Belarusdan vəcdə gələn müxalifət...

Vaxtilə yaxasına “qızıl gül” taxan, narıncıya boyanan, “ərəbləşən” və dünyanın ən ucqar yerində hansısa etirazdan feyz alan Azərbaycan müxalifəti bu dəfə Belarusda baş verənlərdən vəcdə gəlib.
Minskdə bir neçə gün keçirilən etirazlar artıq başa çatmaqdadır, ölkənin müxtəlif yerlərində sönük çıxışlar edilir.
Aleksandr Lukaşenko qələbəsini elan edib, dünya liderlərinin təbriklərini qəbul edir, Azərbaycan müxalifəti isə hələ də Minsk küçələrinin qaranlıq tinlərindən “boylanırlar” və arzulayırlar ki, bunu bizim ölkədə necə tətbiq edə bilərik.
Təəccüblü deyil, müxalifətin bütün siyasi həyatı yalnız belə arzular və gözləntilərdən ibarət olub. Bu dəfə də onların müzakirəsi nəqədər acınacaqlı görünsə də, başadüşüləndir.

 


Misal üçün, Altay Göyüşov yazır: “Belarus hadisələri bir daha göstərdi ki, camaatı seçkilərə çağırmaq, seçkilərdə iştirak, kütləviliyin təmin olunması vacib məsələdir”.


O demək istəyir ki, kütləviliyi təmin edə bilsək, bəlkə nəsə edə bilərik.


Azərbaycanda indiyə qədər neçə prezident, parlament və bələdiyyə seçkiləri keçirilib. Müxalifət ən şahənşahlı dövründə belə küçəyə 5 mindən artıq adam çıxara bilməyib. Bu, ölkə əhalisinin mində birindən də azdır. İndi siyasi fəaliyyəti yalnız sosial şəbəkədə status yazmaq olan müxalifətin küçəyə çıxaracağı say 100-ə belə çatmır.

 


Hansı kütləvilikdən bəhs edirlər?


Xalq müxalifətə dəstək vermirsə, problemlərin həllini küçəyə çıxmaqda görmürsə, bunun bir cavabı var: dəyişiklik istəmir, mövcud hakimiyyətə alternativ görmür və yaxud da cəmiyyət üçün müxalifət artıq bitmiş hekayədir. Çünki xalqın dəyişiklik gözləntisi müxalifətin arzuladığı “rəngli inqilab” yox, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlardır.


Avropada yaşayan jurnalist İsmayıl Cəlilovun maraqlı etirafı da diqqət çəkir. O bildirir ki, Belarusda insanlar küçələrə çıxıb öz haqlarını tələb edirlər, amma Azərbaycanda heç kim küçəyə çıxmayıb, xalq da evdədir.

 


Bəli, xalq evində, işində-gücündədir, müxalifətin anlamaq istəmədiyi reallıq da məhz budur.


İctimai fəal Bəxtiyar Hacıyev isə təklif irəli sürür və deyir ki, “ən qısa zamanda Azərbaycanda siyasi partiyalar, vətəndaş cəmiyyəti təmsilçiləri, ziyalılar arasından demokratik dəyərləri əsas götürənlər Belarus xalqına dəstək bəyanatı imzalamalıdırlar”.

 


Sual yaranır, niyə?


Belarusda seçkilər o ölkənin daxili işidir və belaruslular öz seçimlərini edbirlər.


Bəs Azərbaycanda kimlərinsə belə təşəbbüsləri nəyə hesablanıb?

 


Məlumdur ki, Belarusda namizədliyini irəli sürən Tixanovskaya və danışanlar hardan və necə idarə olunurlar. Bu, narıncı, qızıl gül və sairə inqilablar silsiləsindən olan növbəti uğursuz cəhd idi ki, qarşısı alındı.


Bəxtiyar Hacıyevin təşəbbüsü və təəssüfü də buradan qaynaqlanır. Məsləhətdir ki, o və onun cəfəng iddiasını bölüşənlər Corc Sorosa başsağlığı yollasınlar, ürək dirək versinlər. Yəqin ki, buna ən çox üzülən Sorosun özüdür.


Vaxtilə ölkədən qaçan Səid Nuri isə iddia edir ki, "Belarusda olan hadisələrin bizdə baş verməsi zaman məsələsidir. Amma burada bir nüans var ki, biz nə qədər hazır olacağıq?! Bu təcrübələri öyrənmək lazımdır...".

 


Müxalifət təxminən 20 ildir ki, belə təcrübələrin arxasınca sürünür. 2000-ci ilin əvvələrindən etibarən Gürcüstan, Ukrayna, Qırğızıstan və digər təcrübələrdən bir şey çıxmayanda ərəb təcrübəsinə baş vurdular, onda da da bir şey alınmadı. İndi qabaqlarına çıxan təcrübəni öyrənməklə məşğuldurlar. Amma onların etdikləri narıncıya bürünmək, qızılgüllər taxmaq və boş-boş danışmaqdan başqa bir şey deyil. Çünki xalq xalq öz ideyası, proqramı, dəsti-xətti olmayan, fəaliyyətini yalnız virtual məkanda siyasi demaqogiya üzərində quran, xaricdə gedən prosesləri təqlid etmək, eynilə kopyalayıb tətbiq etməyə çalışmaq üzərində quranlardan artıq çoxdan heç nə gözləmir və istəmir.


İllər keçəcək, bu müxalifət yenə də dəyişməyəcək və yenə hansısa təcrübələri öyrənməklə məşğul olacaqlar. Azərbaycan isə dəyişir və hər keçən gün daha çox hiss olunur. Ölkənin inkişafı ilə ayaqlaşa bilməyənlərin həmişə arxada qalacağı qaçılmazdır...


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

Dərslər necə keçiriləcək - “Biz hamımız ənənəvi təhsilin tərəfdarıyıq”

SONRAKI XƏBƏR

“Türkiyə ilə münasibətimiz o dərəcədə möhkəmdir ki...”- Münasibət