Saanen keçilərinin dondurma dadlı pendiri – İmişlidəki keçi təsərrüfatından repotaj

Saanen keçilərinin dondurma dadlı pendiri – İmişlidəki keçi təsərrüfatından repotaj

İmişlidə yerləşən Saanen keçi təsərrüfatında dondurma dadı verən pendir istehsalına başlanılıb.

AZƏRTAC xəbər verir ki, İmişlidə yaradılan Saanen keçi təsərrüfatında artıq pendir istehsalı həyata keçirilir. Bu pendirin spesifik xüsusiyyəti isə dondurma dadı ilə seçiliməsidir.

Təssərrüfatın icraçı direktoru Tural Nağıyev söyləyir ki, 1 il öncə İmişli rayonunda yaradılan keçi təsərrüfatı südlük istiqamətində inkişaf etdirilir. Artıq bu sahədə bir sıra uğurlar qazanılıb. Əvvəlcə fermaya gətirilən keçilər cütləşdirilərək onlardan bala alınıb. Çəpişlərin çoxu satılıb, qalanları isə təsərrüfatın genişləndirilməsi üçün istifadə edilib.

Hazırda fermada 400 baş keçi bəslənilir. Həmçinin təsərrüfatda sağım sexi də qurulmaq üzrədir. Yaxın günlərdə əllə sağım avtomatlaşdırılmış sağımla əvəz ediləcək. Bunun üçün ferma ərazisində 49 sağım seksiyasından ibarət məntəqə yaradılıb.

Tural Nağıyev deyir ki, fermadakı keçilərdən gündə ümumilikdə 200 litr süd əldə etmək mümkündür. Dörd faizə yaxın yağlılığı olan bu süddən təsərrüfatda iki növ pendir istehsal edilir. Bunlardan biri tərəkəmə pendiri adlanır ki, bu da çiy süddən mayalanma yolu ilə alınır. Digəri isə pasteriza olunan İspeşıl pendiridir. Dünyada bir nömrəli hesab edilən Saanen keçi südünün spesifik xüsusiyəti pendir məhsuluna öz təsirini göstərir. Bu pendir məhsulunu fərqli edən əsas xüsusiyətlərdən biri də dondurma dadı ilə seçilməsidir. Eyni zamanda, Saanen keçi pendiri rənginin ağ olması ilə də fərqlənir.

Təsərrüfatın pendir üzrə istehsalı texnoloqu İsmayıl İsayev isə bildirir ki, pendir istehsal edildikdən sonra 12 faizlik duzlu suda bir gün saxlanılır, sonra qablara yığılır. 25-40 gün müddətində pendir tam yetişdikdən sonra satışa verilir. Pendir ona görə duzlu suda saxlanılır ki, bu proses həm ola biləcək mikrobları məhv edir, həm də ona dad qatır.

Mənbə: azertag.az