Bakı çimərlikləri pandemiya dövründə: nələr dəyişib? FOTO

Bakı çimərlikləri pandemiya dövründə: nələr dəyişib? FOTO

Xüsusi karantin rejimi səbəbindən bu il çimərlik mövsümü gec başladı. Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 5-də çimərliklərlə bağlı qadağanı müəyyən qaydalara riayət etmək şərtilə aradan qaldırdı. Amma infeksiyanın yayılmasının qarşısını almaq üçün karantin dövrünün qaydalarına və tibbi-profilaktik tədbirlərə əməl etmək məcburidir.

Çimərliklərdə sıxlığın qarşısını almaq, eləcə də sosial məsafə qaydalarını qorumaq məqsədilə “cimerlik.az” portalı istifadəyə verilib. Vətəndaşlar həmin portala daxil olmaqla hansı çimərliyin dolu olub-olmadığını yoxlaya bilərlər.

Digər günlərdən fərqli olaraq, istirahət günlərində çimərliklərə axın daha çox olur. Bu isə infeksiyaya yoluxma risqini artırır.

Virtualaz.org-un əməkdaşları paytaxtın Mərdəkan, Buzovna çimərliklərindəki vəziyyətlə maraqlanıblar. Bəlli olub ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə paytaxtdakı 101 çimərlik rayon icra hakimiyyətləri və onların müqaviq idarələri tərəfindən nəzarətə götürülüb. İcra hakimiyyətlərinin əməkdaşları çimərliklərə ezam olunublar, hər gün monitorinqlər keçirilir.

Maarifləndirici lövhələr, könüllülər və sosial məsafə

Çimərliklərin giriş-çıxışında, eləcə də soyunub-geyinmə kabinelərinin qarşısında koronavirusdan qorunma yolları ilə bağlı maarifləndirici lövhələr quraşdırılıb, spirt və dezinfeksiyaedici məhlullar qoyulub. Girişdə istirahətə gələnlərin temperaturu ölçülür. Çimərlikboyu sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlarla ayrılıb. Eyni zamanda, tələb olunan qaydalara əməl edilməsi üçün ASAN Xidmət-in könüllüləri tərəfindən səsgücləndiricilərlə elanlar səsləndirilir.

Qeyd edək ki, hər çimərliyə 3 könüllü təhkim olunub. Onlardan biri girişə, digəri çimərlik ərazisinə nəzarət edir, başqa biri isə səsgücləndirici ilə qaydalara əməl edilməsi üçün elanlar səsləndirir.

Nə zibil qalıqlarına, nə də meyvə-tərəvəz tullantılarına rast gəlinir

Bütün çimərliklər zibil qabları ilə təhciz edilib, əvvəlki illərdən fərqli olaraq nə zibil qalıqlarına, nə də meyvə-tərəvəz tullantılarına rast gəlinir. Biz ərazidə olduğumuz müddətdə çimərliklərin təmizləndiyinin, zibil qablarındakı tullantıların daşınmasının şahidi olduq. İstirahətə gələnlərin əsas razı qaldıqları məqamlardan biri də məhz ərazilərin bu cür təmiz olmasıdır.

Mərdəkandakı çimərlikdə istirahət edən Sevda Quliyeva deyib ki, əvvəl çimərliklərdə antisanitariya hökm sürürdü, zibil atmaq üçün qab tapılmırdı. İndi təmizlik göz oxşayır. Normal istirahət etmək üçün şərait yaradılıb.

Digər Bakı sakini Rövşən Səlimov isə bildirib ki, temperaturun ölçülməsi və sıxlığa nəzarət edilməsi yaxşıdır: “Yoluxmanın olmaması üçün maksimum şərait yaradılır. Bizim mentalitet elədir ki, dənizdə onsuz da hər kəs öz ailə üzvləri, dost-tanışları ilə çimir, kənar şəxslər yaxınlaşmırlar. Ümid edirik ki, hər kəs qaydalara riayət etsə, yoluxma da azalar”.

