Dünyanın bu günü  - VİDEO

Dünyanın bu günü  - VİDEO

TBİLİSİ-AĞDAM MARŞRUT AVTOBUSUNUN PARTLADILMASI

(1990)

10 avqust 1990-cı ildə Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusu erməni terrorçuları tərəfindən partladılıb. Terror aktı nəticəsində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Cinayəti törədən erməni terrorçuları Armen Mixayloviç Avanesyan və Mixail Mixayloviç Tatevosov həbs olunub. İstintaq zamanı məlum olub ki, cinayətkarlar 1991-ci il iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırıb, lakin özlərindən asılı olmayan səbəblərdən terror aktını həyata keçirə bilməyiblər. 1992-ci ilin mayında A.Avanesyan ölüm cəzasına məhkum edilib, M.Tatevosov isə 15 il müddətinə azadlıqdan məhrum edilib. M.Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilib.

ABAY KUNANBAYEV

(1845-1904)

Görkəmli qazax şairi, böyük mütəfəkkir, bəstəkar, filosof, yazılı qazax ədəbiyyatının banisi və ilk klassiki Abay Kunanbayevin doğum günüdür. Əsl adı İbrahim olan Abay Kunanbayev 1845-ci il avqustun 10-da Qazaxıstanda Tobıkdı qəbilə başçısının ailəsində dünyaya gəlib. “Dəvə qovan” adlı ilk şeirini 10 yaşında olarkən yazıb. Atası 1857-ci ildə onu Semipalatinskdə Əhməd Rza mədrəsəsində təhsil almağa göndərib. Lakin Abay mədrəsə təhsilini yarımçıq saxlayıb və burada fəaliyyət göstərən rus məktəbinə gedib. 200-ə yaxın şeir, 3 poema və 45 nəsr əsərinin müəllifi, "İskəndər", "Məsqud", "Əzim nağılı" və məşhur "Sözlər kitabı" əsərlərini yazıb. İki oğlunun vaxtsız ölümündən sonra səhhəti ciddi şəkildə pisləşən Abay Kunanbayev 6 iyul 1904-cü ildə dünyasını dəyişib.

CƏMŞİD NAXÇIVANSKİ

(1895-1938)

Azərbaycanın tanınmış hərbi xadimi, briqada komandiri, Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini evdə xüsusi müəllimlərdən alıb. Sonralar İrəvanda pansionda oxuyub, daha sonra Tiflis kadet korpusunda oxumağa göndərilib. 30 avqust 1914-cü ildə Qərbi Ukraynanın Yelizavetqrad şəhərindəki qvardiya məktəbinə daxil olub. Birinci Dünya müharibəsi başlayarkən Rusiya ordusunda xidmət etmək üçün Yelizavetqradda hərbi and içib. Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr rütbəsində başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdıb. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakının erməni daşnaklarından azad olunmasında iştirak edib. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə Şuşada yerləşən II Qarabağ süvari alayının komandiri təyin edilib. Bolşevik işğalından sonra Azərbaycan SSR və Zaqafqaziya Mərkəzi İcraiyyə komitələrinin üzvü olub. 1921-ci ildən 1 iyun 1931-ci ilədək Azərbaycan dağatıcı diviziyasına komandirlik edib. 1927-ci ildə ikinci dəfə Moskva Hərbi Akademiyasına, 1928-ci ildə isə Sevastopol Hərbi Məktəbinə hava hücumundan müdafiə kurslarına göndərilib. 1931-ci ildə qısa müddət həbsdə olub. Azadlığa buraxıldıqdan sonra Moskvaya M.V.Frunze adına Hərbi Akademiyaya göndərilib. 1933-cü ildə kursu bitirib və akademiyada müəllim kimi fakültənin ikinci kursunun rəisi təyin edilib. General-mayor Cəmşid Naxçıvanski 20 may 1938-ci ildə yenidən həbs edilib və avqustun 26-da hərbi məhkəmənin qərarı ilə güllələnib. Moskva yaxınlığındakı “Kommunarka” adlanan meşə massivində kütləvi qəbiristanlıqda dəfn olunub.

İSMAYIL ƏFƏNDİYEV

(1910-1967)

Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor və rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev 1910-cu ilin bu günü Şamaxıda anadan olub. Bir müddət Gəncədə teatr sahəsində çalışdıqdan sonra 1939-cu ildə kinostudiyada işə qəbul olunub və burada ömrünün sonuna kimi müxtəlif vəzifələrdə çalışıb. "Yeni horizont", "Səbuhi", "Vətən oğlu", "Bəxtiyar", "Qara Daşlar", "Qızmar günəş altında", "Əmək və qızılgül", "İnsan məskən salır", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər bədii filmlərdə müxtəlif obrazlar yaradıb. "Bəxtiyar" bədii filmində ikinci rejissor işləyib, Şüa Şeyxovla birgə "Kölgələr sürünür" macəra filminə quruluş verib, eyni zamanda bir neçə sənədli film çəkib, 200-ə qədər xarici filmi Azərbaycan dilinə dublyaj edib. O, 1946-cı ildə Təbrizə gedib və bir neçə tamaşanı səhnəyə qoyub. İsmayıl Əfəndiyev 1967-ci ilin mayında vəfat edib.

