Əhaliyə ŞAD XƏBƏR: Mağazalar açıldı, amma gigiyena şərtləri... - FOTO

Gözəllik ondur, karantin sübut etdi ki, yalnız biri dondur. Digər doqquzu isə sıra ilə sağlamlıqdır. Etiraf edək, evdə keçirdiyimiz iki mövsüm ərzində nəinki şopinq sevdamız səngidi, heç qarderobumuzdakı sevimli paltarlarımızı da geyinib getməyə məkan tapmadıq. İstənilən halda geyim mağazalarının bağlı qapıları onsuz da təşvişdə olan ruhumuzun yükünü bir az da artırdı.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il avqustun 10-dan qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla), müxtəlif istehsal sahələrinin fəaliyyətinə icazə verildi.

Bu əlamətdar hadisə Publika.az-ın da diqqətindən yayınmadı.

Ticarət obyektləri və vətəndaşlar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət olunub-olunmadığını öyrənmək üçün mağazalara üz tutduq.

Öncə yeraltı keçidlərdə fəaliyyət göstərən mağazalara daxil olduq. Qapıda hərarətimizi yoxlayan əməkdaşla qarşılaşmadığımız azmış kimi müştəri və satıcıların böyük əksəriyyətinin maskasız şəkildə məkanda gəzişməyi də nəzərimizdən yayınmadı. Böyüklərin geyim sevdası bir neçə aylıq arxa plana keçə bilər. Lakin yeni doğulan körpələr, saniyəbəsaniyə boy atan uşaqların qarderobu məcburən yenilənməlidir. Ayaq basdığımız bir çox uşaq geyimləri və oyuncaqları mağazalarında isə gigiyena şərtlərinə ikiqat riayət olunur.

Tanınmış brendlərin satıldığı mağazalar uzun durğunluqdan şikayət etsələr də müştəri axını əvvəlki saydadır. Sərtləşdirilmiş karantin müddətində satışlar onlayn şəkildə həyata keçirilsə də, digər sektorlar kimi bu sahə də kifayət qədər zərər görüb. Mağaza menecerləri karantin şərtlərinin yumşaldılmasına böyük ümid bəslədiklərini, bundan sonra satıcıların güzəranının stabilləşəcəyini gözlədiklərini bildirdilər.

Onu da xatırladaq ki, hazırda mağazalarda endirimlər mövcuddur. Odur ki, yararlanmağa tələsin.

Leyla Sarabi,

Foto: Pərviz Həşimi

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi Aralıq dənizinin şərqində fəaliyyət göstərəcək

SONRAKI XƏBƏR

Türkiyəyə qarşı şok həmlə: Dörd ölkədən etiraz – NATO-ya çağırış