Azərbaycanlı gənc alim Türk Dil Qurumunun nümayəndəsi seçilib

Azərbaycanlı gənc alim Türk Dil Qurumunun nümayəndəsi seçilib

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Türk Dil Qurumunun Azərbaycan üzrə nümayəndəsi seçilib.

Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, Elçin İbrahimov Azərbaycanda qurumla birgə aparılan türkoloji araşdırmalara kuratorluq edəcək. O, türkologiya elminin müxtəlif sahələri ilə bağlı apardığı tədqiqatlarına, xüsusilə türk dünyasında ortaq ünsiyyət dili, ortaq əlifba, müstəqil türk respublikalarında dil siyasəti araşdırmalarına görə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu tərəfindən dünyanın müxtəlif ölkələrindən olan alimlər arasından seçilib.

Türk Dil Qurumu 1932-ci il iyulun 12-də Türkiyə Cümhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün əmri ilə yaradılıb. Türk Dil Qurumu yarandığı gündən etibarən türk dilinin aktual problemləri ilə məşğul olaraq həll yollarının tapılması istiqamətində fəaliyyət göstərib. Qurum bu gün də türk dilinin yazılı və şifahi mənbələri ilə bağlı araşdırmalar aparır.

Mənbə: azertag.az