Separatçı erməni yenidən  Sərsənglə bağlı sərsəmlədi...

Separatçı erməni yenidən  Sərsənglə bağlı sərsəmlədi...

"BMT-nin 30 ilə yaxın havada qalan məlum qətnamələri kimi AŞPA-nın Sərsəng su anbarı haqdakı qətnaməsi də artıq 4 ildən çoxdur ki, suya axıdılır…"

Dünən -avqustun 3-də Azərbaycan Respublikasının işğal altlndakı əraziıərində qondarılmış separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyan Xankəndində suvarma suyu ilə bağlı müşavirə keçirib.

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, separatçı başçı çıxışı zamanı yenidən Sərsəng su anbarı ilə bağlı sərsəm iddialar irəli sürüb. Arutyunyan bildirib ki, ötən illərdən qondarma rejimin su problemlərini həll etmək üçün elan edilmiş 100 milyon dollarlıq “Sərsəng layihəsi” hələ də qüvvədədir və o, “əsrin layihəsi” olaraq ermənilərin suvarma suyu ilə bağlı prpblemini həll edəcək...

Xatırladaq ki, Sərsəng su anbarı ilə bağlı üzdəniraq “layihə” haqda həmin Araik Arutyunyan hələ 2017-ci ildən- “dövlət naziri” olduğu vaxtlardan bəhs edir. Moderator.az bu haqda mütəmadi məlumatlar verib.

2019-cu ilin avqustunda yayılmış son məlumata görə, o vaxt “prezident”liyə namizəd olan A.Arutyunyanın Sərsəng su anbarı ilə bağlı 100 milyon dollarlıq layihənin start götürdüyünü bildirməsindən sonra ərazidə tikinti-bərpa işləri başlayıb. Layihə keçmiş Ağdərə rayonu ərazisində yerləşən Sərsəng su anbarından işğal altındakı ərazilərə 4 su kanalının çəkilməsi yolu ilə 10 min hektar ərazinini suvarılmasını nəzərdə tutur. Arutyunyan tikinti işlərinin 2,5 ilə yekunlaşacağını proqnozlaşdırıb.

Paralel olaraq Sərsəng su anbarına 2 böyük və 2 kiçik su kanalının çəkilməsi, kanallar üzərində 5 su elektrik stansiyasının inşası nəzərdə tutulur. Bu isə faktiki olaraq, Sərsəng su anbarını su ilə təmin edən Tərtər çayından Bərdə, Tərtər və Ağcabədi kimi cəbhəyə yaxın rayonlara su sərfiyyatının azalmasına, su kanallarının suvarma işlərində istifadəsinə ciddi problem yaradacaq.

Belə ki, 1976-cı ildə istifadəyə verilən Tərtər sağ sahil kanalı Tərtər, Ağdam, Bərdə rayonlarının, həmin il tikilən Tərtər sol sahil kanalı isə Tərtər və Goranboy rayonlarının ərazisində suvarma işləri üçün geniş istifadə olunur.

Suyun qarşısının kəsilməsi Azərbaycanın on minlərlə hektar torpaq sahəsinin susuz qalmasına, bölgədəki yüz minlərlə insanın yaşam şərtlərinin çətinləşməsinə və ekoloji böhrana yol aça bilər.

Təsadüfi deyil ki, istifadəyə verildiyi 43 il ərzində təmir olunmayan Sərsəng su anbarı region üçün təhlükə mənbəyi olub.

Ermənilərin işğalda saxladığı su anbarını təmir etdirməməsi, Azərbaycanı sudan məhrum etməsi Avropa Şurası Parlament Assambleyasının diqqətindən də yayınmayıb. Beynəlxalq quruma bu haqda 2015-ci ildəAzərbaycan nümayəndə heyyəti tərəfindən təqdim olunan təklif əsasında nəhayət, 2016-cı ilin qış sessiyasında ermənilərin ciddi müqavimətinə baxmayaraq, “Azərbaycanın cəbhəyanı rayonların sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul edib.

Əyanilik üçün həmin qətnamənin mətnini bir daha nəzərinizə çatdırırıq:

Avropa Şurası Parlament Assambleyası

1. Parlament Assambleyası bütün üzv dövlətlərə xatırladır ki, 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bununla, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir. Assambleya dövlətlərin öz əhalisini yetərli, təhlükəsiz və əlverişli su ehtiyatları ilə təmin etmək öhdəliyini vurğulayır.

2. Assambleya hesab edir ki, içməli sudan maneəsiz istifadə (suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Assambleya təsdiq edir ki, qəsdən sudan məhrum etmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz.

3. Assambleya bildirir ki, qəsdən süni ətraf mühit böhranı yaratmaq “ekoloji təcavüz” kimi qəbul edilməli və ekoloji fəlakət zonaları yaratmaq, həmçinin aidiyyəti əhalinin normal yaşamını çətinləşdirmək məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir.

4. Assambleya qınayır ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan təfərindən işğalı Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlər yaradır.

5. Assambleya xatırladır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 may 2014-cü il tarixli bəyanatında tərəflərin regionun ümumi faydası üçün bu su resurslarından birgə istifadə üzrə razılıq əldə edəcəyinə ümid edib.

6. Assambleya bildirir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Assambleya vurğulayır ki, Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər.

7. Bu vacib humanitar problemi nəzərə alaraq, Assambleya tələb edir:

7.1. Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və bununla:

7.1.1. müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi;

7.1.2 sutoplama dövründə Sərsəng su resurslarının istifadəsi və onların saxlanmasının beynəlxalq idarəçiliyi;

7.1.3. suvarma kanalları, Sərsəng və Madaqiz su anbarlarının vəziyyəti, payız və qış mövsümündə su verilməsi cədvəli və su hövzələrinin həddən artıq istismarına beynəlxalq nəzarət;

7.2. Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırsın.

8. Assambleya bu məsələ ilə bağlı hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktını kəskin şəkildə pisləyir. Assambleya Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyini hesab edir. Assambleya bu və parlamentarilərin səlahiyyəti dövründə yarana biləcək buna oxşar məsələlərdə atacağı addımları nəzərdən keçirir.

9. Assambleya aidiyyəti tərəfləri Sərsəng su anbarının resurslarından birgə istifadə sahəsində yaxından əməkdaşlıq etmək üçün öz səylərini artırmaga çağırır və bildirir ki, bu kimi əməkdaşlıq istənilən münaqişənin həlli üçün vacib olan etimad quruculuğu tədbirlərini yarada bilər.

P.S. İşğalçı Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını çıxarması barədə BMT-nin 30 ilə yaxın havada qalan məlum qətnamələri kimi AŞPA-nın Sərsəng su anbarı haqdakı qətnaməsi də ermənilər tərəfindən artıq 4 ildən çoxdur ki, suya axıdılır…

 

Mənbə: moderator.az