İstanbul-Ulan-Bator reysində doğulan əkiz qızlara və analarına pulsuz ömürlük təyyarə bileti bağışlandı

İstanbul-Ulan-Bator reysində doğulan əkiz qızlara və analarına pulsuz ömürlük təyyarə bileti bağışlandı

Monqolustan milli aviaşirkəti MIAT cümə axşamı, keçən ay havada dünyaya gələn əkiz qızlara və analarına pulsuz ömürlük təyyarə biletlərinin sertifikatı verib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, əkizlər iyulun 9-da Türkiyənin İstanbul şəhərindən Monqolustan paytaxtı Ulan-Batora uçan çarter reysində dünyaya gəliblər.

Qızlar qrafikdən iki ay əvvəl doğulublar.

Bu gün avqustun 13-də qadın qızları ilə birlikdə İnfeksiya Xəstəlikləri üzrə Milli Araşdırma Mərkəzinin məcburi təcridxanasından çıxıb.

Onlar həmin reysin ekipaj üzvləri tərəfindən hədiyyələr və çiçəklərlə qarşılanıb.

İndi uşaqlar və 42 yaşlı anaları sağlamdır. MIAT-ın məlumatına görə, bu, Monqolustanda mülki aviasiya tarixində ikinci hadisədir. 1966-cı ildə AN-24 təyyarəsinin göyərtəsində qadın uçuş zamanı bir oğlan uşağı dünyaya gətirib.

İndi o, 54 yaşındadır, adı Mönqönhüleqdir. Tərcüməsi “gümüş at” deməkdir. Monqollar hərəkət edən hər şeyə hörmətlə “at” (“hüleq”) deyirlər. Məsələn, aqaarın hüleq – hava atı və s.

Mənbə: konkret.az