Bakı Dövlət Universitetinin magistrantları onlayn imtahan sessiyasının təşkilini müsbət qiymətləndiriblər

Bakı Dövlət Universitetinin magistrantları onlayn imtahan sessiyasının təşkilini müsbət qiymətləndiriblər

Bakı, 11 avqust, AZƏRTAC

COVID-19 pandemiyası təhsilin məzmunu və formatına yenidən nəzər salmaq zərurətini meydana çıxardı. Azərbaycan təhsili tarixində ilk dəfə baş tutan onlayn təlim-tədris prosesi və imtahan sessiyasının reallaşmasına Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim kollektivi, texniki heyəti və tələbələri böyük təəssübkeşlik hissi ilə öz töhfəsini verdi. Nəticədə Bakı Dövlət Universiteti bu çətin günlərdə tədris prosesini onlayn formata keçirməklə, ikinci semestrin imtahan sessiyasının uğurla təşkilini təmin edə bildi.

AZƏRTAC Bakı Dövlət Universiteti magistrantlarının imtahanların gedişi, hazırlıq prosesi, qiymətləndirmə və s. haqqında fikirlərini təqdim edir.

Sosial elmlər və psixologiya fakültəsinin magistrantı Xalidə Məlikova: “Tədris prosesinin mövcud şəraitə uyğunlaşdırılması, müasir tələblər səviyyəsində qurulması səbəbindən yaddaş təhsilindən təfəkkür təhsilinə keçid zərurəti yarandı. Bu baxımdan, BDU-da pandemiya şəraitində həyata keçirilən təhsil prosesi təqdirəlayiq addımlarla yadda qaldı. Mart ayından davamlı şəkildə həyata keçirilən onlayn dərslər, həmçinin onlayn imtahanlar mütəşəkkil qaydada təşkil edildi. Ənənəvi təhsil zamanı qarşılıqlı emosional əlaqənin və duyğuların ötürülməsi onlayn dərslərə nisbətən daha güclü olsa da, məsafədən dərslərin də tələbələr arasında müəyyən marağa səbəb olduğu, kommunikasiya texnologiyaları ilə əlaqələndiyi üçün tələbələrdə dərslərə həvəslə yanaşılması müşahidə edildi. İmtahan nəticələri, ən əsası giriş ballarının yüksək olması hamımızı sevindirdi. Onlayn dərslərimiz də ən azı auditoriyada olduğu qədər məhsuldar keçdi. Sessiyanı yüksək qiymətlərlə bitirdiyimə görə çox sevinirəm. BDU-nun rəhbərliyi və fakültəmizin müəllim kollektivinə, imtahanların yüksək səviyyədə təşkili üçün təşəkkürümü bildirirəm.

BDU-nun, zərurət yaranarsa, onlayn tədrisdə daha mütərəqqi metodlardan istifadə etməklə tədris prosesinin maksimum yerinə yetirilməsi, bilik və peşə vərdişlərinin tələbələrə daha müasir metodlarla çatdırılmasında böyük nailiyyətlərə imza atacağına əminəm”.

Tarix fakültəsinin magistrantı Ruqiyyə Piriyeva: “COVID-19 pandemiyası yeni çağırışlar irəli sürdü, distant təhsillə bağlı təşəbbüslərin sürətli həllinə yeni imkanlar yaratdı. Mövcud vəziyyətə əsasən, BDU-da semestr imtahanları distant formada təşkil olundu. Bu təcrübənin uğurlu nəticələnməsində fədakar müəllimlərin, öyrənməyə həvəsli tələbələrin və yorulmadan çalışan əməkdaşların zəhməti danılmazdır. İmtahan sessiyasının gedişində tələbələrin onlayn tədris prosesində əldə etdikləri bilik və bacarıqların nümayişi üçün həm universitet rəhbərliyi, həm də fənn müəllimləri tərəfindən hərtərəfli şərait yaradıldı. Tədrisin distant təşkili dərslərin keyfiyyətinə təsir etmədi. Onlayn dərs zamanı mövzular müəllim-tələbə arasında diskussiya şəraitində aydınlaşdırıldı. Müəllimlər tələbələrin verilən mövzuları fərdi şəkildə çatdırmasına hər cür şərait yaratdı.

Kitabxanaçılıq-informasiya fakültəsinin magistrantı Hacı Qasımlı bildirib ki, pandemiya şəraitində Bakı Dövlət Universitetinin ilk mərhələdə əsas vəzifəsi tədris prosesində davamlılığın təmin edilməsindən ibarət oldu. Onlayn dərslərin təşkil olunmasında, imtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsində bütövlükdə universitet kollektivi fəal iştirak etdi. Təhsil aldığım müddətdə imtahanların təşkili və gedişi zamanı şahidi olduğum əsas məqam imtahan nəticələrimin yazdığım cavablara uyğun qiymətləndirilməsi olub. Onlayn imtahan nəticələri də bilavasitə tələbənin yazdığı suallara uyğun, konkret məzmunlu, 0-10 bal aralığında qiymətləndirilərək, obyektiv həyata keçirildi. Pandemiya şəraitində təhsilin fasiləsizliyini təmin etmək ilk baxışda nə qədər çətin görünsə də, BDU ailəsi bu çətinliyin öhdəsindən layiqincə gəlməyi bacardı. “Microsoft Teams” platforması üzərindən dərslərin və imtahan sessiyasının təşkili müvəffəqiyyətlə həyata keçirildi.

Geologiya fakültəsinin magistrantı Elnur Qasımov: “Onlayn tədrisin metodologiyası tamamilə fərqlidir. Distant - müəyyən məsafədən keçirilən təlim-tədris sistemi hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Bakı Dövlət Universitetində də mövcud səbəbdən imtahanlar ilk dəfə onlayn təşkil edilməsinə baxmayaraq, tədris və imtahan zamanı problem müşahidə olunmadı. Əksər tələbələr semestri yüksək qiymətlərlə başa vurdular. Yekun olaraq imtahan prosesinin gedişini müsbət qiymətləndirirəm. Universitetdə tələbələrin bu dönəmdə maarifləndirilməsi, tədris zamanı elektron dərs vəsaiti ilə təmin edilməsi və imtahanların təşkili birbaşa olaraq BDU kollektivinin əməyinin nəticəsidir. Universitet rəhbərliyinin tələbəyönümlü qərarları tələbələrin imtahanlarda uğurlu nəticələr əldə etməsinə müsbət təsir göstərdi.

Kimya fakültəsinin magistrantı Xanım Novruzlu vurğulayıb ki, ölkəmizdə ali təhsilin flaqmanı sayılan Bakı Dövlət Universiteti COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətə uyğun məqsədyönlü addımlar ataraq məsafədən təhsilin təşkili işində uğurlu fəaliyyət göstərdi. Azərbaycanda onlayn dərslərin və imtahanların ilk dəfə keçirilməsinə baxmayaraq, Bakı Dövlət Universiteti bu işin öhdəsindən yüksək səviyyədə gəldi. İmtahanlar şəffaf keçirildi, qiymətləndirmənin obyektivliyi maksimum qorundu. Yaz semestrinin və imtahanların uğurla yekunlaşması BDU kollektivinin birgə əməyinin sayəsində həyata keçdi. İmtahanların yüksək səviyyədə təşkili, tələbəyönümlü olmasına, edilən güzəştlərə görə BDU rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.

Mənbə: azertag.az