Arzuman Əbdülkərimov: "Rusiyanın bu cür addımı qəbuledilməzdir"

"Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimr Putinlə telefon söhbətində çox mühüm məsələlərə diqqət çəkib. Biz zaman-zaman iki dövlət başçısının görüşlərinin, telefon söhbətlərinin şahidi olmuşuq. Bu söhbətlərdə regional və qlobal miqyaslı məsələlərin müzakirəsi həyata keçirilir".

Bunu Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Əbdülkərimov bildirib.

O, qeyd edib ki, ancaq bu dəfə prezidentlərin müzakirəsində çox həssas bir məsələyə toxunulub. Prezident İlham Əliyev rusiyalı həmkarıyla söhbətdə Ermənistana Rusiya tərəfindən göndərilən 400 ton hərbi yüklə bağlı fikirlərini açıqlayıb. Ermənistanla müharibə şəraitində olduğumuz üçün işğalçıya verilən hərbi yardımın miqdarının, həcminin və s. bizi özəlliklə maraqlandırması təbii haldır. Bu mənada Prezident İlham Əliyevi dəstəkləyirəm, narahatçılıqları bölüşürəm. Hesab edirəm ki, Rusiyanın Ermənistana bu yardımı Azərbaycanla olan əməkdaşlıq ruhuna ziyandır. Azərbaycan Rusiya ilə müttəfiqlik, dostluq içərisindədir. Belə olan halda Rusiyanın bu cür addımı qəbuledilməzdir.

 

Arzuman Əbdülkərimov daha sonra bunları vurğulayıb:


"Bir neçə gün bundan əvvəl Azərbaycan rəsmiləri Serbiya və Gürcüstan rəsmiləri ilə bir araya gələrək Ermənistana hərbi yardımı müzakirə etmişdilər. Hesab edirəm ki, bütün bunlar dövlət başçımızın, Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyətinin nəticəsidir.


Türkiyə-Azərbaycan hərbi təlimlərinin yekunlaşdığı, yüksək səviyyəli türk hərbiçilərinin ölkəmizdə səfərdə olduğu müddətdə telefon söhbətinin mövzusunun belə həssas mövzuya həsr olunması təsadüfi sayıla bilməz. Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətləri ölkəmizin xeyrinədir və bizi daha da gücləndirir. Bu müttəfiqlik çox təbii bir prosesdir və dövlət başçımızın da dediyi kimi heç kimi narahat etməməlidir.


Azərbaycan bu şərtlər daxilində gücləndikcə istər işğalçı Ermənistanla, istərsə də onun havadarları ilə daha sərt üslubda danışması normaldır. Fikrimcə türk birliyi, birlik daxilində münasibətlər möhkəmləndikcə biz Qarabağ probleminin həlli istiqamətində atılan addımlarda real nəticələrin də şahidi ola biləcəyik."

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə təhdid olundu: “Ciddi addımlar atılmalıdır, əks halda…”

SONRAKI XƏBƏR

Rusiya 400 ton silah çatdırdı, ermənilər isə yenə Moskvadan narazıdır - “RUSLARI ERMƏNİSTANDAN QOVACAQLAR...”