Dövlətimiz vətəndaşların sağlamlığının qorunmasını xüsusi diqqət mərkəzində saxlayır - ŞƏRH ÖZƏL

Dövlətimiz vətəndaşların sağlamlığının qorunmasını xüsusi diqqət mərkəzində saxlayır - ŞƏRH ÖZƏL

"Yeddi aydır Yer kürəsində tüğyan edən yeni tip koronavirusla dünyanın qlobal miqyasda mübarizəsi davam edir. Müxtəlif profilaktik, məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, COVID-19-a yoluxma hallarının sayı sürətlə çoxalmaqdadır. Təkcə son altı həftədə koronavirusa yoluxma hallarının sayı təqribən iki dəfə artıb. Hazırda dünyanın ümumi koronavirus mənzərəsi mürəkkəbdir: bəzi yerlərdə virus çox aqressiv şəkildə yayılır, bəzi ölkələrdə yeni yoluxma hallarının sayı azdır, epidemiyaya qalib gəlməsi güman edilən bəzi ölkələrdə isə yeni yoluxma ocaqları yaranır. Zəruri nəzarət tədbirləri görülən yerlərdə virusa qalib gəlmək mümkün olub, amma belə tədbirləri ləğv edən ölkələrdə isə virus geri qayıdıb. Səbəb isə məlumdur - virus insanların çox toplaşdığı, fiziki məsafəyə riayət edilməyən, maska taxılmayan və məsafə saxlanılmayan yerlərdə yayılır". Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyi Ofisinin rəhbəri Elmar Məmmədov deyib.

Onun sözlərinə görə, koronavirusun yayda yox olacağı fikri də təsdiqini tapmadı: "Lakin qürurverici haldır ki, koronavirus pandemiyasının yayıldığı ilk günlərdən ölkəmiz bu bəla ilə mübarizə istiqamətində bir sıra mühüm addımlar atdı. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə COVID-19-la bağlı müsbət dinamika müşahidə olunmaqdadır. Dövlətin bu istiqamətdə atdığı mühüm addımlar infeksiyanın nəzarət altında saxlanmasına, əhalinin təhlükəsizliyinin və sağlamlığının etibarlı təmininə yönəlib. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən hazırda az itkilərlə çıxırıq. Təbii ki virusla mübarizədə həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Eyni zamanda nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verildi, həmçinin Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsiməsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi. Görülən işlər isə bir daha ölkə vətəndaşlarının sağlamlıqlarının və təhlükəsizliklərinin daima prioritet məsələ olaraq qalmasının bariz nümunəsidir".

Siyasi şərhçi qeyd edib ki, belə həssas məqamda vətəndaşlarımızın sosial rifahı da diqqət mərkəzində saxlanıldı: "Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olundu. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Həmçinin 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Müqayisə üçün deyə bilərik ki, bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq ölkə başçısının da dediyi kimi yenə də iqtisadi inkişafımız təmin edilməlidir".

E.Məmmədov vurğulayıb ki, hazırda isə vətəndaş olaraq üzərimizə düşən öhdəlik gərgin səylər nəticəsində əldə olunmuş bu müsbət tendensiyanı qoruyub, daha da yaxşı nəticələrin qazanılmasına dəstək verməkdir: "Bunun üçün də tətbiq olunan karantin qaydalarına anlayışla yanaşaraq ona əməl etmək, maska taxmaq və sosial məsafəni qorumaq kifayətdir. Bu bəladan qurtulmağın bir yolu da vətəndaş-dövlət həmrəyliyindən keçir. Yalnız bu halda koronavirusla mübarizədən qalib çıxa bilərik".

Mənbə: sia.az