«ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyəti iddialara cavab verdi

«ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyəti iddialara cavab verdi

Azərbaycanda fəaliyyət göstərən bütün mətbuat orqanlarına

«ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətinin payçıları adından Cəmiyyətin və təsisçilərin hüquqlarını müdafiə edən Vəkil Əziz Qənbərov tərəfindən

M Ə L U M A T

Hörmətli Mətbuat işçiləri!

Son zamanlar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bəzi internet saytlarında və internet televiziyalarında (Təzadlar, Gununsesi.info, 1Xəbər, Tv24.az, Xural TV və s) «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətin keçmiş təsisçisi Adıgözəlov Fizuli Qəşəm oğlu müsahibə verərək bildirir ki, güya o hədə qorxu və şantaj yolu ilə Cəmiyyətdən kənarlaşdırılmışdır. Həmin müsahibələrə qanunla müəyyən edilmiş qaydada bizim də münasibət bildirmək hüququmuz vardır. Ona görə də bununla bağlı «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətinin mövqeyi aşağıdakılardır;

1) «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyəti (keçmiş adı ilə Güllübulaq) 2006-cı ildən təsis edilmişdir. Təsis olunan zaman Cəmiyyətin təsisçilərindən biri də Fizuli Adıgözəlov olmuşdur. Hazırda Məhkəmənin qərarına əsasən Fizuli Adıgözəlovun Cəmiyyətdə iştirakına xitam verilmişdir. 2006-cı ildən 2017-ci ilin oktyabr ayınadək olan dövrdə Cəmiyyətin idarə edilməsi təsisçilərin qərarına əsasən Fizuli Adıgözəlova və Fizuli Adıgözəlovun qardaşı oğlu Famil Adıgözəlova həvalə edilmişdir.

2) Fizuli Adıgözəlovun Cəmiyyətdə iştirakına xitam verildiyi tarixədək olan dövrdə Cəmiyyətdə pay bölgüsü 50% Türk vətəndaşı Nureddin Cengizə, 25% Azərbaycan vətəndaşı Dilbər Eyyubovaya, 25% isə Fizuli Adgözəlova məxsus olmuşdur.

3) «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə təsərüffat faəliyyətinin yoxlanılması məqsədi ilə 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikası Auditorlar Palatasından auditor dəvət edilmişdir. Aparılmış audit yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Fizuli Adıgözəlovun faktiki rəhbərliyi dövründə «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətində ümumilikdə 7333517,08 (yeddi milyon üç yüz otuz üç min beş yüz on yeddi manat səkkiz qəpik) manat kənarlaşma olmuşdur. Kənarlaşmanın nəticələri müvafiq audit rəyi ilə rəsmiləşdirilmişdir. Kənarlaşmanın səbəbini isə Fizuli Adıgözəlov hələ də izah edə bilməmişdir. Kənarlaşdırılmış vəsaitin Cəmiyyətə geri qaytarılması dəfələrlə Fizuli Adıgözəlova təklif edilsə də o geri qaytarmaqdan imtina etmişdir.

4) «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyəti həmin vəsaitin geri qaytarılması və Fizuli Adıgözəlovun «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətidə iştirakına xitam verilməsi üçün müvafiq olaraq Məhkəməyə müraciət edilmişdir. Nərimanov rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən Fizuli Adıgözəlovun «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətində iştirakına xitam verilmiş və əlavə olaraq 6184633,23- ( altı milyon bir yüz həşdat dörd min altı yüz otuz üç manat) manat tutularaq “ERBİ-H” MMC-ə ödənilməsi qərara alınmışdır. Fizuli Adıgözəlov həmin qərardan apellyasiya şikayəti vermiş və hazırda şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır. Apelyasiya baxışı zamanı Fizuli Adıgözəlovun vəkilləri tərəfindən verilmiş vəsatətə əsasən iş üzrə mühasibatlıq ekspertizası keçirilmiş və ekspertizanın müvafiq rəyinə əsasən auditor rəyində göstərilən kənarlaşmalar ekspert rəyində də öz təstiqini tapmışdır.

5) «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müvafiq qərarına əsasən 2011-2015-ci illəri əhatə edən dövr üzrə vergi və digər icbari ödənişlərin vəziyyəti də yoxlanılmışdır. Yoxlamanın nəticələrini əks etdirən 18.03.2020-ci il tarixli səyyar vergi yoxlaması aktına və akt əsasında qəbul edilmiş 19.03.2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən Fizuli Adıgözəlovun faktiki rəhbərliyi dövründə 8395677,75 (səkkiz milyon üç yüz doxsan beş min altı yüz yetmiş yeddi manat 75 qəpik) vergidən yayınma, həmin vergidən yayınma ilə bərabər 2713745,80 (iki milyon yeddi yüz on üç min yeddi yüz qırx beş manat 80 qəpik) manat maliyyə sanksiyası tətbiqi öz təstiqini tapmışdır.

6) Qeyd edilənlərlə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Koorrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Az.R. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və istintaq aparılır.

7) Yuxarıda qeyd edilənlərdən də görsənir ki, Adıgözəlov Fizuli Qəşəm oğlu «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə (vergidən yayınma da daxil olmaqla) 18.442.940,60 (On səkkiz milyon, dörd yüz qırx iki min doqquz yüz qırx manat 60 qəpik) manat zərər vurmuşdur. Vurulmuş zərər nəticəsində «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda müflis durumdadır. Tərəfdaşlıq etdiyi şəxslərin borcunu ödəyə bilməz vəziyyətdədir. Hazırda Cəmiyyət müflis vəziyyətdə olduğu üçün fəaliyyətini dayandırmışdır. Borclarının ödənilməsi üçün tədbirlər həyata keçirir. Fizuli Qəşəm oğlu Adıgözəlov təsisçilərin yaxın qohumlarının respublikamızdakı müsbət imicini şantaj etmək yolu ilə, Azərbaycan Respublikası Məhkəmə və dövlət orqanlarının fəaliyyətinə kölgə salan çıxışlar etməklə «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətinə vurduğu zərərin məsuliyyətindən boyun qaçırmaq istəyir.

Qeyd: Yuxarıda qeyd etdiyimiz faktların hər birini təstiq edəcək sənədlər mövcuddur. İstənilən mətbuat nümayəndəsinə istintaq və məhkəmə sirləri təşkil edən sənədlər istisna olmaqla həmin sənədlərlə tanış olmağa şərait yaratmağa hazırıq.

 

Hörmətlə!

Vəkil Əziz Qənbərov

 

 

 

 

 

Mənbə: kanal24.az