"Ömrümdə ilk dəfə idi ki, qəbiristanlıqda sevinirdim, kaş o gün yenə qismət olaydı..."

"Ömrümdə ilk dəfə idi ki, qəbiristanlıqda sevinirdim, kaş o gün yenə qismət olaydı..."

“Heç kim torpaqların itkisi ilə barışmır, bunun üstündən keçmək fikrində deyil və bu israr, inadkarlıq olarsa, cəmiyyətin heç kəsin qarşısında dayana bilməyəcəyi enrjisi toplanarsa, onda məqsədimizə çata biləcəyik”

Bu gün hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun doğum günüdür. Ə.Hüseynov 1968-ci ildə Laçın rayonunun Mayıs kəndində anadan olub.

Moderator.az-a açıqlamasında bu dəfə Ə.Hüseynov yollardan yox, Laçından, doğulduğu kəndə qayıtmaq arzusundan danışıb və kövrəlib:

“Təbrikiniz üçün sizlərə təşəkkür edirəm. O torpaqlara qayıtmağa həmişə ümidimiz var. 1988-ci ildən bəri baş verən prosesləri müşahidə edəndə görürük ki, bizim cəmiyyətimiz, insanlarımız kifayət qədər cəsarətli, vətənpərvər, məğrurdurlar. Amma çox təəssüf ki, ideoloji təşkilatlanmada, vahid məqsəd uğrunda birləşmədə problemlərimiz olub və onda da düşmən bundan istifadə etdi. Minlərlə qeyrətli, heç nədən qorxamayan oğlanlarımız şəhid oldular, torpaqlarımızı itirdik. İndi yenə də cəmiyyətimiz toparlanmaqdadır. Tovuz döyüşləri bir daha göstərdi ki, hamı bunu həsrətlə gözləyir, sadəcə ağıllı və konseptual bir yanaşma lazımdır. Heç kim torpaqların itkisi ilə barışmır, bunun üstündən keçmək fikrində deyil və bu israr, inadkarlıq olarsa, cəmiyyətin heç kəsin qarşısında dayana bilməyəcəyi enrjisi toplanarsa, onda məqsədimizə çata biləcəyik. Ondan sonra əsas hədəf ordakı yurd yerlərinin yenidən abadlaşdırılmasıdır. Ən böyük arzumuz təbii ki, o yerlərimizi görməkdir. Bu gün istənilən adam necə olursa olsun o yerlərə getməyə hazırdır.

1992-ci ilin may ayının 18-də Laçının xeyli ərazisi ermənilər tərəfindən işğal olundu. Amma iyun ayından başlayaraq yay döyüşlərində Laçının demək olar ki, 95 faiz ərazisi ordumuz tərəfindən azad edildi. İyul ayının sonlarında şəxsən mən də orda iştirak edirdim. Kəndimiz iki ay işğalda qalandan sonra azad edildi və biz kəndimizə getdik. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra tələbə olduğum üçün kəndimizə gec-gec gedirdim. Kəndə gedəndə həm də qəbiristanlığa gedirdim. Çünki orda dəfn olunanlardan biri də mənim cavan qardaşım idi. Bu dəfə yenə kəndə gedib ilk olaraq qəbiristanlığımıza yollandıq, amma sevindim. (Kövrəlir) Ömrümdə birinci dəfə idi ki, qəbiristanlıqda sevindim, qardaşımın qəbirini ziyarət etdim. Kaş o gün mənə yenə qismət olaydı və gedib yenə yerlərimizə baş çəkəydik”.


Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az