“Gənclərin onlayn yay məktəbi – özünlə başla” layihəsinin açılış mərasimi keçirilib

“Gənclərin onlayn yay məktəbi – özünlə başla” layihəsinin açılış mərasimi keçirilib

Bakı, 7 avqust, AZƏRTAC

“Gənclərin onlayn yay məktəbi – özünlə başla” layihəsinin açılış mərasimi keçirilib.

Sabunçu Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova tədbirdə layihədə iştirak etmək hüququ qazanan gənclərə uğurlar arzulayıb. O, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı sosial layihələrdə və maarifləndirmə işlərində gənc könüllülərin fəal iştirakından danışıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova pandemiya şəraitində həyata keçirilən belə layihələrin gənclərin fərdi inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev xüsusi təqdimatla çıxış edərək layihə barədə iştirakçılara ətraflı məlumat verib və gəncləri maraqlandıran sualları cavablandırıb. Bildirib ki, layihənin keçirilməsində məqsəd gənclərin asudə vaxtının və yay tətilinin səmərəli təşkili, onların sosial və fərdi inkişafına təkan verilməsi, sosial və fərdi bacarıqlarının üzə çıxarılmasıdır.

Qeyd edək ki, “Gənclərin onlayn yay məktəbi – özünlə başla” layihəsi Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin tərəfdaşlığı ilə 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə təşkil olunub. Yeddi günlük (6-12 avqust) layihə qeydiyyatdan keçmiş 400 nəfər arasından seçilən 150-dən çox gəncin iştirakı ilə “Zoom” platforması vasitəsilə keçirilir.

Onlayn yay məktəbi zamanı vətənpərvərlik, sağlam həyat tərzi, sosial və fərdi inkişaf, intellektual düşünmə qabiliyyəti, müasir və yeni bacarıqların inkişafı, asudə vaxtın səmərəli keçirilməsi istiqamətlərində gündəlik təlim, görüş, vebinar, intellektual oyun və əyləncəli fəaliyyətlər təşkil edilir.

Mənbə: azertag.az