Üç xanımın həyatına son qoyan iranlı həkimin hələ də azadlıqda olmasına səbəb nədir? – ARAŞDIRMA

Üç xanımın həyatına son qoyan iranlı həkimin hələ də azadlıqda olmasına səbəb nədir?     – ARAŞDIRMA

“2017-ci ildə Zəfəran Hospitalda dünyasını dəyişmiş gənc model Leyla Oruclu, 2019-cu ilin may ayında Baku Medikal Plazanın Babək filialında dünyasını dəyişmiş həkim-ginekoloq Sona Gürgün Vəliyeva və bu ilin may ayının 11-də, yenə Baku Medikal Plazanın Babək filialında dünyasını dəyişmiş 24 yaşlı Turanə Musazadə məhz Siruz Qoçxaninin qurbanlarıdır”.

 

Bunu Huriyyet.org-a ictmai vəkil Samir Zeynalov bildirib. Samir Zeynalov, İran İslam Respublikasının vətəndaşı Siruz Qoçxaninin icra etdiyi plastik-estetik əməliyyatlar nəticəsində 3 nəfər xanım pasiyentin həyatına son qoyduğunu qeyd edib. O, bu barədə nə Səhiyyə Nazirliyi, nə də ki, hüquq-mühafizə orqanlarının bu günə qədər heç bir zəruri tədbir görmədiyini deyib:

 

“3 nəfərin qatili Siruz Qoçxani hələ də azadlıqdadır.

 

Məlum olduğu kimi 2008-ci ildən etibarən ölkəmizdə qeyri-qanuni olaraq fəaliyyət göstərən İran İslam Respublikasının vətəndaşı Siruz Qoçxani icra etdiyi plastik-estetik əməliyyatlar nəticəsində 3 nəfər xanım pasiyentin həyatına son qoyub.

2017-ci ildə Zəfəran Hospitalda dünyasını dəyişmiş gənc model Leyla Oruclu, 2019-cu ilin may ayında Baku Medikal Plazanın Babək filialında dünyasını dəyişmiş həkim-ginekoloq Sona Gürgün Vəliyeva və bu ilin may ayının 11-də, yenə Baku Medikal Plazanın Babək filialında dünyasını dəyişmiş 24 yaşlı Turanə Musazadə məhz Siruz Qoçxaninin qurbanlarıdır.

 

Hər kəsin nəzərinə bir daha çatdırmaq istəyirəm ki, Siruz Qoçxani Azərbaycanda fəaliyyətdə olduğu müddətdə Azərbaycan Respublilasının Nazirlər Kabinentinin Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydasının təsdiq edilməsi haqqında 12 yanvar 1999-cu il tarixli 5 nömrəli qərarı, eləcə də Əhalinin Sağlamlığının Qorunması Haqqında Qanunun tələblərinə əsasən sertifikat almamış və təkrar sertifikasiya prosesindən keçməmişdir.

 

Sertifikasiya prosesindən keçməyən tibb işçilərinin isə praktik tibbi fəaliyyətlə məşğul olması qanunla qadağan edilir. Bundan başqa təhsil nazirliyinin açıqlamasına görə Siruz Qoçqani ixtisasca cərrah deyil.

 

Konkret olaraq sadə desək bu şəxsin həkim kimi işləməyə, əməliyyatlar icra etməyə hüququ yoxdur.

 

Müvafiq çatışmazlıqlara baxmayaraq, qeyd olunduğu kimi məlum şəxs ölkəmizdə qanunsuz fəaliyyət göstərdiyi müddət ərzində 3 nəfər şəxsin həyatını itirməsinə baiskar olub.

 

Bu barədə nə Səhiyyə Nazirliyi, nə də ki, hüquq-mühafizə orqanları bu günə qədər heç bir zəruri tədbir görməyib.

 

Tərəfimdən Səhiyyə Nazirliyinə ünvanlanan yazılı müraciətin baxılması və araşdırılması üçün qanunsuz olaraq Baku Medikal Plazaya göndərilməsi məhz ondan xəbər verir ki, nazirlik Siruz Qoçxaninin cinayətkar fəaliyyətinin dayandırılmasında, eləcə də klinika rəhbərliyi haqqında inzibati tədbir görməkdə maraqlı deyil.

 

Cəzasızlığın, haqsızlığın, qanunsuzluğun və insan həyatına biganəliyin nəticəsidir ki, Siruz Qoçxani hələ də iş başındır. Qanunsuz fəaliyyətini hazırda Baku Medikal Plazanın Mərkəz filialında davam etdirən məlum şəxs, insanların həyatını əsassız riskə məruz qoymağa davam edir.

 

Görəsən, daha nə qədər insan bu şəxsin əlində ölməlidir ki, onu cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun?!

 

Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, niyə susur?! Kimdən qorxur?!

 

Məgər Azərbaycan vətəndaşının həyatı, bu qədər ucuzdurmu?!

 

Cinayət işinin başlanılması üçün zəruri sübutlar ortadadır, təqsirkarın şəxsiyyəti müəyyəndir.

 

O zaman bu günə qədər cinayət işinin başlanılmamasının səbəbi nədir?!

 

Səhiyyə Nazirliyinin bu qanlı və qanunsuz gerçəkliyə laqeyidliyinin səbəbi nədir?!

 

Bu suallara cavab tələb edirəm!”.

Baku Medikal Plazanın Babək filialında dünyasını dəyişmiş 24 yaşlı Turanə Musazadə məhz Siruz Qoçxaninin qurbanlarındandır. Baku Medikal Plazaya ünvanlanmış sorğuda,Siruz Qoçxani barəsində Xətai Rayon Prokurorluğunda müvafiq araşdı rmaların aparıldığı bildirilib.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış sorğuda isə bildirilir:

 

“Tibb kadrların vahid registrindən əldə olunan məlumata görə, İran İslam Respublikasının Behişti adına Tibb Elmləri, Sanitar və Müalicə Xidmətləri Universitetinin məzunu Siruz Qoçxani Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifkasiyasından keçməmişdir”.

Hər halda, üç nəfər azərbaycanlı xanımı əməliyyat masasında qurban verən şəxsin həbs olunub və ya olunmayacağına Baş Prokurorluq daha yaxşı bilər. Üç qurban, fakt və digər sübutlar ortalıqdadır. Digər tərəfdən də Səhiyyə Nazirliyindən bildirildiyi kimi, Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifkasiyasından keçməyən Siruz Qoçxaninin ölkəmizdə həkimlik fəaliyyətinə icazə verilməsi daha maraqlı və müəmmalıdır…Məncə, Baş Prokurorluq üçün ən böyük fakt bu ola bilər…

 

Yəhya, Hurriyyet.org

Mənbə: buta.ws