Saatlıdan Saatlıya

Saatlıdan Saatlıya

Şuşanı mən şuşalılar qədər çox sevirəm. Lap çox sevirəm. Sevgimin bir səbəbi dağların baş tacı olan köksü yaralı yurduma qovuşmaq həsrətidir. Həsrətlilər daha çox sevgi hisslərinə malik olur axı. Digər sevgim isə Şuşada qanı qanımdan, canı canımdan olan əqrabalarımın olmasıdır.

- Əqrabalarımmı?
- Bəli, qohumlarım!
Bu necə olur, Qazax hara, Şuşa hara, - deyəcək insanlar da olacaq, əminəm.
İndi dərdlərinizi bir az da özünüzdən aralı tutun ki, yazacaqlarımı oxuyarkən sizləri çox yormayım.

Hə, əziz dostum!
Dağlar gözəli Şuşa şəhərinin yaranmasından düz 268 il vaxt keçir. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı məşhur Pənahəli xan tərəfindən qoyulub. Şəhər ilk vaxtlarda xanın şərəfinə Pənahabad adlandırılsa da, sonradan Şuşa adı ilə tanındı. Adın etmiologiyası haqqında bir çox tarixi və əfsanəvi məlumatlar vardır. Tər-təmiz türk sözüdür. Birinci mənası buzlu ərazisi, buludlu havası olduğu üçün "Şüşə" və ya şiş qayalıqlardan ibarət olduğu üçün "Şişə" adlandırılmışdır. Həm də məntiqlidir.
İlk başlanğıcda şəhər yerləşimə səmtinə görə iki hissəyə - Yuxarı məhəllə və Aşağı məhəllə adı ilə iki inzibati əraziyə bölünür.
Yuхarı məhəllədə 8 - Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Hamamqabağı, Merdinli, Təzə məhəllə və Dəmirçilər məhəllələri, Aşağı məhəllədə isə 9 - Seyidli, Culfalar, Quyuluq, Çuхur məhəllə, Dördlər qurdu, Hacı Yusifli, Dörd çinar, Çöl qala, Qurdlar məhəllələri vardır.
Aman Tanrım, məhəllə adlarına baxın bir. Hamısı tər-təmiz türk toponimləridir.
Hə...
Bu məhəllələrin digər 16-sı ilə işim olmayacaq, onların haqqında paylaşım etməyi tarixçi dostlarımdan istərdim. Hərçənd ki, Dəmirçilər məhəlləsi haqqında da dəqiq bilgilərim vardır.
Əsas söhbət açacağım məhəllə isə SAATLI məhəlləsi haqqındadır...

Bu yerdə dəyərli oxucunu yormadan Şuşadan kiçicik bir ekskurs edərək Qazax mahalının Qıraq Salahlı kəndinə gedirəm. Yəni doğulub, boya-başa çatdığım kəndə. Yazılı tarixi haqqında məlumatlar 600 il öncəyə gedib çıxan qıpçaq yurdu olan, minillik keçmişdən gələn qədim Sak (Salak) tayfalarına məxsus qollardan təməl olmuş kəndimiz binə olduğu gündən Kür çayının düz sahilində yerləşib. Odur ki, əsrlər boyu çörəyi, suyu Dəli Kürdən çıxan Salahlılar da təbiət etibarilə elə Kürə oxşayaraq kür olmuşlar. Həm də böyüklüyünə görə qədimdən Qıraq Salahlı kəndinə "Min öylü Salahlı" deyilirmiş. SAATLI, Keşəli, Şəmmədli, Sədəfli, Qazaxlı məhəllələrindən ibarət olan kənd türk dünyasına, bəşəriyyətə yüzlərlə dahi sənətkar, şair, yazıçı, hərbçi, həkim, din xadimi, müəllim, musiqişünas, alim, ziyalı bəxş etmişdir. Bu dahi şəxsiyyətlərdən biri də mahalda ad-san çıxarmış, "hər oxuyan Molla Pənah olmaz" zərb məsəlinin sahibi-ünvanı Molla Pənah Vaqif olmuşdur. 40-41 yaşlarınadək Salahlının Saatlı məhəlləsində yaşayan Molla Pənah təxminən 1757-ci ildə yüzlərlə həmkəndlisi ilə birgə Qarabağa, daha doğrusu Qarabağın mərkəzi şəhəri olan Şuşa şəhərinə köçür.
Təbii ki, bu köç nə səbəbsiz, nə də könüllü deyildi. Belə ki, XVIII yüzilin ortalarından başlayaraq Qazax mahalının və qonşu Borçalı ellərinin ərazisində feodal üsul-idarələrinə qarşı münaqişələr baş qaldırmışdır. Kür çayı kimi kürlük edən salahlılar da yerli feodallara qarşı mübarizələr aparmış, münaqişələrdə qanlı toqquşmalara kimi gedilmiş və son anda yerli əhalinin bir hissəsi bu qarşıdurmadan can qurtarmaq üçün Pənahəli xanın yeni saldırdığı, mədəniyyət və təfəkkür mərkəzinə, ticarət bölgəsinə çevrilmiş Şuşa şəhərinə köçməyə qərar vermişdir...

