AMEA-da su təsərrüfatının yaxşılaşdırılması üzrə alimlərdən ibarət İşçi Qrupu yaradılacaq

AMEA-da su təsərrüfatının yaxşılaşdırılması üzrə alimlərdən ibarət İşçi Qrupu yaradılacaq

 

Avqustun 6-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan APA-ya bildirilib ki, iclasda Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə dövlət başçısının çıxışından irəli gələn məsələlərə dair geniş müzakirələr aparılıb.

İclasda vurğulanıb ki, BMT-nin hesabatına əsasən, Azərbaycan gələcəkdə su böhranı ilə üzləşə biləcək dövlətlər sırasındadır və bu məsələyə ölkə rəhbərliyi səviyyəsində xüsusi diqqətin göstərilməsi təqdirəlayiq haldır. Artıq Rusiya, Ukrayna və İsrailin təcrübəsinin öyrənildiyini bildirən alimlər su probleminin həllində Azərbaycan alimlərinin iştirakı ilə müasir texnologiyalardan istifadənin, ölkəmizin su ehtiyatlarının və suya olan təlabatının müəyyənləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Bundan əlavə, kimyaçı alimlərimiz tərəfindən respublikanın su anbarlarında geniş müşahidə və monitorinqlər aparıldığı, hesabatların müvafiq dövlət qurumlarına göndərildiyi vurğulanıb. Eyni zamanda, regionların ekoloji yüklənməsi istiqamətində kompleks tədqiqatlara ehtiyac olduğu bildirilib, quraqlığa davamlı və şoran torpaqlarda becərilən buğda sortları və digər bitki növlərinə dair tədqiqatların genişləndirilməsi tövsiyə edilib.

Müzakirələr nəticəsində AMEA-da su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması üzrə tanınmış alimlərdən ibarət İşçi Qrupunun yaradılması qərara alınıb.

İclasda, həmçinin AMEA-nın prioritet istiqamətlərilə bağlı hazırlanmış təkliflərin elmi bölmələrdə müzakirələr edilərək müəyyənləşdirilməsinə qərar verilib.

Mənbə: apa.az