"Bəzən deyirlər ki, Tahir Kərimli uşaq pulu məsələsini qoydu və s..." - deputat

"Bəzən deyirlər ki, Tahir Kərimli uşaq pulu məsələsini qoydu və s..." - deputat

“Mən təkliflərimi vermişəm. Bəzən deyirlər ki, Tahir Kərimli uşaq pulu məsələsini qoydu və s. Tam səmimi deyim ki, əgər hər bir ailə uşaq pulu alsaydı bu ağır pandemiya dövründə elə həmin pul ilə birtəhər dolanardı. Bəlkə də insanların yardım kimi verilən 190 manata da ehtiyacı olmazdı. Axı bu, bütün ailələrin dolanışıq mənbəyidir. Bütün dünya uşaq pulu verir, biz niyə verməyək? Bu, əslində təminat, sığortadır”.
Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, heç olmasa qaz limiti 2500 kubametrə qədər artırılmalıdır. Elektrik enerjisinə olan limiti də qaldırmaq yaxşı olardı:
“Düzdür, bizim valyuta ehtiyatlarımız yerində qalıb və bu, dövlətimizin, millətimizin təhlükəsizlik yastığıdır. Ümumilikdə son 6 ayda 5 milyarda qədər ziyana düşmüşük. Amma bizim ehtiyatlarımız var”.
T. Kərimli əlavə edib ki, qaz və işıq limitini qaldırmaq müsbət addım olardı: “Əlbəttə, pandemiya bizə əlavə yüklər, gərginliklər gətirdi, iqtisadiyyatımıza müəyyən təsirlər göstərdi. Amma insanlarımızı incitmək olmaz. Ola bilsin ki, bəzən cənab Prezidentə düzgün məlumat vermirlər”.
Deputat qeyd edib ki, sosial yardımlar korrupsiya mənbəyidir: “Sosial yardım üçün ayrılan vəsaitin üzərinə bir qədər də maliyyə əlavə etməklə uşaq pulunu vermək olar. Eləcə də qaz və işığa qoyulan limiti qaldırmaq lazımdır. Niyə camaat bəzən sovet dövrünün nostoljisi ilə yaşayır? Çünki suyun, qazın, işığın qiyməti ucuz idi. Məncə, bu haqda düşünmək lazımdır”.

Mənbə: www.dia.az