“Birlikdəyik” layihəsi davam edir

“Birlikdəyik” layihəsi davam edir

"ASAN Könüllüləri" Təşkilatı və "Coca-Cola" Fondunun COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə həyata keçirdikləri "Birlikdəyik" layihəsi davam edir.

Olaylar.az bildirir ki, COVID-19 pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədilə keçirilən "Birlikdəyik" layihəsi əhaliyə qida yardımlarının çatdırılması, antiseptik vasitələrin paylanılması, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunması, eyni zamanda, sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılması istiqamətləri üzrə həyata keçirilir.

"Birlikdəyik" layihəsi çərçivəsində 20 min nəfəri əhatə edən aztəminatlı ailələrə zəruri qida və antiseptik vasitələrdən ibarət yardım qutularının, eyni zamanda, əhalinin sıx olduğu yerlərə, həmçinin, vətəndaşlara xidmət göstərən mərkəzlərə "ABAD" publik hüquqi şəxs tərəfindən hazırlanan antiseptik vasitələrin paylanılmasına davam edilir. Vəzifə başında olan polislərə və jurnalistlərə də antiseptik vasitələr təqdim edilib.

Layihə tərəfindən karantin rejimində fəaliyyət göstərən min nəfər tibb personalının istifadəsi üçün nəzərdə tutulan tibbi ləvazimatlar artıq "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsə (TƏBİB) təhvil verilib. Ləvazimatlara min ədəd qoruyucu eynək, min ədəd qoruyucu kombinezon, 3 min şəffaf maska, 21 min əlcək, 7 min baxil və 20 min respirator maska daxildir. Bunlarla yanaşı, sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi həyata keçirilir. Burada virusdan qorunmağın yolları, simptomlar hiss olunduğu halda atılmalı olan addımlar, ictimai yerlərdə davranış qaydaları kimi məlumatlar paylaşılır.

"Birlikdəyik" layihəsi "Coca-Cola" Fondunun dəstəyi ilə həyata keçirilir. Layihə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün "Coca-Cola" ilə əməkdaşlığın davamıdır.

 

Qeyd edək ki, bu ilin aprel ayının əvvəlində "ASAN Könüllüləri" Təşkilatı "Coca-Cola Azərbaycan"ın dəstəyi ilə ölkəmizdə karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsulunun çatdırılmasını təşkil ediblər.

Mənbə: olaylar.az