Paytaxtda keçid mədəniyyətində ciddi problemlər var - Günahın bir hissəsi piyadalardadır

Keçidlərlə bağlı qərar verilərkən gərək həmin ərazilərdə piyada axını, o cümlədən də you dönəcək avtomobillərin də axını ölçülsün və bundan sonra müvafiq qərar verilsin

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Bir müddət öncə Bakıda daha bir yolayrıcının hər dörd tərəfi piyada zolağı ilə nişanlandı. Belə ki, paytaxtın Üzeyir Hacıbəyli və Kövkəb Səfərəliyeva küçələrin kəsişməsi 3 tərəfli keçiddən 4 tərəfli keçidə keçirilib. Lakin paytaxtın əksər yollarında keçidlərin 3 tərəfli olması hələ də problem olaraq qalır.

Bu isə o demək idi ki, bir şəxs küçənin digər tərəfinə keçmək üçün yolunu ya 3 qat artırmalı olacaq, ya da özünü riskə atıb elə nəqliyyatın hərəkəti zamanı yolu keçməli olacaq. Bu yollardan yalnız cavanların deyil, fiziki məhdudiyyəti olan şəxslərin, yaşlıların da keçdiyini nəzərə alsaq, o zaman vəziyyətin daha da qəliz oduğunu görə bilərik.

Şəhəri piyadayönümlü etmək və bir çox riskləri qarşılamaq üçün dördtərəfli keçidlərin təşkili vacib amildir. Bu gün dünyanın inkişaf etmiş ölkələri, avtomobilləşmiş şəhərlərində də bu təcrübəni görmək mümkündür.

Yol-nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə bu mövzu ətrafında söhbətləşdik. Ekspert keçidlərin 3 tərəfli olmasının yaratdığı çətinliklərdən söz açıb: "Nizamlanan yol ayrıclarında 4 tərəfdə deyil, yalnız 3 tərəfdə piyada keçidinin olması əsas problemlərdən biri olaraq qalır. Qeyd edim ki, xüsusən də piyadaların sıx hərəkət etdiyi küçələrdə bu amil problemlər yaradır. Çünki yol keçmək üçün heç kəs yolunu 3 dəfə uzatmaq istəmir. Bu isə avtomobillərin hərəkəti zamanı problemə səbəb olur. Belə bir vəziyyət həm piyadalar, həm də sürücülər üçün narahatlıq doğurur. Belə olan halda sürücülər piyadanın yola çıxmasını gözləmirlər. Təbii ki, belə olan halda xoşagəlməz situasiya ortaya çıxır".

"Keçidlərin təşkili zamanı bu problemə böyük diqqət ayırmaq lazımdır. Lakin etiraf edək ki, bəzi hallarda dördüncü qolda piyada keçidinin olması məqsədəuyğun deyil. Təbii ki, bu zaman da bunu əsaslandırmaq lazımdır", - deyə o əlavə edib.

O bildirib ki, keçidlərlə bağlı qərar verilərkən gərək həmin ərazilərdə piyada axını, o cümlədən də you dönəcək avtomobillərin də axını ölçülsün və bundan sonra müvafiq qərar verilsin: "Yəni, qərarlar verilərkən üstünlüyün yalnız sürücülərə verilməsi düzgün olmaz. Piyadaların da maraqlarının nəzərə alınması və təmin olunması mütləqdir".

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Hulusi Akardan Bakıda vacib mesaj - “Lazım olan nə varsa, edəcəyik”

SONRAKI XƏBƏR

COVID-19 qurbanlarının sayı 750 mini ötdü