Virusdan qorunmaq üçün yeganə yol maska taxmaq, məsafə gözləmək və əl gigiyenasına əməl etməkdir

Virusdan qorunmaq üçün yeganə yol maska taxmaq, məsafə gözləmək və əl gigiyenasına əməl etməkdir

Bakı, 10 avqust, AZƏRTAC

Ölkəmizdə ilk yoluxma halları müşahidə edilən kimi dərhal karantin tədbirləri tətbiq olunmağa başladı və yoluxmaların sayı kifayət qədər azaldı. Karantin tədbirləri hazırda davam edir, sərtləşdirilmiş karantin tədbirləri də tətbiq edildi. Sonra məhdudiyyətlərin yumşaldıldı, yumşaldılmadan sonra yenidən yoluxmaların sayında artım qeydə alındı. Ay yarım əvvəl ölkəmizdə gün ərzində yoluxanların sayı 500-600-ə çatırdı. Yoluxma artırsa, deməli, xəstələrin də sayı çoxalır və buna uyğun olaraq stasionar müalicə müəssisələrinə də ehtiyac çoxalır. Hətta elə vəziyyət yaranır ki, pandemiya xəstəxanaları dolmaq üzrə idi. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah düzgün olaraq karantin rejiminin sərtləşdirilməsi haqqında qərar qəbul etdi və bunun nəticəsində yoluxma halları 100-dən aşağı rəqəmə düşdü. Bu, əlbəttə ki, yaxşı göstəricidir, lakin qətiyyən arxayınçılıq hissi yaratmamalıdır. Bunu mütləq nəzərə almaq lazımdır ki, indi pandemiya dövrüdür, yoluxmalar var, infeksiya mənbələri və yoluxma ocaqları var. Ehtiyatın əldən verilməsi yoluxma sayında yenidən çoxalmaya səbəb olar. Yumşalma tədbirləri avqustun 4-də oldu və bundan sonra daha böyük yumşalma tədbirləri gözlənilir. Bu cür yumşalma tədbirləri insanların sıxlığı və ünsiyyətin çoxalması ilə müşahidə olunur və yenidən çoxalma sayının artması ilə üzləşmək təhlükəsi ola bilər. Bunun baş verməməsi üçün qorunma tədbirlərinə daha ciddi əməl etmək tələb olunur. Qaydalara əməl edilməməsi yoluxma sayının çoxalmasına səbəb ola bilər və bunun nəticəsində yumşaltma sahəsindəki növbəti addımlar təxirə salına bilər. Ona görə də bu sahədə əsas məsuliyyət vətəndaşların üzərinə düşür.

AZƏRTAC xəbər verir ki, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib.

Komitə sədri qeyd edib ki, epidemiya və pandemiyalar həmişə olub: “Bəlkə də həyat, yaşayış mövcud olandan onlar var. Yüz il bundan əvvəl ispan qripi mövcud olub, ondan sonra yaranan quş qripi, SARS, MERS və s. kimi pandemiyalar həmişə gözlənilir. Hələ mən daha əvvəllər mövcud olan taun, çiçək və s. epidemiyalarından danışmıram. İnsan yaranandan həmin mikroorqanizmlər xəstəlik yaradır və yayılır. Xəstəliklər epidemiyaya, bəzən hətta pandemiya halını alır. İndi bütün dünyanı daha çox COVID-19 xəstəliyinin törədicisi maraqlandırır və onun mutasiyası ilə əlaqədar son vaxtlar çoxlu diskussiya və müzakirələr gedir. Virusda olan mutasiya onun yoluxduruculuq qabiliyyətini müəyyən qədər artırır. Bu, ilk dəfə İtaliyada aşkar edilib və dövr edən virusların 3 faizə qədəri mutantlardan ibarət olub. Yaxşı ki, mutasiya daha ağır xəstəlik törətmək formasında getmədi və həmin xoşagəlməz halla üzləşmədik. Ola bilsin ki, zaman keçdikcə bu virus dominantlıq edəcək və bu, bir daha onu göstərir ki, daha qəti şəkildə ondan qorunmaq lazımdır. Ona görə də vaksin tapılmayanadək isə qorunma tədbirlərinə ciddi əməl olunmalıdır. Əlbəttə, pandemiya çox uzun illər davam edə bilməz və əvvəl-axır bitərək narahatlığa son qoyulacaq”.

Professor hazırkı şəraitdə vətəndaşların infeksiyadan özlərini qoruması barədə danışarkən bunları söyləyib: “İki qorunma tədbiri var: biri maska taxmaq, sosial məsafəni gözləmək və gigiyenik qaydalara, xüsusən əl gigiyenasına əməl etməkdən ibarətdir, digəri isə vaksinasiyadır. Hazırda dünyanın əksər ölkələrində aparıcı şirkətlər vaksin hazırlanması ilə çox ciddi və intensiv şəkildə məşğul olurlar. Lakin o da məlumdur ki, vaksin hazırlanması uzun və mərhələli prosesdir, üstəlik tam təhlükəsiz və COVID-19-dan qoruyan vaksin istehsalı bu yaxınlarda gözlənilmir, biz az da dəqiq desək, ən azı yaxın bir-iki ayda onu gözləməyə dəyməz. Doğrudur, bəzi şirkətlər iki aydan sonra vaksinasiyaya başlayacaqları barədə məlumat yayırlar, lakin bu, inandırıcı deyil və ən yaxşı halda bu, gələn ilin əvvəllərində mümkün ola bilər. Ona görə də indiki halda yeganə qorunma tədbiri maska, məsafə saxlanılması və əl gigiyenası olaraq qalır”.

Mənbə: azertag.az