Məktəblərin ənənəvi şəkildə açılması nə dərəcədə təhlükəsizdir? Şəxsi fikir

Məktəblərin ənənəvi şəkildə açılması nə dərəcədə təhlükəsizdir? Şəxsi fikir

Son zamanlar məktəblərin ənəvi şəkildə açılması haqqında söhbətlər və tələblər artıb. Bunu həm valideynlər, həm də çoxsaylı təhsil ekspertləri tələb edirlər.
Sizi bilmirəm, mən isə 2 uşaq anası olaraq məktəblərin indiki vəziyyətdə ənənəvi şəkildə açılmasından çox narahatam və narahaçılığımı izah edən onlarla dəlil gətirə bilərəm. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb. Yəni vəziyyət kifayət qədər ciddi və mürəkkəbdir.
Bildiyimiz kimi, koronavirusdan qorunmağın əsas 3 qaydası mövcuddur: sosial məsafə, əl gigiyenası və qapalı məkanlarda maskaların taxılması. Yəni bu qaydalara (üçünə də!) əməl olunmazsa, koronavirusdan qorunmaq mümkün olmayacaq. İndi özümüzə bir sual verək - bu qaydaların hansına adi dövlət məktəbində riayət etmək mümkündür?
Əl gigiyenası? Məktəbdə axırıncı dəfə nə vaxt olmusunuz? Tədris ili başlayandan 1-2 həftə sonra istənilən məktəbə daxil olan kimi (dövlət məktəblərindən söhbət gedir) insanı spesifik "ambre” bürüyür. 1000-2000 uşaq oxuyan məktəbdə neçə sanitar qovşağı olmalıdır ki, hər uşaq əl gigiyenasına riayət edə bilsin? Adi dövlət məktəbində neçə belə sanitar qovşağı olur? Qabaqcadan deyim ki, çox azdır və orada olan gigiyenik şərait də bir çox hallarda olduqca aşağı səviyyədədir.
Deyə bilərsiniz ki, əl gigiyenası üçün xüsusi məhlullar var. Bütün mütəxəssislər vurğulayır ki, bu məhlullardan istifadə su ilə sabun qədər effektli deyil. Xüsusilə də belə məhlullardan uşaq istifadə edirsə.
Təhsil ekspertləri təklif edirlər ki, hər dərsdən əvvəl və sonra (yəni tənəffüs vaxtı) sinif otaqları dezinfeksiya olunsun. Çox gözəl və eyni zamanda reallıqdan uzaq olan təklifdir. Axı 10-15 dəqiqə ərzində bütün məktəbi necə dezinfeksiya etmək olar? Tənəffüs vaxtı hətta 30 dəqiqəyə uzadılsa belə bunu nənəm demiş "dədəli-nənəli” etmək mümkün deyil.
2-ci qayda - sosial məsafə. Bütün ölkəni deyə bilmərəm, Bakının isə bir çox məktəblərində siniflərdə 30-40 uşaq oxuyur. Burada hansı sosial məsafədən söhbət gedə bilər? Sinif otaqları nə ölçüdə olmalıdır ki, sosial məsafə təmin olunsun?
Bəzi ekspertlər təklif edirlər ki, uşaqlar parta arxasında bir-bir otursun. Ay hörmətli ekspertlər, məktəblərimiz var ki, uşaqlar nəinki iki-iki, hətta yer olmadığından üç-üç də otururlar.
Keçək maskalara. Kim inanır ki, çin, yapon uşağı deyil, bizim uşaq 3-4, böyük siniflərdə hətta 6 saat ərzində maskanı çənədə, qulaqda, alında, qolda və s. yerlərdə deyil, məhz üzdə, ağız və burun bağlı olmaq şərti ilə saxlayacaq, əlini qaldırsın. Mən inanmıram. Deyəcəksiniz, müəllimlər nəzarət etsin. İndi buna inanan əlini qaldırsın.
Burada digər məsələ də var. Maska 2 saatdan bir, bəzən daha tez-tez yenisi ilə əvəz olunmalıdır. Əgər bir evdən məktəbə 2-3 uşaq gedirsə, bu, indiki vəziyyəti nəzərə alaraq, bir çox ailələrin büdcəsinə ciddi təsir edəcək. Nəticədə uşaqlar eyni maskada bir neçə gün gəzməli olacaqlar və bu da nəinki koronavirusun, bir çox digər infeksiyaların, allergiyanın riskini daha da artıracaq.
Şəxsən mənim fikrimə görə, indiki vəziyyətdə məktəblərdə koronavirusdan qorunmaq üçün ÜST tərəfindən təyin olunmuş qaydalara riayət etmək demək olar mümkün deyil.
Aylar ərzində koronavirus haqqında yazan və bu infeksiyanı araşdırmağa çalışan insan kimi deyə bilərəm ki, koronavirus çox hiyləgər infeksiyadır və hətta dünyanın ən tanınmış virusoloq və infeksionistləri bu virusdan indiyə kimi "baş aça” bilmirlər. Koronavirusun uşaq orqanizminə olan təsiri isə ümumiyyətlə hələ ki demək olar öyrənilməyib.
Məktəb və uşaq bağçaları pandemiyanın əvvəlində bağlandığından uşaqlar arasında koronavirus çox yayılmayıb. Bəzi mütəxəssislər qeyd edirlər ki, 12 yaşına kimi uşaqlar üçün virus nisbətən təhlükəsiz olsa da, daha böyük yaşda uşaqlar üçün təhlükəlidir. Bundan əlavə koronavirusun fonunda uşaqlarda nadir hallarda olsa da çox ciddi və ölümə səbəb olan pozulma (Kavasaki sindromu) inkişaf edə bilir. Dünyada bir neçə belə hal qeydə alınıb.
Sonda sizi bir neçə faktla da tanış edim. Bu yaxınlarda İsraildə məktəblər açılıb və qısa bir müddətdən sonra ölkədə koronavirusun 2-ci dalğası başlayıb. Məlum olub ki, koronavirus məhz məktəblərdən yayılmağa başlayıb. Məktəblərdə qoruyucu tədbirlərə tam şəkildə riayət olunmurdu və bu da epidemiyanın yenidən alovlanmasına səbəb oldu.
Eyni hal Yaponiya və Danimarka kimi qabaqcıl ölkələrdə də yaşanıb – məktəblər açılan kimi koronavirusa yoluxanların sayı artmağa başlayıb.
Marina İsayeva Saglamolun.Az

Mənbə: aztehsil.com