Həm mənəvi, həm də maddi dəstək

Həm mənəvi, həm də maddi dəstək

Azərbaycan dövlətinin pandemiya ilə mübarizə yönündə həyata keçirdiyi tədbirlərin mühüm bir istiqamətini də əhalinin müxtəlif təbəqələrinə yönəlik sosial müdafiə tədbirləri təşkil edir. Belə ki, bu dönəmdə dövlətin dəstəyindən həm sahibkarlar təbəqəsi, həm də aztəminatlı təbəqə öz nəsibini alıb. Ümumilikdə, pandemiya dövründə, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti bu zaman kəsiyində işləməsə də, dövlət tərəfindən əməkhaqqı ilə təmin edilib. 760 min insana lazımi maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub. 600 min işsiz, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insanlar dövlət tərəfindən qayğı ilə əhatə olunub. İctimai iş yerlərinin sayı artırılıb.

Bir sözlə, pandemiya ilə bağlı tətbiq olunan karantin dövründə əhalinin rifahının ağırlaşmasının qarşısı önlənib, əməkhaqqı, pensiya, müavinət, təqaüdlərin vaxtında ödənilməsi təmin olunub. Heydər Əliyev Fondunun xətti ilə 100 minlərlə ailəyə iki dəfə ərzaq payı verilib. Görülən tədbirlər sırasına əhalinin sağlamlığının qorunması məqsədilə reallaşan işləri, istifadəyə verilən modul tipli yeni xəstəxanaları və s. əlavə etmək mümkündür.


Dövlətin pandemiya dönəmində dəstək göstərdiyi sahələrdən biri də təhsil sahəsi oldu və bunun ayrıca vurğulanmasına ehtiyac var. Çünki son vaxtlar bu istiqamət üzrə görülən işlərin əhəmiyyətini azaltmağa uğursuz cəhdlər olunur. Qeyd edək ki, ölkə daxilində aztəminatlı tələbələrin təhsil haqlarının ödənilməsi üçün büdcədən 40 milyon manat vəsait ayrılıb. Bu, hardasa ödənişli təhsil alan 15 200 tələbənin təhsil haqqının qarşılanması deməkdir. Bəzi müxalifyönlü iqtisadçılar isə pandemiyadan zərər çəkənlər sırasında xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının olduğunu önə çəkərək, bu qəbildən olanlara hər hansı dəstəyin verilmədiyini iddia edirlər. Hazırda iş yerlərinin ixtisarının onların bir çoxunun valideynlərini çıxılmaz vəziyyətə saldığı da qabardılır. Nəticədə görülən işlər arxa plana keçirilir.


Birincisi, iddia olunduğu kimi Azərbaycanda iş yerlərinin kütləvi ixtisarı halları mövcud deyil. Müəyyən sahələr bütün dünyada olduğu kimi pandemiya dövründə zərər görüb. Dövlət həmin sahələrə mümkün dəstəyini göstərib və bu istiqamətdə iş dayandırılmayıb.


İkincisi, xaricdə təhsil alan tələbələrə müxtəlif kanallarla dövlətin dəstəyi ifadə olunmaqdadır. Belə olmasaydı, kütləvi halda tələbələrin maddi sıxıntıdan təhsilini yarımçıq dayandırması kimi ən azı bir neçə fakt ortada olardı. Bu yoxdur, fəqət kimlərsə, bulanıq suda balıq tutmaq sevdasına düşərək yeni narazılıq nöqtələri axtarıb tapmağa çalışırlar. Bu gün xaricdə oxuyan tələbənin valideyninin də ölkə daxilində sosial müdafiəsi arxa plana keçirilməyib. Hamı kimi onlar da sosial dəstək proqramlarından bu və digər formada nəsibini alır.


Mövzunun davamı kimi xaricdə təhsil alan tələbələrimizin prezident İlham Əliyevə ünvanladığı məktubların bir qisminə diqqət edək. Bu məktublarda tələbələr bu çətin vəziyyətdə onlara yardım etdiyinə görə Azərbaycan prezidentinə minnətdarlıq bildirirlər.


Bolqarıstan Respublikasının, Sviştov şəhərində D.A.Tsenov adına Dövlət İqtisadiyyat Akademiyasının maliyyə bölməsi üzrə təhsil alan tələbə Elvin Cəmill bildirir: “Dünyanı cənginə almış koronavirusun yayılması, sərhədlərin bağlanması səbəbindən və hal-hazırda yaşadığım şəhərdə yeganə azərbaycanlı olduğumdan bəzi maddi-mənəvi problemlərlə üzləşmək məcburiyyətində qaldım. Ancaq, hörmətli cənab Prezident, Sizin bu çətin zamanda bizimlə bağlı verdiyiniz göstəriş və tapşırıqlar həyatda öz əksini tapdı. Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi məni və mənim kimi tələbələri yalnız qoymayıb, dəstəklərini bizlərdən əsirgəmədilər. Hər bir xalqın, millətin fiziki cəhətdən müdafiəsi, onun genefondunun qorunması iqtisadi, sosial, mədəni və digər məsələlərdən daha vacibdir. Siz xalqımızın sağlamlığını qorumaqla təkcə bu gün deyil, gələcək əsrlər üçün də dövlətimizin, millətimizin mövcudluğunu təmin etdiniz. Sizə bir daha dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Millətimiz, dövlətimiz naminə fəaliyyətinizdə Sizə cansağlığı, uğurlar arzu edirəm”.


