“Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir!” adlı videoçarx hazırlanıb

“Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir!” adlı videoçarx hazırlanıb

Bakı, 10 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi çərçivəsində Milli Qəhrəman Mübariz İbrahimov haqqında “Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir!” adlı videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Mübariz İbrahimovun döyüş yolunu əks etdirən fotoşəkillər oxuculara təqdim olunub.

Videoçarxda deyilir: “Vətən qaladır. Əzəmətli, vüqarlı qala! Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Səməd Vurğunun "Ölüm var ki, həyat qədər dəyərli" - misrası nə qədər yaraşır onlara!

Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı qəhrəmanlar.

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.

Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir”.

Mənbə: azertag.az