Bir məqamı da qeyd edək ki, çimərlik ərazilərində kafe və restoranların fəaliyyətinə icazə verilmir.

“çimərlik.az” portalına müraciət etmədən gəlməyin

Bakıda kifayət qədər çimərlik var, daha az adam olan çimərliklərə getmək həm də istirahət edənlərin özləri üçün təhlükəsizdir. Çimərliklər vətəndaşları qaydalara və kvotalara uyğun qəbul edirlər.

Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov bildirib ki, paytaxtdakı çimərliklərin hamısında hər gün monitorinq aparılır və infeksiyanın qarşısını almaq üçün lazımi şəraitin yaradılması təmin edilir.

“İcra hakimiyyəti tərəfindən arakəsmələr müəyyən olunub, iplər çəkilib, beləliklə də sosial məsafənin qorunması təmin edilib. Eyni zamanda, səsli mesajlar, anonslar verilir ki, sakinlər qaydalara riayət etsinlər. İcra hakimiyyətlərinin nəzdindəki kommunal xidmətlərinin əməkdaşları çimərliklərə ezam olunublar. Onlar 24 saat ətrafa nəzarət edirlər. Məişət tullantılarının vaxtlı-vaxtında daşınması təmin olunur. Çimərliyin giriş-çıxışı nəzarətdədir”,- şöbə müdiri deyib.

Hər bir şəxs çimərlik ərazisinə daxil olduqda qeydiyyata alınır. Bununla da, çimərlik ərazisindəki vətəndaşların sayını müəyyənləşdirmək mümkün olur: “Qeydiyyat aparmaqla müəyyən edə bilirik ki, bu çimərlikdə nə qədər adam var. Vətəndaşlardan xahiş edirik ki, gəlməmişdən əvvəl “cimerlik.az” portalı vasitəsilə hansı çimərlikdə boş yerin olduğunu müəyyənləşdirsinlər. Çünki çimərliklər tutumundan artıq olduqda, yəni limit dolanda vətəndaşlar geri qaytarılır. Sakinlərə müraciət edirik ki, öz sağlamlıqları naminə mütləq qaydalara əməl etsinlər”.

C.Cəbrayılov deyib ki, artıq sosial məsafənin saxlanması ilə bağlı problem arxada qalıb. Çünki əhalinin özü də yaradılmış şəraiti görür və istər-istəməz qaydalara riayət edir: “Yenə də əsas problem vətəndaşların “cimerlik.az” saytına girmədən gəlmələridir. Çimərlik tam dolmuş olur, onları geri qaytarmaq məcburiyyəti yaranır. Elə çimərlik var ki, orada ərazi böyükdür, tutumu 900 nəfərdir, elə ərazi var 500 nəfərlikdir”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çimərliklər yaradılıb. Həmin çimərliklərdə soyunub-geyinmə otaqları, sanitar qovşaqları quraşdırılıb. Bu çimərliklər 24 saat ciddi nəzarətdədir.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov isə bildirib ki, rayon icra hakimiyyətləri tərəfindən bütün çimərliklərə yerində baxış keçirilib: “Ərazilərdə infrastrukturların yaxşılaşması üçün tədbirlər görülüb. Ən həssas məsələlərdən biri təmizliklə bağlıdır. İcra hakimiyyətinin tabeliyindəki qurumlar bunun üçün gücləndirilmiş iş rejimində çalışırlar.

“cimerlik.az” portalında hər bir çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunub. Xahiş edirik ki, vətəndaşlar gəlməzdən əvvəl portala daxil olaraq vəziyyəti öyrənsinlər və sıxlığın az olduğu çimərlikləri seçsinlər. Məqsəd odur ki, çimərliklərdə sıxlıq olmasın, yoluxma riski minimuma ensin”.

Ü.Xudiyeva

İ.Rafiqqızı

Virtualaz.org

Mənbə: virtualaz.org