Yenidən stresli, çətin günlərin gəlməməsi üçün... - Vəziyyətdən sadə çıxış yolu

Uzun müddətdən sonra Azərbaycanda koronavirusa yoluxma sayı ikirəqəmliyə düşüb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ötən gün 87 nəfərin test nəticələri müsbət çıxıb, 308 nəfər müalicə olunaraq evə buraxılıb, 2 nəfər isə bu xəstəlik səbəbindən dünyasını dəyişib. Ekspertlərin fikrincə, bu rəqəmlər Azərbaycanda iki aya yaxındır ki tətbiq edilən sərt karantin rejiminin nəticəsidir.

Bütün bu rəqəmlər, hazırkı epidemioloji vəziyyət nəzərə alınaraq ölkədə karantin rejimi xeyli yumşaldılıb. İri ticarət mərkəzləri istisna olmaqla bir sıra obyektlərin açılması, çimərliklərə girişin bərpa olunmasını buna misal çəkmək olar. Artıq bu gündən etibarən yüzlərlə insan işə çıxıb. Bu da normal olaraq ictimai nəqliyyatda, parklarda, dayanacaqlarda sıxlığın artmasına səbəb olub.

Dayanacaqlarda polis nəzarətinin azalmasını fürsət bilənlər avtobusa maskasız halda minərək, özlərinin və başqalarının həyatları üçün təhlükə yaratmaqdan çəkinmirlər. Onların arasında avtobusa mindikdən sonra maskasını çıxaranlar da az deyil.

Bununla yanaşı, ötən gün Bakı sakinlərinin, demək olar, yarıdan çoxunun çimərliklərə üz tutması, təbii olaraq, sıxlığa səbəb olub. Çimərliklərdəki adam sayına xüsusi şəkildə nəzarət olunsa da, vətəndaşların bir qisminin qaydalara riayət etməməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif kadrlar yayılıb. Hətta "cimerlik.az" saytında qeydiyyata düşməyən bəzi vətəndaşlar çimərliyə giriş limitinə nəzarət edən könüllülərə də iradlarını bildirib, özlərini haqlı çıxartmağa çalışıblar.

Həmçinin, dünən Bakının mərkəzində, Nizami küçəsində də sıxlıq müşahidə olunub. Kafe və restoranlar açılmasa da, insanlar qrup halında dolaşaraq koronavirusun yayılması üçün şərait yaradıblar. İki gün əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib ki, kafelər, restoranlar açılmayıb, amma insanlar küçələrdə toplaşır gəzir. Onun sözlərinə görə, əgər bu, belə davam edərsə, yoluxma arta və qadağalar yenidən bərpa oluna bilər. "Dövlətin məqsədi bu deyil, amma təəssüf ki, karantin qaydaları pozulduqca, sıxlıqlar, toplaşmalar artdıqca karantin qaydaları pozulacaq və yoluxmalar artacaq", - o bildirib.

Unutmaq lazım deyil ki, bu gün yoluxma sayının ikirəqəmliyə düşməsi, bir aydan çoxdur ki, stresli, ağrılı, çətin günlərin nəticəsində baş verib. Müəyyən iqtisadi və psixoloji faktorlar nəzərə alınıb, karantin rejimi yumşaldılıbsa, bu, artıq qaydalara riayət etmək lazım deyil anlamına gəlmir. Çünki qaydalara əməl olunmasa, biz yenidən yoluxma sayında ciddi artım müşahidə edə bilərik. Yoluxma sayının artması isə yenidən stresli, ağrılı, çətin günlərin geri qayıtması deməkdir.

Umarlı
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Orduya dəstək yürüşündə iştirak edib həbs olunanların yaxınları etiraz edirlər – VİDEO

SONRAKI XƏBƏR

Putin Lukaşenkonu yenidən Belarus Prezidenti seçilməsi münasibətilə təbrik edib