Hələlik dəyərli oxucunu yormadan ekskursu buradaca bitirib Şuşaya - SAATLI məhəlləsinə qayıdıram.

Mərum atam İmrayıl müəllimin araşdırdığı tarixi bilgilərə söykənərək deyə bilərəm ki, Qıraq Salahlıdan köç edən əllidən çox ailənin böyük hissəsini kəndin Saatlı məhəlləsindən olan ailələr təşkil etmişdir. Bundan başqa, Qazağın digər kəndlərindən köç edən əhali də Şuşada Salahlıdan köç etmiş ailələrin qonşuluğunda məskunlaşırlar. Köç edən SAATLI məhəlləsinin ailələri içərisində Molla Pənah Vaqif də olduğu üçün şair bu yeni salınan məhəlləni "Kiçik Saatlı məhəlləsi" adlandırmışdır. Sonradan bu ad məna genişlənməsinə səbəb olaraq Şuşada salınmış yeni məhəlləyə - SAATLI MƏHƏLLƏSİnə çevrilir. Molla Pənah bu məhəllədə mədrəsə açmış və dərs demişdir. Digər məhəllələrdə olduğu kimi, qısa müddətdə Saatlı məhəlləsi üçün də hamam, məscid tikilmişdir.

Sonradan Molla Pənah Vaqif Şuşada ağlı, idrakı, elmi, savadı, qanacağı ilə ad-san çıxararaq Qarabağ xanının diqqətini cəlb etmiş və onu xanın sarayına dəvət edərək xanlığın Eşik ağası, yəni xarici siyasət vəziri təyin edirlər.

Sonralar, yəni XIX əsrin sonlarından başlayaraq Dəli Kürün yaz aylarında quduz it kimi qudurub daşmış ləpəli dalğaları sahildə yerləşən qədim Qıraq Salahlı kəndinin evlərini ağuşuna alaraq dəryalara qərq edirdi. Kənd düz üç dəfə Kürün hücumuna məruz qalmış və yerini yuxarılara doğru dəyişmişdir. Artıq 1930-cu illərdə Saatlı, Keşəli, Şəmmədli, Sədəfli, Qazaxlı məhəllələrinin ailələri dağılaraq Kür boyunca yeni salınan 3 kənddə - Yuxarı Salahlı, Orta Salahlı və Aşağı Salahlı kəndlərində məskunlaşdılar.

Lakin Qıraq Salahlının SAATLI məhəlləsindən Şuşaya köç etmiş ailələrin taleyi isə daha ağır oldu. Quduz erməni vəhşilərinin işğalı nəticəsində 1992-ci ilin 8 may tarixindən bəxtlərinə qaçqınlıq taleyi yazılmış şuşalı qardaş, bacılarımız kimi SAATLI məhəlləsinin sakinləri - qohumlarımız da öz yürd-yuvalarını tərk edərək 268 yaşlı Şuşanın 28 illik Şuşasız insanlarına çevriliblər...

Mən ona görə də Şuşanı şuşalılar qədər çox sevirəm. Çünki qanı qanımdan, canı canımdan olan əqrabalarım dağlar tacı Şuşadan didərgin düşüb.
Bəli, qohum-əqrabalarım...

İnanıram ki, ən yaxın zamanda Şuşanın 17 məhəlləsində əvvəlki həyat yenidən bərpa olacaq, mən də böyük şövqlə SAATLI məhəlləsinə gedərək Vaqif babamın ayaq basdığı torpağı yerdən götürüb gözümə sürtüb, vətən daşı qarşısında diz çöküb "Kəbəm" deyib səcdə edəcəm...

Yusif Alıyev (Avşar)
Milli.Az

Mənbə: news.milli.az