Şikayətçi: “Universiteti qırmızı diplomla bitirmişəm, süpürgəçi işləyirəm”

Şikayətçi: “Universiteti qırmızı diplomla bitirmişəm, süpürgəçi işləyirəm”

Bizimyol.info redaksiyasına Ağsu rayonundan şikayət daxil olub. 1985-ci il təvəllüdlü Əfəndiyev Vəfadar zəng edərək bildirib ki, II qrup əlildir, ağciyər çatışmazlığından əziyyət çəkir. Deyir ki, Memarlıq və İnşaat Universitetini fərqlənmə diplomu ilə başa vurub.

“Amma səhhətimə görə işsiz qalmalı oldum. Pandemiya dövründə DOST xidməti məni rayonda işlə təmin etdi. 240 manat məvacib alırdım. Adi süpürgəçilik. Lakin bu yaxınlarda səhhətim pisləşdiyinə görə, bir aydır Bakıya müalicəyə gəlmişəm. Ayrı yerdən qazancım yoxdur, kirayəmə, iynə dərmanıma pul çatdıra bilmirəm. Həmin maaş da əlimdən çıxmasın deyə, dedik bir müddət mənim yerimə anam baxsın, süpürgəçilik etdi. Lakin bu günlərdə yeni təyin edilmiş JEK (MİS) müdiri məni işdən çıxarıb, deyir ananı sənədlə işə götürə bilərik. Anam da süpürgəçi kimi öz iş yerindən 130 manat alır, İndi ondan da olsun istəmirik. İkisini də çatdıra bilir. Ağır iş deyil. JEK müdiri Əlihüseyin müəllim deyir, mən bura təzə gəlmişəm, İcra hakimiyyətinə de, səni mənə tapşırsınlar, İcra Hakimiyyətindən də deyirlər, JEK özü bilər. Orda işdən çıxarılan adamlara da deyirlər ki, Vəfadar şikayət etdi, hamınıza quyu qazdı. Mənim heç kimlə işim yoxdu. Öz hayıma düşmüşəm. Xahiş edirəm mənə kömək edin”.

Məsələni araşdırmaq üçün Ağsu Mənzil Kommunal Təsərrüfat Birliyinə yeni sədr seçilmiş Əlihüseyn Mayılovla əlaqə saxladıq. Qeyd edək ki, Əlihüseyin Mayılov bu il iyulun 30-da vəzifəyə təyin edilib.Vətəndaş tərəfindən səsləndirilən şikayət barədə dinlədikdən sonra Əlühüseyn müəllim bildirdi ki, məsələ nəzarətə götürülüb.

“Mən 10 gündür işləyirəm. Adı işdə olub, özü işləməyən vətəndaşları araşdırmışam. İşdən çıxarılanlar da buna görə çıxarılıb. Vəfadar Əfəndiyevin indi Bakıda olmasını bilirəm. Mən atası ilə danışdım. Onun işdən çıxarılmaması üçün dedim yerinə başqa bir namizəd tapaq adını yazdıraq. Bu gün atası ilə danışıb, bu problemi həll edəcəyik. Vəfadara kömək etməyə çalışırıq”.

İlhamə

Mənbə: www.bizimyol.info