün Ermənistan və onun siyasi rəhbərliyi çaşqınlıq içərisindədir, məğlub olduğunu anlayır. Məlumatlara görə, düşmən artıq bəzi kəndlər boşaldır, Ermənistanda ciddi xaos hökm sürür. Amma bunu etiraf etmirlər. Daha doğrusu, etiraf eləməyə çəkinirlər, qorxurlar. Nədən qorxurlar? Çünki bunu etiraf etsələr, Ermənistan daxilində onsuz da çoxdan bərqərar olan açıq eniş və tükənmə meylləri daha da artacaq, Paşinyanın hakimiyyətdən getmə prosesi sürətlənəcək. Bax, bu səbəbdən imitasiya edirlər. Ona görə Paşinyan informasiya blokadası qurub. Ona görə bu təxribatçı və işğalçı dövlət təşviş içərisindədir”, - deyə deputat vurğulayıb.
O qeyd edib ki, gərginliyin nə qədər artacağını kimsə proqnozlaşdıra bilməz. Amma bircə onu tam yəqinliklə demək olar ki, Ermənistan bundan sonra bütün mərhələlərdə yalnız uduzacaq, itirəcək və geri çəkiləcək. Çünki beynəlxalq aləm Azərbaycanın haqq işini dəstəkləyir. Çünki bizim müdrik Ali Baş Komandanımız, ən kritik anlarda sərrast, doğru qərarlar verməyi bacaran liderimiz var. Çünki ədalət, istinad etdiyimiz beynəlxalq hüquq bizim tərəfimizdədir. Çünki bizim əlimizdə BMT-nin məlum qətnamələri var. Bizim Türkiyə və Pakistan kimi qardaşlarımız var. Bütün rıçaqlar və üstünlüklər Azərbaycanın tərəfindədir.


 

Mənbə: kaspi.az