Ombudsman Beynəlxalq Gənclər Gününə həsr edilmiş onlayn beynəlxalq forumda iştirak edib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 12-13 avqust tarixlərində Beynəlxalq Gənclər Gününə həsr edilmiş “Gənclər-2020: Qlobal həmrəylik, davamlı inkişaf və insan hüquqları” mövzusunda Səmərqənd İnsan Hüquqları onlayn Forumunda iştirak edib. Bu beynəlxalq tədbir Özbəkistanın Milli insan hüquqları mərkəzi, Xarici İşlər Nazirliyi, BMT-nin bu ölkədəki nümayəndəliyi, ATƏT və digər qurumlar tərəfindən təşkil edilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarını və təşkilatçılarını salamlayan Müvəkkil müasir dövrdə gənclərin qərar qəbuletmə proseslərində iştirakının olduqca vacibliyini və bunun artıq yeni eramızın bir çağırışı olduğunu söyləyib.

Səbinə Əliyeva müvafiq sahədə ölkəmiz tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edərkən, Azərbaycanda 2002-ci ildə gənclər siyasətinə dair Qanunun qəbul olunduğunu bildirib və həmin Qanunun milli səviyyədə gənclər siyasətinin əsas prinsiplərini, istiqamətlərini və hüquqi-təşkilati bazasını müəyyən etdiyini, habelə müvafiq sahədə yaranan münasibətləri tənzimlədiyini diqqətə çatdırıb. O, habelə bu Qanunun əsas məqsədinin gənclərin fiziki, intellektual və mənəvi inkişafına əsaslanan mühitin yaradılmasını, eləcə də onların sosial və iqtisadi problemlərinin həllini, habelə hüquq və azadlıqlarının təmini və müdafiəsini nəzərdə tutduğunu söyləyib.

Ombudsman, həmçinin son illərdə Azərbaycan gəncliyinin qərar qəbuletmə prosesində iştirakının mühüm yer tutduğunu, ölkəmizdə bu sahədə artıq üçüncü proqram olan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın qəbul edildiyini vurğulayıb. Gənclərin özləri də bu Proqramın implementasiyasında iştirak edir.

Ombudsman Azərbaycan hökuməti tərəfindən ölkə gənclərinin xaricdə təhsili ilə əlaqədar Dövlət Proqramının həyata keçirilməsi nəticəsində bir çox gəncin ölkəmizdən kənarda dünyanın müxtəlif nüfuzlu universitetlərində ali təhsil almağa şans qazandığını da vurğulayıb.

Daha sonra Müvəkkil S. Əliyeva 1996-cı ildə ölkədə keçirilən Gənclərin ilk Forumunun ardından 2 fevral tarixinin məhz Milli Gənclər Günü kimi təsis edildiyini diqqətə çatdırıb. 2019-cu ildə isə ölkəmizdə qanvermə donorluğuna həsr edilmiş 19-cu Bakı Beynəlxalq Gənclər Forumuna ev sahibliyi etdiyini də bildirib.

Gənclərin sosial məsuliyyət hissinin gücləndirilməsi, fərdi inkişafının və potensialının düzgün istifadə edilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda Könüllülər İli elan edildiyi də tədbir iştiakçılarının diqqətinə çatdırılıb. Müvəkkil ali təhsilli gənclərin Ombudsman təsisatında təcrübə keçməsinə şərait yaradıldığını, beləliklə, onların aparatın müxtəlif bölmələrində gündəlik fəaliyyətlə bağlı təcrübi biliklər qazandıqlarını da vurğulayıb.

 

O, habelə hazırda yeni növ koronavirus infeksiyasınin daha da yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə gənclərin və könüllülərin cəmiyyətin sosial adaptasiyasına təkan vermək məqsədilə fəaliyyət göstərdiklərini söyləyib.

Müvəkkil Ombudsman Aparatının müvafiq sahədəki çoxşaxəli fəaliyyətinə də toxunaraq bildirmişdir ki, təsisat hər il 18 iyun- Milli İnsan Hüquqları günü ərəfəsində, 18 may-18 iyun tarixləri çərçivəsində insan hüquqları üzrə aylıq kompaniya təşkil edir və bu kompaniyaya ölkəmizin müxtəlif şəhər və rayonlarında insan hüquqlarına dair tədbirlərin keçirilməsi məqsədilə müxtəlif müvafiq dövlət qurumları, elm-təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, QHT-lər və KİV-lər cəlb edilirlər. Cari ildəki bu kampaniyada onlayn tədbirlər vasitəsilə tələbələrin, qaçqın və məcburi köçkün ailələrindən olan gənclərin, etnik və yerli icmaların gənc nümayəndələrinin iştirakı da təmin edilib. COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə də xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, təsisatımız tərəfindən gənclərin onlayn maarifləndirilməsi işi davam etdirilir.

Ombudsman sülhün, inkişafın və insan hüquqlarının sıx əlaqəli olduğunu vurğulayaraq, inkişafsız sülhün, sülhsüz inkişafın, insan hüquqlarının effektiv təmin olmadan isə bütöv bir inkişafın imkansızlığını bir daha bildirib. Bu konteksdə Səbinə Əliyeva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycan gənclərinin bütün hüquq və azadlıqlarının pozulduğunu, onların qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, Ermənistanın BMT-nin 4 müvafiq Qətnaməsinə məhəl qoymadan Azərbaycan ərazilərini hələ də öz işğalı altında saxladığı üçün yeni doğulan gənc nəslin həmin yerlərə gedə bilmədiklərini və Tovuzda baş vermiş son hərbi təxribatları da xatırladaraq bu konfliktin sülhə və davamlı inkişafa daim böyük bir zərbə olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Müvəkkil dövlətimizin bu kateqoriyadan olan gənclərə dəstəyinə baxmayaraq, həmin qaçqın və məcburi köçkün gənclərin xüsusilə təhlükəsizlik, təhsil və əmək hüquqlarının kobud şəkildə pozulduğunu və bu uzun sürən hərbi münaqişənin həmin hüquqların tam şəkildə təmininə maneələr yaratdığını söyləyib.

Sonda Ombudsman milli insan hüquqları institutlarına və ombudsman təsisatlarına BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsini və müvafiq beynəlxalq sənədləri əldə rəhbər tutaraq, gənclərin inkişafları və öz hüquqlarının effektiv şəkildə təmini sahəsində iştirakına şərait yaratmalarına çağırıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Könüllü şəkildə bazarı tərk etmək istəyən “Rəvan Sığorta” 5 milyon manata yaxın zərər açıqladı

SONRAKI XƏBƏR

Koronavirusa qarşı "möcüzəvi dərman" adıyla satdı-7 nəfər ÖLDÜ-VİDEO