TƏBİB-in şöbə müdiri: Yoluxmanın geniş yayıldığı və təcrübəsi çox olan ölkələrin tibb mütəxəssisləri ilə əməkdaşlıq edirik

TƏBİB-in şöbə müdiri: Yoluxmanın geniş yayıldığı və təcrübəsi çox olan ölkələrin tibb mütəxəssisləri ilə əməkdaşlıq edirik

Bakı, 8 avqust, AZƏRTAC

Hazırda ölkəmizdə Çin və İtaliyadan gələn tibb mütəxəssisləri var. Onlar pandemiya xəstəxanalarını ziyarət edir və biz onlarla sıx əməkdaşlıq edirik. Əsasən yoluxmanın geniş yayıldığı ölkələrin mütəxəssisləri ilə ona görə əməkdaşlıq edirik ki, onların bu sahədə daha çox təcrübələri var.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Şöbə müdirinin dediyinə görə, yoluxmaların az olması isə daha çox sanitar-epidemioloji vəziyyətlə əlaqədardır: “Biz həmin ölkələrlə də, o cümlədən postsovet məkanı ölkələrinin tibb mütəxəssisləri ilə onlayn rejimdə görüşlər keçiririk və daha çox təmasların izlənilməsi mövzusunda müzakirələr aparırıq. Ölkəmizə dəvət edilən mütəxəssislərlə daha çox apardıqları müalicələr, xəstəxanalarda işlərin təşkili baxımından fikir mübadiləsi aparırıq. Hər hansı ölkənin müsbət təcrübəsinin olması bizim üçün yaxşı örnəkdir və istəyərik ki, belə təcrübələr çox olsun. Biz bu sahədə qabaqcıl təcrübədən bəhrələnməyə hazırıq”.

Mənbə: azertag.az