KAZIM KAZIMZADƏ

(1913-1992)

Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi Kazım Məmmədəli oğlu Kazımzadə 10 avqust 1913-cü ildə Bakıda dünyaya göz açıb. Məktəb yaşlarında olarkən rəssamlığa böyük həvəs göstərib və Bakı Rəssamlıq Texnikumuna qəbul olub. Daha sonra bu sahədə ali təhsil alıb. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub, bu mövzuda dəyərli əsərlər yaradıb. Əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərib. 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin üzvü olub, 1992-ci ildə isə yeni təsis edilmiş Azərbaycan Milli Komitəsinin üzvü seçilib. 1942-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olub. Kazım Kazımzadə 4 oktyabr 1992-ci ildə vəfat edib.

ƏLİSA NİCAT

(1936)

Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirdikdən sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub. "Bircə söz" adlı ilk şeiri 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində, 1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanı 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap olunub. 1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, ilk şeirlər kitabı olan "Yay axşamı", "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib. 1967-1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" Telefilm Birliyində fəaliyyət göstərib. 1973-1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifələrində çalışıb. 1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb. 1987-ci ildə povest və hekayələrinin toplandığı "Qəbilə başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilib. 1993-1994-cü illərdə "Turan" jurnalını nəşr etdirib. Müstəqillik dövründə bir çox kitabları çap edilib. Əlisa Nicat 1999-cu il aprelin 28-də fəlsəfə üzrə fəxri doktor adına layiq görülüb. Bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa, çoxlu sayda tərcümələri, şeir, esse və povestləri var.

QƏNDAB QULİYEVA

(1949-2017)

Azərbaycanın xalq artisti, xanəndə Qəndab Həbib qızı Quliyeva 1949-cu ilin bu günü Füzuli rayonunun Dilağarda kəndində anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib, səhnəmizin Leylilərindən biri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğamdan dərs deyib. Bir çox ölkələrdə qastrol səfərlərində olub. Onun ifasında “Xaric Segah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamları AzTV-nin “Qızıl Fondu”nda saxlanılır. Qəndab Quliyeva 2017-ci il iyunun 26-da Bakıda vəfat edib.

CƏFƏR XƏNDAN

(1910-1961)

Şair, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Cəfər Xəndanın anım günüdür. Cəfər Zeynal oğlu Hacıyev 1910-cu il mayın 8-də İrəvanda müəllim ailəsində doğulub. Gəncə Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Müxtəlif illərdə müəllim, dekan, kafedra müdiri, şöbə müdiri, təşkilat katibi, dosent, rektor, jurnal və qəzetlərdə məsul katib vəzifələrində işləyib. 1941-ci ildə səfərbərliyə alınıb, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində məsul redaktorun müavini olub. Müharibədən sonra M.F.Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri kimi vəzifələrdə çalışıb. “Bəyaz gecələr”, “İlk ayrılıq”, “Şairin həyatı”, “Uğurlu yol” və başqa əsərlərin müəllifidir. Müxtəlif orden, medal və fəxri fərmanlarla təltif olunan Cəfər Xəndan 1961-ci il avqustun 10-da Bakıda vəfat edib.

ZAHİD DÜNYAMALIYEV

( 1944-2009)

Azərbaycan Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Zahid Vəli oğlu Dünyamalıyevin xatirə günüdür. O, 1944-cü il martın 27-də Naxçıvan şəhərində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini, 1989-cu ildə isə Volqoqrad Ali İstintaq Məktəbini bitirib. Əmək fəaliyyətinə 1969-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi kimi başlayıb. 1972-1977-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft və Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda böyük mühəndis işləyib. 1977-ci ildə daxili işlər orqanlarına işə göndərilib. 1977-1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəis müavini, 1983-1987-ci illərdə həmin idarənin rəisi, 1987-1990-cı illərdə Gəncə şəhər Daxili İşlər İdarəsinin rəisi, 1991-1992-ci illərdə Daxili İşlər Nazirliyi Tədris Mərkəzinin rəisi, 1993-cü ilin mart ayından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi rəisinin müavini, 1993-cü ilin iyul ayından Mühafizə İdarəsinin rəisi, 1993-2001-ci illərdə Daxili İşlər nazirinin birinci müavini, 2001-2005-ci illərdə isə Daxili İşlər nazirinin müavini vəzifələrində çalışıb. "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilən Zahid Dünyamalıyev 2009-cu il avqustun 10-da Bakı şəhərində vəfat edib.

CEYHUN NAĞI

(1972-2011)

Jurnalist Ceyhun Aşır oğlu Nağıyev də bu gün xatırlanır. O, 7 oktyabr 1972-ci ildə Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. Orta məktəbdə oxuyarkən Azərbaycan Dövlət Neft Akademiyasının keçirdiyi məktəblərarası kimya olimpiadasında II yeri, 1989-cu ildə isə I yeri tutub. 1991-ci ildə hərbi xidmətə yollanıb. 1995-ci ildə Azərbaycan Dillər Universitetinin Alman dili filologiyası fakültəsinə daxil olub. 1998-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətində çalışmağa başlayıb. Sonradan "Yeni Müsavat", "Müstəqil qəzet", "Həftə içi" və digər mətbu orqanlarda işləyib. Ceyhun Nağı 10 avqust 2011-ci ildə ürək tutmasından vəfat edib.

 

Mənbə: lent.az