“Holdinq özəlləşdirilməyə çıxarılacaq qurumların siyahısını hazırlanmalıdır” – RƏY

“Holdinq özəlləşdirilməyə çıxarılacaq qurumların siyahısını hazırlanmalıdır” – RƏY

“Dövlət şirkətlərində səmərəli və çevik idarəetmə üçün yeni model təklif olunub”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz rəyini bildirib:

“Prezident fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Holdinqə rəhbərliyi Prezident tərəfindən formalaşdırılan Müşahidə Şurası həyata keçirəcək. Holdinqin idarəetməsinə veriləcək dövlət şirkətlərinin siyahısı hələlik təsdiqlənməyib. Məqsəd liberallaşmaya və səmərəliliyə nail olmaq, şəffaf və rəqabətli mühit formalaşdırmaq, dövlət şirkətlərini özəlləşdirməyə hazırlamaq, xarici investisiyalar cəlb etmək, dövlət xərclərinə nəzarət etməkdir. Prezidentin bununla bağlı çıxışlarından hiss olundu ki, bu istiqamətdə uzun müddətdir ki, hazırlıqlar aparılırmış. Bir neçə gün öncəki çıxışında dövlət başçısı bildirdi ki, artıq təkliflər ona təqdim olunub.

Qeyd edəm ki, pandemiya yeni başlayan ərəfədə Prezident fərmanı ilə qəbul olunan tədbirlər planında da dövlət holdinqinin yaradılması nəzərdə tutulurdu. Ümumiyyətlə, İqtisadiytat Nazirliyi formalaşandan sonra gözləmək olardı ki, hazırda müzakirə predmeti olan sahələrdə ciddi islahatlar olacaq, rəqabətli mühit formalaşacaq.

Xatırlayıram ki, Prezident bununla bağlı nazir Mikayıl Cabbarova da xüsusi tapşırıqlar vermişdi. Lakin ötən müddət ərzində ciddi antiinhisar addımlar atılmadı.

Müxtəlif sahələrdə uzun illər formalaşmış haqsız rəqabət mühiti güclənirdi, adıçəkilən dövlət şirkətlərinin fəaliyyət dairəsində dövlətin xüsusi çəkisi yüksək həddə idi, dövlət başçısının vurğuladığı kimi, dövlət xərcləri yüksək, səmərəlilik isə aşağı səviyyədə idi.

Nə üçün ötən müddət ərzində rəqabətli və hesabatlı mühit üçün antiinhisar mexanizmləri işə salınmadı? Fikrimcə, bir sıra problemlər belə bir addımın atılmasına imkan verməyib”.

15 ildir ki, Rəqabət Məcəlləsini qəbul etməyin mümkün olmadığını bildirən Osman Gündüz hesab edir ki, yeni formalaşan Milli Məclisdən də bu gözlənti yoxdur:

“Bir neçə ildir ki, Antiinhisar dövlət qurumunu gücləndirmək üçün atılan addımlar yetərincə fayda verməyib. Ümumiyyətlə, real vəziyyət elədir ki, bu qurum haqsız rəqabətin qarşısını ala bilmir. Satınalma portalından da hər şey aşkar görünür. Elə dövlət şirkətləri var ki, qısa bir anda şirkət formalaşdırıb və qeydiyyatdan keçirib, bir anda dövlət satınalmasında onu qalib elan edə, büdcədən milyonlarla vəsaiti ona verə bilir. Hələ üstəlik də layihə başa çatan kimi heç bir hesabatlılıq və şəffaflıq olmadan, həmin qalib şirkəti sakitcə ləğv edərək yeni şirkət yaratmaqla büdcədən vəsait almağa hazırlaşır. Dövlət şirkəti var ki, milyonlarla dövlət vəsaiti hesabına alınan avadanlıqları vətəndaşlara baha qiymətə satır, onun üzərində biznes qurur.

Ən maraqlısı odur ki, dövlətə məxsus infrastrukturdan istifadə edərək vətəndaşları həmin ərazidəki digər özəl şirkətlərin xidmətindən istifadəsinə qadağa qoyur. Şübhə etmirəm ki, bu sadaladıqlarım və buna oxşar bəzi mövcud faktorlar qərar qəbul edənlərə də məlumdur. Bu baxımdan, Prezident üçün təklifləri hazırlayanlar fərqində olublar ki, normal hüquqi mexanizmlərin olmadığı, Antiinsar qurumun "dişli" olmadığı, Antiinhisar ənənələrinin yetərincə formalaşmadığı şəraitdə, dövlət və ictimai nəzarətin zəif olduğu bir zamanda nəhəng dövlət korporasiyaları ilə ayrı-ayrı "vuruşmaq", münbit şərait yaratmaq çətin olacaq”.

Ekspert qeyd edir ki, hərəsinin öz sahəsində “söz sahibi” olduğu dövlət şirkərtlərini vahid mərkəzdən idarə edilməsinə, Dövlət Holdinqi yaratmaqla korporativ idarəetmə sisteminə keçidə üstünlük verilib:

“Fikrimcə, müəyyən dövr üçün adıçəkilən sahələrdə daha hesabatlı və şəffaf mühit formalaşdırmaq, dövlət şirkətlərini özəlləşdirməyə hazırlamaq, uçot işlərini, xərclərə nəzarət işlərini qaydaya salmaq nəzərdə tutulur. Düşünmək olar ki, bu cür korporativ idarəetmə mödeli ilə korrupsiya risklərini azaltmaqla dövlət şirkətlərinin xarici investorlar üçün də maraqlı və cəlbedici etmək nəzərdə tutulub. Düşünürəm ki, daha rəqabətli, hesabatli və şəffaf mühit formalaşdırmaq, dövlət xərclərinə nəzarət etmək və səmərəliləyə nail olmaq baxımından, özəlləşdirməyə qədərki dövr üçün təklif olunan, birbaşa Prezident tərəfindən formalaşdırılan yeni korporativ idaretmə sistemi faydalı və effektiv olacaq. Dövlət başçısının da qeyd etdiyi kimi, dövlət və ictimai nəzarətin gücləndirilməsi vacibdir .

Fikrimcə, liberallaşma və özəlləşdirmə istiqamətində atılan addımlar sürətləndirilməlidir. Səmərəsiz fəaliyyət göstərən, yalnız özünün yaşaması üçün dövlət resursundan istifadə edib biznes quran, dövlət üçün ağır yükə çevrilən, ən əsası isə özəlləri sıxışdıran və rəqabətə mane olan xeyli dövlət şirkətləri, MMC-lər, dövlət provayderləri və s. var. Özəllər üçün bu tip qurumlarla, faktiki olaraq dövlətin özü ilə rəqabət aparmaq indiki şəraitdə mümkünsüzdür. Yeni yaradılan Azərbaycan İnvestisiya Holdinqi dərhal özəlləşdirilməyə çıxarılacaq qurumların siyahısını hazırlamalıdır”.

Xatirə
Cebhe.info

Mənbə: cebhe.info