“Ermənilərə müraciət etməklə ürəyimi boşaltdım” - Ayaz Salayev

“Ermənilərə müraciət etməklə ürəyimi boşaltdım” -  Ayaz Salayev

“Müraciətimdən sonra bir erməni mənə mesaj yazmışdı ki, erməni ziyalıları həqiqəti bilir, amma susur”.

Bunu Azvision.az -a tanınmış rejissor, kinoşünas Ayaz Salayev ermənilərə ünvanladığı müraciət barədə danışarkən deyib. Onun sözlərinə görə, müraciətə qarşı tərəfdən müxtəlif reaksiyalar gəlib. “Ermənilərə müraciət etmək istəyi qəfildən doğdu, məndən asılı olmadı. Birdən belə fikir yarandı, bir-iki gün ərzində püxtələşdi. Bundan sonra kinostudiyaya getdim. Orada başqa film çəkirdilər, xahiş etdim, məni də çəkdilər. Ürəyimi boşaltdım, reallığa güzgü tutdum. Bizə cavab olaraq ermənilər də belə roliklər çəkməyə başlayıblar. Amma həmin videolarda mənəvi deqradasiyaya uğrama özünü biruzə verdi. Müraciətimə kəskin milliyətçi mövqe göstərdilər. Qorxdular ki, müraciətim bu milləti bir qədər yumşaldacaq. Yalnız bir nəfər erməni mesaj göndərmişdi. Bildirir ki, əfsuslar olsun, erməni ziyalıları həqiqəti bilir, amma susurlar.

Məni tək indi deyil, hər zaman Qərbi Azərbaycanda, Qarabağda baş verənlər düşündürüb. Mənə cəbhədə vəziyyətin gərginləşməsi lazım deyil. Bizi 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya ediblər. 80-ci illərin axırından bu məsələ məni narahat edir. "Qarabağ" adlı layihəm var. Tammetrajlı xatirələr əsasında sənədli film çəkmişəm. Pandemiyanın sonunu gözləyirəm ki, premyerasını edim.

Mən videomüraciətimdə göstərdim ki, ermənilər nələri itirdilər. Erməni yazıçı Qrant Matevosyan, kinorejissor Sergey Paradjanov Azərbaycanda çox sevilirdilər. Qrant Matevosyan Qarabağ məsələsi qalxanda Azərbaycana gəlib, bizim dildə “ Aşıq Qərib” nağılını çəkib. Amma artıq belə adamlar olmayacaq. Erməni milləti mənəvi deqradasiyaya uğrayıb”, - deyə Ayaz Salayev vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az