Rusiyada miqrantların yeni problemləri Ermənistanın çöküşünü sürətləndirəcək

Rusiyada miqrantların yeni problemləri Ermənistanın çöküşünü sürətləndirəcək

Azərbaycandan, eləcə də digər postsovet ölkələrindən olan miqrantların çalışdığı ölkələr sırasında liderlik hələ də Rusiyaya aiddir. Amma hazırda bu ölkədə miqrantların fəaliyyəti getdikcə çətinləşir və onların bir qisminin tezliklə vətəninə dönməsi qaçılmaz sayılır.

Ekspertlər hesab edir ki, miqrantların dönüşü ölkələrə fərqli formada təsir edəcək. Məsələn, Azərbaycanın hazırkı durumu miqrantları hansısa çətinlik yaşamadan tam qəbul etməyə imkan verir. Amma Ermənistan, Ukrayna, Mərkəzi Asiya ölkələri üçün durum fərqlidir. Bu barədə danəşmazdan öncə qeyd edək ki, Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru mürəkkəbləşdirilə bilər. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev qeyd edib ki, əcnəbi vətəndaşlara işəgötürəndən təsdiq gəldiyi halda Rusiyada işləmək icazəsi verilməsi məsələsi müzakirə olunur. Medvedyev ərəb ölkələrinin bu sahədə təcrübəsindən faydalanmağı təklif edib. Belə ki, bu ölkələrdə işəgötürən tərəf əcnəbi vətəndaşa görə tam məsuliyyət daşıyır.

Pandemiya ilə əlaqədar Rusiyada miqrantların 40 faizinin işini itirdiyini qeyd edən Təhlükəsizlik Şurasının sədr müavini belə şəraitdə kriminal durumun pisləşməsi təhlükəsini də qabardıb. Onun fikrincə, əmək müqaviləsində işəgötürənin miqrantın davranışına, həm də fors-major vəziyyətlərdə onun maddi durumuna görə məsuliyyət daşıması bəndi yer almalıdır:“Koronavirus pandemiyası fonunda Rusiyadakı əmək miqrantları arasında kütləvi işsizlik yaranıb, cinayətkarlıq artıb. Koronavirusla bağlı tətbiq edilən karantin ucbatından təxminən 40% miqrant işindən məhrum olub. Bu, sözsüz ki, cinayətkarlığın artımı üçün münbit şərait yaradır. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk vilayətlərində 2020-ci ilin iyulunda xarici vətəndaşlar tərəfindən ictimai asayiş pozuntularının sayı artıb”. Medvedyev, bu səbəbdən, miqrantlara Rusiya ərazisində iş haqqının verilməsi prosedurunun çətinləşdirilməsi variantının nəzərdən keçirildiyini deyib. Hesab edilir ki, bu halda Rusiyada işə daha az miqrant qəbul ediləcək və onların təxminən yarısı vətəninə göndəriləcək.

Bundan başqa, Rusiya Daxili İşlər Nazirliyi ölkəyə xaricdən gələn əməkçi miqrantlar üçün xüsusi mobil telefon əlavəsinin yaradılmasını təklif edib. Təklifə görə “miqrant” adlandırılan bu əlavədə şəxs barədə rəqəmsal məlumatlar yerləşdiriləcək. Bunlara şəxsin biometrik məlumatları, məhkumluğunun olub-olmaması və başqa informasiyalar daxildir. Daxili işlər orqanlarındakı mənbə bu xüsusda yerli mediaya açıqlamasında deyib:"Belə bir təklif var ki, hələlik eksperiment qaydasında miqrantın rəqəmsal profili işlənib hazırlansın. Bütün bu məlumatlar miqrantın “sosial etibarlılıq reytinqini” formalaşdıracaq. Bu reytinqdə miqrantın sosial-hüquqi statusu barədə bütün məlumatlar əks olunmalıdır. Bura biometrik məlumatlar, sağlamlıq barədə informasiya, kriminal keçmişin olub-olmaması daxildir”. O da bildirilir ki, əlavənin yerləşdirilməsindən imtina edənlərin sosial etibarlılıq reytinqi avtomatik düşəcək. Lakin rəqəmsal texnologiya ekspertləri şəxsi informasiyaların belə əlavələr vasitəsilə verilməsinin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edir. Onların fikrincə, smartfondakı “rəqəmsal şəxsiyyətin” konkret adama bağlanması insanların “rəqəmsal izlənməsinə” yol aça bilər.

Ekspertlər xatırladır ki, belə texnologiyalardan son illərdə Çin fəal istifadə edir. Çində fəaliyyətdə olan sosial kredit sistemində hər bir şəxsin öz “reytinqi” var. Bu reytinq şəxsin davranışından asılı olaraq yüksələ və ya enə bilər. Reytinq tam olaraq Çin hakimiyyət orqanlarının nəzarətindədir. Reytinqin enməsi, məsələn, səfərə çıxmağı, yaxşı mənzil kirayələməyi, bank hesabı açmağı çətinləşdirə bilər. Hesab edilir ki, belə yanaşma da Rusiyaya miqrant axınını azalda və buranı tərk edən əcnəbilərin sayını artıra bilər. Belə vəziyyətdə miqrantların Rusiyadan göndərdiyi vəsaitin də miqdarı azalacaq. Hesablamalara görə, Rusiyada yaşayan əmək miqrantları hər ay öz ailəsinə köçürmə sistemi vasitəsilə, təxminən, 442 dollar göndərir. Məlumata görə, MDB ölkələri arasında ən çox vəsait göndərən qazaxıstanlı (850 dollar), gürcüstanlı (580 dollar), qırğızıstanlı (561 dollar) və azərbaycanlı (482 dollar) əmək miqrantlarıdır. Ermənistanlı əmək miqrantları isə hər ay ortalama 350 dollar vəsait göndəriblər. Amma say etibarı ilə Rusiyada erməni əmək miqrantları daha çoxdur.

Hazırda Rusiyada 11 milyondan çox miqrant var. Elə azərbaycanlı miqrantların da ən çox yaşadığı ölkə Rusiya hesab olunur. Rusiyada, təxminən, 700 min azərbaycanlının yaşadığı bildirilir. Hazırda Rusiyada ən çox Ukraynadan olan miqrantlar məskunlaşıb. Onların sayı 3,5 milyonu keçir. Qazaxıstan və Özbəkistandan Rusiyaya xeyli sayda miqrant iş üçün gəlib. Ermənistandan isə 1,5 milyon miqrantın Rusiyada çalışdığı məlumdur. Bu fonda miqrantların geri qayıdışı halında ən böyük zərər görən tərəflərdən birinin də məhz ermənilər olması gözlənir. Digər tərəfdən, erməni iqtisadiyyatında miqrant pullarının da böyük rol oynadığı məlumdur. Amma bu pullar son aylarda xeyli azaldığından, Ermənistanda sosial problemlərin daha da dərinləşməsi müşahidə olunur.

Tahir TAĞIYEV

 

Mənbə: www.baki-xeber.com