Daha bir fakt. Bolqarıstan Respublikası, Dobriç şəhərindən Elvin Babayev vurğulayır: “Hörmətli cənab Prezident, Mən Bolqarıstan Respublikasının Dobriç şəhərində təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. Bu məktubu yazmaqda məqsədim, Sizə öz minnətdarlığımı bildirməkdir. Biz tələbələrə bu çətin vəziyyətdə yardım etdiyinizə görə Sizə çox təşəkkür edirəm!
Burada bizə belə qayğı ilə yanaşılması bizi çox sevindirir. Ən azından xarici ölkədə olmağımıza baxmayaraq, özümüzü tək hiss etmirik. Bütün bunlar çox sevindirici haldır. Sizə hər işinizdə uğurlar arzulayıram. Allah razı olsun!”.


Polşa Respublikasının Krakov şəhərindən Aygül Məmmədova da dövlətin dəstəyindən razılığını ifadə edib: “Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva! Mən, Aygül Fərman qızı Məmmədova Polşanın Krakov şəhərində yaşayan və təhsil alan tələbə kimi ölkədaxili və xaricdə gördüyünüz işləri sosial şəbəkədə, hər gün səhər informasiya portallarında izləməyimi xüsusi qeyd etmək istəyirəm. Covid-19 virusunun dünyada yüzlərlə ölkəni iflic vəziyyətinə salmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti tərəfindən verilən güclü, operativ qərarlara əsaslanaraq deyə bilərəm ki, vətəndaşlarımız bu cür qərarlar qəbul edən dövlət başçısı ilə fərəhlənə bilərlər.


Siz ölkədən, ailədən kənarda olan tələbələrin qayğısını da nəzərdən qaçırmamısınız. Biz, göstərdiyiniz qayğı nəticəsində yardım aldıq. Hətta, həm tələbələr, həm də işləyənlər üçün Polşadan Azərbaycana iki dəfə çarter reysi təşkil edildi. Əminəm ki, qısa zamanda iqtisadiyyatımızın bir çox Avropa ölkələrini arxada qoymasına, innovativ ideyalar qaynağı olan insan kapitalının artmasına yönəlmiş güclü qərarlar və strategiya hələ irəlidədir. Bir daha Sizə öz adımdan dərin təşəkkür edirəm. Ümid edirəm ki, yaxın gələcəkdə bir gənc azərbaycanlı kimi mənim uğurlu addımlarımdan Siz də fərəhlənəcəksiz”.


Polşa Respublikasının Krakov şəhərindən Hikmət Zahid oğlu Həbibzadənin yazdıqlarına diqqət edək: “Cənab Prezident, koronovirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Siz xaricdə təhsil alan tələbələrimizi də daim diqqətdə saxlayır, belə çətin vəziyyətdə onlara həm mənəvi, həm də maddi dəstək göstərirsiniz. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin liderinin yanındadır. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Biz həmişə Sizinləyik! Möhtərəm cənab Prezident, mən bir tələbə kimi Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm”.


Polşa Respublikasından Vasif Qurbanov isə vurğulayır ki, pandemiya zamanı göstərilmiş diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirir: “Bu çətin dönəmdə xaricdə yaşayan bir Azərbaycan vətəndaşı olaraq bu diqqəti görmək qürurvericidir”.


Bu məktublarda birmənalı olaraq dövlətin xaricdə yaşayan tələbələrə dəstəyi xüsusi vurğulanır. Dövlətin dəstəyi olmasaydı, tam fərqli bir mənzərənin şahidi olardıq. Sadəcə kimlərsə süni şəkildə narazılıq yaratmağa cəhd edirlər ki, bu da çox uğursuz cəhddir.


Azərbaycan dövləti istənilən böhrana hazır olduğunu nümayiş etdirib və görünür bu müəyyən dairələri narahat edir. Qarşıdakı dönəmdə də dövlət öz vətəndaşının yanında olacaq. Bu günlərdə büdcəyə müvafiq düzəlişlər edilib. Bu, bir daha dövlətin çətin dövrdə hər bir vətəndaşına dəstək göstərmək niyyətinin bariz nümunəsidir. Prezidentin də vurğuladığı kimi “Azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxaq, dürüstləşmə aparaq, vətəndaşlara maksimum dərəcədə kömək göstərə bilək”.


Prezident həmçinin bildirib: “Biz elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır. Dürüstləşmə ilə əlaqədar, əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur”.


Beləliklə, dövlətin növbəti mərhələdə də vətəndaşlara dəstək proqramları davam edəcək və bunun əhatə dairəsi azalmayacaq, əksinə artacaq. Bu dəstəkdən hər bir vətəndaş, o cümlədən xaricdə təhsil alan tələbələrimiz də nəsibini alacaq. İndiyə qədər həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olmasına, gəlirlərimizin aşağı düşməsinə rəğmən nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıbsa, yaxud da ixtisar edilməyibsə, bundan sonra da olmayacaq. Çünki Azərbaycan çətin mərhələni adlamaqdadır və qarşıdakı dönəmdə yeni islahatlar, iqtisadiyyatın dirçəlməsi prosesinin baş verməsi daha çox ehtimal olunandır.

 

Elman Babayev

Mənbə: demokrat.az