“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir - MÜSAHİBƏ

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir - MÜSAHİBƏ

Azərbaycan vətəndaşı, Mexanik Ülvi Məmmədov hazırda Livanın paytaxtı Beyrutda girov saxlanılmış “Kapitan Nağdəliyev” gəmisində olanlardan biridir.

Gəminin sahibi olan və fakitiki olaraq iflasını açıqlamayan “Palmali Shipping Agency” isə insanları faktiki olaraq taleyin ümidinə tərk edib.

Media.Az U.Məmmədovla danışıb və gəmidə vəziyyətin nə yerdə olduğunu öyrənib.

- Hazırda “Kapitan Nağdəliyev” gəmisində neçə nəfər var?

- Biz 12 nəfərik, 10 nəfər Azərbaycan və iki Rusiya vətəndaşı. Livan hökuməti “Palmali Shipping Agency”ni bunker şirkəti “NT Bunkering”ə 252.000 ABŞ dolları borcu olduğu üçün gəmini girov saxlayıb və biz faktiki olaraq burada həbsdəyik.

- Siz nə qədər müddətdir ki, “Palmali Shipping Agency”də çalışırsınız?

- Mən onlarla iki dəfə əməkdaşlıq etmişəm və göründüyü kimi ikisi də boşa çıxıb. İlk dəfə 2018-ci ildə müqavilə imzaladıq və onların gəmisində beş aya yaxın üzdüm. Həmin vaxt şirkətdə maliyyə problemləri başladı. Doğrudur, gəmilərini satandan sonra əmək haqqımızı ödədilər. Amma elə o vaxtdan onlara qarşı inamımı itirmişdim. Amma bir il sonra şirkətin əməkdaşı olan bir tanışım mənə yazdı və dedi ki, cazibədar təklif var. O, mənə yaxşı şəraitlə yüksək əmək haqqı söz vermişdi. Qeyd etmişdi ki, şirkətin maliyyə vəziyyəti düzəlib və heç bir problem yoxdur.

- Və siz razılaşdınız?

- Bəli, mən razılaşdım və 2019-cu ilin 5 oktyabrında müqavilə imzalayıb “Kapitan Nağdəliyev” gəmisində işə başladım. Mayın 3-də Rostov limanına getdik. Günəbaxan yağından ibarət yükümüzü üç limana çatdırmalı idik. Onlardan ikisi Livanda, biri isə Misirdə idi. Amma Livana gələn kimi gəmi həbs olundu. Artıq üç aydır ki, burdayıq, üstəlik 10 aya yaxındır ki, əmək haqqımı ala bilmirəm. Şirkətin mənə təxminən 36 min dollar borcu var. Bu qədər müddət ərzində cəmi 1900 dollar ala bilmişəm.

Beyrutda yüklərin birinci və ikinci hissələrini boşaltdıq, baxmayaraq ki, daha əvvəl yükün ikinci hissəsini Selata limanında boşaltmalı olduğumuzu demişdilər. Şirkət Beyrutda yüklərin üçüncü hissəsini də boşaltmağımızı tapşırdıqdan sonra işləməkdən imtina etdik. Şirkətdən maaşımızı ödəməsini tələb etdik.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasına (BNİF) şikayət etdikdən sonra problemimizlə məşğul olan müfəttiş qalan yükü də boşaltmağı məsləhət gördü. Biz də buna əməl etdik. İndi şirkətin gördüyü iş ancaq bizim üçün yemək və su çatdırılmasını təmin etməkdir. Və buna da qalmaqalla nail oluruq. Bu nə qədər davam edə bilər ?!

- Belə çıxır ki, şirkət müflis olub və sizi taleyin ümidinə buraxıb?

- Tam olaraq elə deyil. Şirkət müflis olduğunu elan etmir. Bir gün əvvəl “Palmali Shipping Agency”nin icraçı direktoru Paşa Vekilsoydan zəmanət məktubu aldıq. Bildirilirdi ki, bütün borclar gəmi İstanbula gələndən sonra ödəniləcək. Eyni zamanda, bunkerinq şirkətinin borcu ilə bağlı bütün problemlərin aradan qaldırıldığını və gəminin tezliklə buraxılacağını qeyd edib. Ancaq artıq onlara inanmırıq! Fakt budur ki, bütün uşaqların müqavilələri başa çatıb, fevralda işi tərk edənlər var və maaşları hələ də köçürülməyib.

- Müqavilədə maaşın gecikməsi ilə bağlı hansısa bir maddə var idi?

- Müqavilədə qeyd olunub ki, biz maaşlarımızı ayda bir dəfə alacağıq və gecikmə 15 gündən çox olmamalıdır. Amma biz artıq demək olar ki, bir ilə yaxındır gözləyirik. Başa düşürsüz, bizim yaxınlarımız var, onlara nəinki pul yollaya bilmirik, hətta bizə görə narahat olurlar. Bilmirik ki, burda hələ nə qədər qalacağıq. Livanın Miqrasiya xidməti bütün sənədlərimizi alıb və çarəsiz vəziyyətdə qalmışıq.

- Harasa şikayət etmisiniz?

- Yuxarıda da qeyd etdiyim kimi, Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasına (BNİF), həmçinin Azərbaycan Dövlət Dəniz Adminstrasiyasına şikayət etmişik. Bizə kömək etməyə çalışırlar, hər tərəfdən şirkətə təzyiq göstərirlər və yaratdıqları problemi həll etməyə çağırırlar. Yeri gəlmişkən, müqavilə bağlanmazdan əvvəl bizə sənədlər göndərildi, burada qeyd olunmuşdu ki, hər birimiz fövqəladə vəziyyətdə dörd aylıq maaşımız miqdarında “Alpha Insurance”da sığortalanmışıq. Lakin Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasından (BNİF) gəlmiş müfəttiş bunu yoxladıqdan sonra bütün sənədlərin saxta olduğu məlum oldu.

Mənbə: www.oxu.az