Qənirə Paşayeva: “26 min ictimai əsaslarla olan iş yerləri aliment ödəyə bilməyən atalara təklif edilsin” – VİDEO

Qənirə Paşayeva: “26 min ictimai əsaslarla olan iş yerləri aliment ödəyə bilməyən atalara təklif edilsin” – VİDEO

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə təklif etdi: 26 min ictimai əsaslarla olan boş iş yerlərinin bir hissəsi aliment ödəyə bilməyən atalara təklif edilsin ki, dağılmış ailələrdə böyüyən uşaqların üzləşdiyi maddi problemlərin bir hissəsi öz həllini tapsın.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə barədə qanun layihəsinin müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib.
Q.Paşayeva eyni zamanda bir sıra vacib məsələlərə də toxunub: “Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar müəllim vurğulamışdı ki, 26 min ictimai əsaslarla iş yeri mövcuddur. Bir xahişlə, 1 təkliflə çıxış etmək istəyirəm. Qadın millət vəkilləri olaraq hər ay aliment ala bilməyən qadınlarla bağlı onlarla müraciət alırıq. Aylarla, hətta 1 il ərzində alimentini ala bilməyən analar var ki, onlar azyaşlı övladlarını böyütməkdə çox çətinliklərlə üzləşirlər və belə analarımızın sayı yüzlərlədir. Bu çox ciddi məsələdir. Həmin qadınlar 2 problemlə üzləşir. Alimentlə bağlı müraciət etdikləri zaman qarşı tərəf işləyə bilmədiyi üçün alimenti ödəyə bilməyəcəyini deyir. Qadınlarımız məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət edirlər. Bu hal uzun müddət davam etdiyi halda atanın həbs olunması mümkündür. Amma kənd rayonlarında qadınlarımız ictimai qınaq səbəbindən bu addımı ata bilmirlər. Bir çox insanlar da var ki, mənim işim yoxdur deyib aliment verməkdən imtina edirlər. Təklif edirəm ki, müvafiq qurumlarla nazirlik arasında əlaqə olsun və ictimai əsaslarla olan işlər bu qurumlar tərəfindən işsizlik səbəbindən aliment ödəyə bilməyən insanlara təklif olunsun. Ən azından onlar bu işdən qazandıqları məvaciblə alimentlərini ödəyə bilərlər. Bu yüzlərlə ananın, kiçikyaşlı uşaqların probleminin həlli deməkdir. 26 min ictimai əsaslarla olan boş iş yerlərinin sözügedən istiqamətdə istifadə olunması çox yaxşı olardı.”
Millət vəkili Qənirə Paşayeva ünvanlı sosial yardımla bağlı da çıxış edib. Hər gün onlarla belə müraciət aldığını deyən millət vəkili problemin kökündə duran məsələdən danışıb: “Tələb olunan sənədlər arasında 1 sənəd çatmayanda vətəndaşa imtina cavabı gəlir. Vətəndaşa bildirilir ki, dünyasını dəyişən valideynin adında olan torpaq ailədən kiminsə adına keçirilməlidir və həmin şəxs özünə vöen hesabı açmalıdır. Yalnız o zaman ünvanlı sosial yardımdan yararlanmaq mümkündür. Bu proseslərin həlli 1 ailə üçün təxminən 150 manata başa gəlir. Rüsumlar bahadır və bəzən ünvanlı sosial yardım üçün müraciət edən ailə torpaqla bağlı sənədlərini düzəltmək üçün bu rüsumları ödəyə bilmir və ünvanlı sosial yardımdan da kənarda qalır. Bu da sonda həmin ailələrin narazılığına səbəb olur. Sözügedən problem aradan qaldırılmalıdır.Torpaq sənədləşmələri ilə bağlı insanların ödədiyi vəsaitin ciddi şəkildə azaldılması vacibdir. Bu güzəşt ən azı ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlara şamil olunmalıdır.”
Millət vəkili Qənirə Paşayeva insanlar üçün vacib olan əlilliklə bağlı problemlərdən də danışıb. O bildirib ki, bu istiqamətdə həllini gözləyən problemlərin həlli, islahatların aparılması, kriteriyaların tam şəkildə müəyyənləşməsi kimi məsələlərin yaxın zamanlarda həllini tapması vacibdir. Problemin kökü nazirlikdə deyil deyən Q.Paşayeva əsas məsələ səhiyyə qurumlarının bu sənədləri tələb olunan şəkildə doldurmaması olduğunu bildirib və insanların bu istiqamətdə problemləri də qısa zamanda öz həllini tapması üçün bu kriteriyaların dəyişdirilməsi məsələsinin tezləşdirilməli olduğunu vurğulayıb.
Arzu edənlər sözügedən çıxışı bu linkdən izləyə bilərlər:

Mənbə: turkustan.info