Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir (FOTO)

Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Ümumdünya Foto Gününə həsr olunmuş "Mənim Çinim" adlı müsabiqə qaliblərinin onlayn-foto sərgisini keçirir.

Universitetdən Trend-ə verilən məlumata görə, sərgidə ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin Çində təhsil aldıqları müddətdə çəkilən fotolar nümayiş olunur. Fotosərginin materialları ilə Facebook-dakı Konfutsi İnstitutunun səhifəsində tanış olmaq mümkündür.

ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun fotoqrafiya sahəsində Azərbaycan-Çin münasibətlərindən bəhs etdiyi ünvanı da orada yerləşdirilib. O, ötən əsrin 60-cı illərində Bakıda ilk Çin foto sərgisinin keçirildiyini, bundan sonra Çində azərbaycanlı fotoqrafların fərdi sərgilərinin təşkil edildiyini, Azərbaycan foto sənətçilərinin YUNESKO-nun "İpək yolu gənclərin gözü ilə" Beynəlxalq Foto Yarışmasının Bakıdakı fotomüsabiqəsində və "Humanity Photo Award 10" müsabiqəsində, Çindəki Foto Festivallarında iştirak etdiyini qeyd edib. "Mənim Çinim" onlayn-fotosərgisinin fəxri qonağı, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin sədri, fotoqrafiyanın tanınmış ustası Mirnaib Həsənoğlu müraciətində Azərbaycan Fotoqrafiya tarixindən danışaraq ADU tələbələrinin fotolarını yüksək qiymətləndirib. O qeyd edib ki, fotoqrafiya həvəskarları, foto sənəti ilə maraqlanan gənclər ən böyük peşəkarlardır. Mirnaib Həsənoğlu həmçinin ADU tələbələrini Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə keçirilən Foto kurslarına dəvət edib.

Mənbə: az.trend.az